Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-989/2021 22.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-ın sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil və Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 3 azyaşlı uşağı olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan (***-***-**-**) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Abşeron rayon Polis İdarəsindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış materiallar daxil olmuşdur. İnzibati xəta haqqında protokollardan və toplanmış materiallardan görünür ki, 22.06.2021-ci il tarixli protokola əsasən Şəxs 03.02.2021-ci il tarixdə Abşeron rayonu, Masazır kəndi, R.Rza küçəsində kanalizasiya xətti çəkməsi üçün Zərərçəkmiş şəxs 200 manat məbləğində pul alaraq ona maddi ziyan vurmuşdur. İnzibati xəta haqqında protokolları tərtib etmiş Abşeron RPİ-nin İTŞ-ın sahə rəisi X4 izahatında göstərdi ki, Şəxs yuxarıda göstərilən oğurluq əməlini etmişdir. Onun barəsində cinayət işinin başlanılması rədd edildikdən sonra qanuna uyğun şəkildə inzibati qaydada tədbir görülməsi üçün materiallar aidiyyəti üzrə göndərilmişdir. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq barəsində icraat aparılan şəxsin məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, “xxxx” ASC-də sürücü vəzifəsində işləyir, 2021-ci ilin yanvar ayında Masazır qəsəbəsində adını bilmədiyi küçədə yaşayan sakinlər yaşadıqları küçəyə kanalizasiya xətti çəkmək istədiklərini bildirdikdə o, Xanlar adlı şəxs ilə görüşmüş, icazə alındıqdan sonra onların küçəsinə kanalizasiya xətti çəkə biləcəyini demiş, həmin vaxt Xanların yaşadığı fərdi yaşayış evinə kanalizasiya xətti çəkməyi üçün 200 manat lazım olduğunu demiş, Xanlar onunla razılaşmış və ona 200 manat pul verə biləcəyini bildirmişdir. 03.02.2021-ci il tarixdə saat təxminən 17:00 radələrində Xanlar ilə Masazır qəsəbəsi, R.Rza küçəsində yerləşən fərdi yaşayış evinin qarşısında görüşmüş, onun yaşadığı evə kanalizasiya xətti çəkməyi üçün 200 manat pul alıb özünəməxsus şəxsiyyət vəsiqəsinin surətinə kanalizasiya xətti çəkməyi üçün 200 manat almağını qeyd edib imzalayaraq ona təqdim etmiş, 03.02.2021-ci il tarixdə Masazır qəsəbəsi, R.Rza küçəsinə kanalizasiya xətti çəkilməsi üçün “xxxx” ASC-yə rəsmi olaraq müraciət etmiş, 20-25 gündən sonra müraciətə cavab gəlmiş və məktubla qeyd olunan ünvana kanalizasiya xətti çəkilməsinin mümkün olmamasına dair rədd cavabı verilmişdir. Zərərçəkmiş şəxs aldığı 200 manat pulu xərclədiyi üçün qaytara bilməmişdir. Sonda o, tutuduğu əməldən səmimi peşman olmasını və himayəsində üç azyaşlı uşağının olmasını əsas gətirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs 2021-ci ilin yanvar ayında yaşadığı Masazır qəsəbəsi, R.Rza küçəsində yerləşən küçəyə ümumilikdə kanalizasiya xəti çəkə biləcəyini demiş, buna görə də o, 03.02.2021-ci il tarixdə yaşadığı fərdi yaşayış evinin küçəsində Şəxsla görüşmüş və ona kanalizasiya xətti çəkilməsi üçün 200 (iki yüz) manat məbləğində pul vermiş, bu zaman Şəxs şəxsiyyət vəsiqəsinin üzərinə 200 (iki yüz) manat məbləğində pul alması barədə qeyd edərək imzalamış, daha sonra o, Elçinin istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsinə zəng etməsinə baxmayaraq cavab verməmiş, o, aldadıldığını başa düşmüş və Abşeron RPİ-yə müraciət etmişdir. Şəxs ondan başqa beş-altı qonşunun hər birində eyni məbləğdə pul aldığığını eşitmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin himayəsində üç azyaşlı uşağının olmasını bildirərək ona inzibati həbs növündə tənbeh tədbirinin tətbiq olunmamasını xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə məsuliyyət müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə görə bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarında olan doğum haqqında doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində üç azyaşlı - 02.08.2014-cü il təvəllüdlü X5, 26.09.2015-ci il təvəllüdlü X3 və 19.04.2018-ci il təvəllüdlü X7 adlı uşaqları var. Məhkəmə Şəxs tutuğu əməli səmimi etiraf etməsini və himayəsində üç azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini, nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilməli, İnzibati Xətalar Məcəlləsinin 28.3-1 maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalı və bu zaman həmin Məcəllənin 31.4-cü maddəsinin tələbləri nəzərə alınmalıdır. Zərərçəkmiş şəxs dəymiş və ödənilməmiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinsin və ona 160 (yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Abşeron Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Zərərçəkmiş şəxs dəymiş və ödənilməmiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-989/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-989/2021
22.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver