Məhkəmə qərarları › İş №3(012)-977/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-977/2025

02.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-977/2025 02.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X3 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Abşeron rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şossesi, 23 ünvanında fəaliyyət göstərən Şəxs MMC tərəfindən təsərrüfat zamanı ətraf mühitə təsirinin uçot hesabatı aparılmamışdır. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 inzibati xəta haqqında protokolu müdafiə edərək müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X6 izahatında göstərdi ki, inzibati xətanın törədilmə faktını qəbul edir. Belə ki, indiyədək bütün sənədlər, ödəmələr vaxtında ödənilmiş, təqdim olunmuşdur. Qeyd edilən hesabatı isə idarədə rəhbərliyin dəyişilməsi ilə bağlı olaraq müvafiq hesabat təqdim olunmamışdır. Qeyd olunanları nəzərə alaraq qəbul ediləcək inzibati tənbeh vermə haqqında qərarın hüquqi şəxs Şəxs MMC-nin barəsində deyil, vəzifəli şəxs barəsində qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokldan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şossesi, 23 ünvanında fəaliyyət göstərən Şəxs MMC tərəfindən təsərrüfat zamanı ətraf mühitə təsirinin uçot hesabatı aparılmamışdır. Şəxs MMC-nin hüquqşünası X4 tərəfindən yazılmış 09 aprel 2025-ci il tarixli izahatından görünür ki, 2024-cü ilin hesabatları idarədə rəhbərliyin dəyişdirilməsi ilə əlaqədar olaraq təqdim edilməmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli 89659 saylı aktından görünür ki, müəssisələr tərəfindən ətraf mühitə atılan, axıdılan, basdırılan tullantıların dəqiq uçot hesabatı aparılmalı, hər ilin sonunda 2 TG-(hava), 2TG- (təhlükəli tullantı) və 2 TG-(su təsərrüfatı) dövlət statistik hesabatları İdarə ilə razılaşdırılmalı, ətraf mühitə atılan tullantılara görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 122 saylı Qərarı ilə təsdiq olunmuş “Ətraf mühitin çirklənməsinə görə ödənişlərin tətbiqi Qaydaları”na və həmin Qərarda dəyişiklik edilməsi barədə NK-nin xx.xx.2022-ci il tarixli 308 saylı Qərarına əsasən Respublika ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər (xarici istifadəçilərdə daxil olmaqla) dövlət, qeyri-dövlət təşkilatları, daimi və müvəqqəti, ilkin və təkrar istifadəçilər tərəfindən ətraf mühitin çirklənməsinə, zərərli maddələrin ətraf mühitə atılmasına (axıdılmasına, yerləşdirilməsinə) görə ödəniş haqqlarını “Ətraf mühitin mühafizəsi üzrə Dövlət Fondu”na ödənilməlidir. Yuxarıda qeyd olunanlarla əlaqədar olaraq, MMC-yə xx.xx.2024-cü il tarixli 3-14-43/2-1053/2024 nömrəli xəbərdarlıq məktubu göndərilsə də bu istiqamətdə heç bir iş görülməmiş və məktuba cavab verilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 239-cu maddəsinə əsasən traf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə- vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 2024-cü ildə aylar üzrə təqdim edilməli olan ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotu və hesabatlar qanunvericiliklə müəyyən edilmiş vaxtda 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqdim edilməmişdir. Müvafiq hesabatların aylar üzrə vaxtında aparılmaması iş materialları və barəsində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatı ilə təsdiq edilmişdir. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsindən görünür ki, ətraf mühitin monitorinqi- təbii və antropogen təsirlər nəticəsində ətraf mühitə yayılan zərərli qaz, maye və bərk haldakı tullantılara kəmiyyət və keyfiyyət cəhətdən nəzarətin elmi əsaslarla həyata keçirilməsidir. 18-ci maddəsindən görünür ki, 1. Hüquqi şəxslər (təbiətdən istifadələr) ətraf mühitin müəssisə (istehsalat) monitorinqini, onların həyata keçirdiyi ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunu və hesabatını aparmağa borcludurlar.

2. Ətraf mühitin müəssisə (istehsalat) monitorinqində istifadə edilən ölçü vasitələri standartlaşdırmanın və metrologiyanın tələblərinə uyğun olmalıdır.

3. Müəssisə (istehsalat) monitorinqinin göstəriciləri barədə hesabat ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına (“Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 4 avqust 1999-cu il tarixli 173 №li Fərmanın 2.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi), onlarla razılaşdırılmış müddətlərdə təqdim edilir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın hallarını, ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmasını və MMC tərəfindən bu tələbin yerinə yetirilməməsini və bunun qanuna əsasən inzibati məsuliyyət hesab edilməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə R A R A A L D İ:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə təqsirli bilinsin və barəsində 8500 (səkkiz min beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə Abşeron Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər.

Hakim: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar