Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-979/2025 21.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən Abşeron rayon Məhkəməsinin hakim Qasımov Abusət Sahib oğlu Şəxs ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən daxil olmuş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri baxılmağa hazırlanması zamanı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Abşeron rayon Məhkəməsinin icraatına Şəxs ASC barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən tərtib edilmiş 09 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. İnzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edirəm ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən Şəxs ASC barəsində tərtib edilmiş 09 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1 maddəsi əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə məsuliyyəti müəyyən edir. Məhkəmə əvvəla qeyd edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərə Şəxs ASC-yə ünvanlanmış X1 və digər 384 işçinin istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində icbari sığortalanmasının təmin edilməsi ilə bağlı DƏMX-nin xx.xx.2025-ci il tarixli, 3-17-5/2-10844/2025 nömrəli göstərişin icra edilməməsi halı aşkar olunmuşdur. Bununla da Şəxs ASC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlərdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ASC tərəfindən törədilməsi ehtimal edilən inzibati xətanın törədilməsini təsdiq edən zəruri sənədlər əlavə olunmamışdır. Belə olan halda isə Şəxs ASC barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi və ya onun barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməli olması məsələsi barədə müvafiq qənaətə gəlmək mümkün olmamışdır. Bundan başqa inzibati xəta haqqında protokol tərtib olunarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı təmin edilərək ona hüquq və vəzifələri izah edilməmiş, bu barədə protokolda heç bir qeyd aparılmamış və nümayəndənin izahatı göstərilməmişdir. Halbuki, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən bir qayda olaraq hər bir şəxsə onun barəsində aparılan icraatla bağlı hüquq və vəzifələri dərhal izah edilməli, eləcə də onun hüquq və vəzifələrinin aydın olması barədə protokolda müvafiq qeyd aparılmalıdır. Həmçinin, inzibati xəta haqqında protokolun surəti barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş hüquqi şəxs Şəxs Şəxs ASC-yə göndərilməmiş və ya protokolun surətinin ASC-yə göndərilməsini təsdiq edən sübut iş materiallarına əlavə edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. 109.1.6-cı maddəsinə əsasən protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokollar və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 3 may 2019-cu il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, protokolda xüsusi əhəmiyyət kəsb etməyən səhvlər olduqda və işə baxılarkən onları tamamlamaq mümkün olduqda məhkəmə protokolu geri qaytarmamalıdır. Bu zaman məhkəmə protokolu və ya digər sənədləri tərtib etmiş orqandan, vəzifəli şəxsdən bunu düzəltməsini tələb edə bilər. Bu, İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərindən də irəli gəlir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunvericinin məsələyə belə yanaşması məhz “prosessual qənaət” prinsipinin qorunmasına, inzibati xəta haqqında işin əsassız olaraq uzanmamasına, işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırılmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur. Göstərilənlərə əsasən, məhkəmə qeyd edilən çatışmazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün olmadığı qənaətindədir. Beləliklə, işin təsvir edilmiş hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs ASC barəsində tərtib olunan inzibati xəta haqqında protokolun qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən iş materialları ilə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 106, 109 və 110.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilmiş nöqsanlar tam aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Qeyd olunan qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-979/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-979/2025
21.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver