Məhkəmə qərarları › İş №3(012)-984/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-984/2025

18.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-984/2025 18.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Həsənov Vaqif İskəndər oğlunun sədrliyi Məhkəmə iclasının katibi:Ağazadə Yunis Şükür oğlunun katibliyi ilə Prortokol tərtib etmiş: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Tələbkar: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs Müdafiəçi: X4 iştirakları ilə xx xxxxx 1981-cı il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş 18 aprel 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimov protokolu müdafiə edərək bildirmişdir ki, Abşeron rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2(012)- 2097/2023 nömrəli icra vərəqəsinə əsasən iddia qismən təmin edilmiş, 27 oktyabr 2012-ci il tarixdə anadan olmuş X2 və 14 aprel 2014-cü il tarixdə anadan olmuş X5 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Şəxs hər ay hər bir uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs xeyrinə verilməsi, hazırki miqdarda alimentin tutulmasının əvvəlinin 06 mart 2023-cü il tarixdən hesablanması, qətnamənin aliment hissəsində dərhal icra edilməsini, bu qətnamə qanuni qüvvəyə mindiyi gündən “müvəqqəti alimentin tutulması” barədə Abşeron Rayon.Məhkəməsinin 16(012)-212/2023 saylı, 19 iyun 2022-ci il tarixli qərardadının ləğv edilməsini, Abşeron Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli qərardadı ilə 27 oktyabr 2012-ci il təvəllüdlü X2 və 14 aprel 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 16 iyun 2023-cü il tarixdən cavabdeh Şəxs hər ay hər bir uşağa görə 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat müvəqqəti aliment alınaraq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə verilməsi qət edilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş müvafiq icra vərəqəsi ilə bağlı 14 dekabr 2023-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir. Bundan sonra borclu çoxsaylı xəbərdarlıqlarına baxmayaraq icraya gəlməkdən boyun qaçırdığından Abşeron rayon Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, 8(012)-532/2024 saylı qərarı ilə icra məmurunun təqdimatı təmin edilərək, İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi müəyyən edilmiş, Abşeron rayon Məhkəməsinin 2(012)-2097/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək üçün borclu Şəxs ölkədən getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılmışdır. İcra sənədi üzrə Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından 17 fevral 2025-ci il tarixdə barəsində axtarış elan edilmişdir. Borclu icra sənədi üzrə öhdəliyi barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyinin icrasından qərəzli şəkildə yayınmış, barəsində həyata keçirilmiş məcburi icra tədbirləri nəticə verməmişdir. Hazırda ödənilməmiş 9040 manat aliment borcu mövcuddur. Bu səbəbdən borclu barəsində protokol tərtib edilərək, məhkəməyə təqdim olunmuşdur. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs izahat verərək, bildirdi ki, Abşeron rayon Məhkəməsinin 2(012)-2097/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqi üzrə borclu Şəxs tərəfindən borcun tam ödənilməsini, əks halda barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında iştirak edərək, tərtib edilmiş protokolla bağlı özünü qismən təqsirli bilir. Belə ki, onun hazırki vaxtadək ödəniş etməməsinin səbəbi maddi imkansızlığı və işsizliyi ilə əlaqədar olmuşdur. Hazırda isə ödənişlər etməməsi qərəzli xarakter daşımır. Hazırda borcundan ödəniş edə bilmir. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. X8 məhkəmə iclasında çıxış edərək, hüquqlarını müdafiə etdiyi Şəxs barəsində tərtib olunmuş inzibati protokol üzrə yüngül cəza təyin edilməsini xahiş etdi. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi:

1. Abşeron rayon Məhkəməsinin 2(012)-2097/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən iddia qismən təmin edilmiş, 27 oktyabr 2012-ci il tarixdə anadan olmuş X2 və 14 aprel 2014-cü il tarixdə anadan olmuş X5 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Şəxs hər ay hər bir uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs xeyrinə verilməsi, hazırki miqdarda alimentin tutulmasının əvvəlinin 06 mart 2023-cü il tarixdən hesablanması, qətnamənin aliment hissəsində dərhal icra edilməsini, bu qətnamə qanuni qüvvəyə mindiyi gündən “müvəqqəti alimentin tutulması” barədə Abşeron Rayon.Məhkəməsinin 16(012)-212/2023 saylı, 19 iyun 2022-ci il tarixli qərardadının ləğv edilməsini, Abşeron Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli qərardadı ilə 27 oktyabr 2012-ci il təvəllüdlü X2 və 14 aprel 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 16 iyun 2023-cü il tarixdən cavabdeh Şəxs hər ay hər bir uşağa görə 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat müvəqqəti aliment alınaraq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə verilməsi qət edilmişdir;

2. Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş 2(012)-2097/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsi ilə bağlı 14 dekabr 2023-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir

3. Abşeron rayon Məhkəməsinin 2(012)-2097/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından 17 fevral 2025-ci il tarixdə barəsində axtarış elan edilmişdir.

Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını icra işi ilə birlikdə tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən yerinə yetirməyərək, icrasını təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Borclu icra sənədləri ilə üzərinə qoyulmuş öhdəliyini tam icra etməmiş, icra məmuru tərəfindən müəyyən olunmuş əlavə müddətdə icra sənədinin icrasının təmin edilməsinə təşəbbüs göstərməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra məmurunun çağırışlarına gəlməkdən yayınmışdır. Bununla əlaqədar barəsidə axtarış verilmiş, axtarış nəticəsində gətirilməsi təmin olnmuşdur. Beləliklə məhkəmə borclu tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, icra sənədi barədə məlumatı olsa da, icra hərəkətləri ilə bağlı laqeydlik nümayiş etdirərək hazırki vaxtadək ümumiyyətlə ödəniş etməməsini, tələbin icrasından qərəzli yayınma kimi qiymətləndirərək, Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğluna 3 (üç) iş saatı hüquqi yardım göstərdiyinə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili X6 müvafiq hesablaşma hesabı üzərindən 18 (on səkkiz) manat mnat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİ:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 15 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs etmənin əvvəli 18 aprel 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin İnzibati həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 (üç) iş saatı hüquqi yardım göstərdiyinə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili X6 müvafiq hesablaşma hesabı üzərindən 18 (on səkkiz) manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar