Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-980/2025 27.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 491.1 və 491.3-cü maddələri ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1 və 491.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, 00100-00238/25/1 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olmuş raporta əsasən, Şəxs MMC-nin (VÖEN: **********) tərəfindən idxal olunmuş malların daşındığı ** JH ***/ ** YD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixdə Xaçmaz Gömrük İdarəsinin "xxxx" Gömrük Postundan keçməklə MMC-nin ünvan 1 ünvanında yerləşən anbarına baxış keçirilmişdir. Baxış zamanı ** JH ***/ ** YD *** dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin anbar ərazisində olmadığı, həmin avtomobildə daşınaraq **********5417 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yüklərin də gömrük qanunvericiliyinin tələbləri pozularaq, gömrük-rəsmiləşdirmə müddəti bitmədən boşaldıldığı və avtomobilin Xocasən ərazisində olması aşkar edilmişdir. Buna görə də, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 491.1 və 491.3-cü maddələri ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə və protokol tərtib etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və protokol tərtib etmiş qurumun nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 491.1 və 491.3-cü maddələrində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli raport, xx.xx.2025-ci il tarixli protokol, gömrük bəyannaməsi və digər sənədlərlə inzibati xəta hadisəsinin törədilməsi öz təsdiqini tapmışdır. Bununla yanaşı inzibati icraat zamanı hüquqi şəxsin nümayəndəsinin izahatında inzibati xətanın törədildiyi etiraf olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında 27 avqust 2013cü il tarixli, 229 nömrəli qərarına əsasən mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək, digər gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya gömrük anbarında yerləşdirilməlidir. Məhkəmədə tədqiq edilmiş inzibati xəta haqqında protokoldan və işin hallarından müəyyən edilmişdir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən eyni vaxtda iki inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də, başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə hesab edir ki, Şəxs MMC barəsində İXM-nin 491.1 və 491.3-cü maddələri ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Lakin barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs tənbeh olunarkən barəsində İXM-nin 34.3-cü maddəsinin tələblərinə əsasən inzibati tənbeh tətbiq ediləcəkdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 491.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 491.1-ci maddəsinə əsasən Bu Məcəllənin 491.2ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən Azərbaycan Respublikasının İXM- nin 32 və 33cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 491.1 və 491.3-cü maddələri ilə təqsirli bilinməli və onun barəsində İXM-nin 491.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 4851, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1 və 491.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 491.1-ci maddəsi ilə inzibati xətanın bilavasitə obyekti olmuş 21096.48 ABŞ dolları vəsaiti məbləğinin 35 (otuz beş) faizi miqdarında (qərarın icra edildiyi gün Mərkəzi Bank tərəfindən müəyyən edilmiş manata olan məzənnəyə uyğun olaraq) inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-980/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-980/2025
27.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver