Məhkəmə qərarları › İş №3(012)-978/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-978/2025

03.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-978/2025 03.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X10 Ənvər qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndələri X9 və X3 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 04 aprel 2025-ci il tarixli "İnzibati xəta haqqında” protokol tərtib edilmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs MMC tərəfindən X8 və digər 3 işçinin istehsalatda baş vermiş bədbəxt hadisələr nəticəsində icbari sığortalanmasının təmin edilməsi ilə bağlı DƏMX-nin xx.xx.2025-ci il tarixli 3-17-5/2-11521/2025 nömrəli göstərişinə əməl edilməmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X5 protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndələri X9 və X6 ayrı-ayrılıqda izahatlarında göstərdilər ki, şirkətə DƏMX-nin xx.xx.2025-ci il tarixli göstərişi daxil olmuşdur. X1 və digər 3 işçi qeyd edilmişdir. Lakin digər 3 işçinin adı qeyd edilməmişdir. Həmçinin göstərişdə məsələnin 20 gün müddətə həll edilməsi qeyd edilmişdir. Həmin göstərişdən sonra 25 fevral 2025-ci il tarixində X8 ilə icbari sığorta müqaviləsi bağlanılmışdır. Bağlanılmış müqavilələrin hamısı sistemə yerləşdirilmişdir. Heç bir inzibati xəta törədilməmişdir. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 07 fevral 2025-ci il tarixli, 3-17-5/2-11521/2025 nömrəli "Azərbaycan Respublikası Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunması haqqında” Göstərişdən görünür ki, Şəxs MMC-nin 20 gün müddətində istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmayan işçilərin icbari sığortalanmasının təmin edilməsi qərara alınmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən Şəxs MMC-yə (Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, Güzdək kəndinə ünvanlanmış 11 mart 2025-ci il tarixli məktubdan görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunması haqqında 07 fevral 2025-ci il tarixli, 3-17-5/2-11521/2025 nömrəli göstərişi icra olunması və nəticəsi barədə X7 Xidmətinə məlumat verilməsi üçün göndərilmişdir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi”nə illik qoşmasına xx.xx.2025-ci il tarixli əlavədən görünür ki, X8 ilə icbari sığorta müqaviləsi bağlanmışdır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, Şəxs MMC tərəfindən X8 və digər 3 işçinin istehsalatda baş vermiş bədbəxt hadisələr nəticəsində icbari sığortalanmasının təmin edilməsi ilə bağlı X7 Xidmətinin 07 fevral 2025-ci il tarixli, 3-17-5/2- 11521/2025 nömrəli "Azərbaycan Respublikası Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunması haqqında” Göstərişindən 20 gün keçməmiş, X8 ilə xx.xx.2025-ci il tarixində icbari sığorta müqaviləsi bağlanmışdır. Həmçinin həmin göstərişdə digər 3 işçinin adı, soyadı qeyd edilməmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən Şəxs MMC-nin barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. "Ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, "əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, "əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol tərtib etmiş orqan işin hallarına düzgün qiymət verməmiş, iş üzrə zəruri əhəmiyyət kəsb edən halları araşdırmadan inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1 -ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1 -ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1 -ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1- ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 04 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar