Məhkəmə qərarları › İş №3(012)-989/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-989/2025

12.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-989/2025 12.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakimi Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğunun katibliyi ilə, X1 iştirakı ilə, X3 tərəfindən Azərbaycan Respublikası Ekologiya Yol Patrul Xidməti tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 tərəfindən Azərbaycan Respublikası Ekologiya Yol Patrul Xidməti tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizə və şikayət xx.xx.2025-ci il tarixdə Abşeron rayon Məhkəməsinə daxil olmuşdur. Şikayətdə qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Ekologiya Yol Patrul Xidmətinin inspektoru tərəfindən ona məxsus “VAZ 2106” markalı, 35BD606 dövlət qeydiyyatn nömrəli avtomobil saxlanılmış, ona COP-29-la əlaqədar pul yığıldığı və onun da bu səbəbdən pul verməli olduğu bildirilmişdir. O, heç bir beynəlxalq tədbirlə bağlı ödəniş etmək məcburiyyətində olmadığını dedikdə, polis əməkdaşı avtomobili tüstüsünün yoxlanılması üçün aparatdan keçirilməli olduğunu demişdir. Avtomobilin tüstüsünü aparatla yoxladıqdan sonra ona cərimə yazacağını qeyd etdi. Ona heç bir çek təqdim etmədən hansı əsasla cərimə yazacağını soruşduqda isə çekin olmadığını, özünün şəklini çəkdiyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsini əsas tutaraq barəsində inzibati tənbeh tədbiri kimi 50 manat məbləğində cərimə tətbiq edilmişdir. Lakin bu inzibati tənbeh heç bir inzibati xəta hadisəsi olmadan tətbiq olunmuş və əsassızdır. İnzibati tənbeh vermə haqqında qərar elektron kabinetə yerləşdirildikdən sonra (İXP 6649468) elektron qaydada şikayətini bildirərək inzibati tənbeh tədbirinin əsassız olması səbəbindən ləğv edilməsini xahiş etmişdir. Lakin onun şikayətinə heç bir cavab verilməmişdir. 3 ay müddətinə cərimə ödənilmədiyi üçün İXM-nin 529.3-cü maddəsinə əsasən barəsində məcburi icra tədbirlərinin tətbiq olunması barədə bildiriş almışdır. Qeyd olunanların nəzərə alınaraq, Azərbaycan Respublikası Ekologiya Yol Patrul Xidmətinin inspektoru tərəfindən barəsində əsassız qəbul edilən inzibati tənbeh tətbiq etmə haqqında qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X3 izahatında bildirdi ki, TP ******* nömrəli, xx.xx.2024cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün müəyyən edilmiş müddəti üzürlü səbəbdən ötürmüşdür. Belə ki, qərarın təqdim edilməsindən sonra ilk növbədə Azərbaycan Respublikası DİN-nə elektron qaydada şikayət etmiş, daha sonra yazılı formada da müraciət ünvanlamışdır. Hər iki halda qanunvericiliklə müəyyən edilmiş müddər ərzinsə ona cavab verilməmişdir. Bu isə onun şikayət hüququnfdan istifadə etmək imkanını məhdudlaşdırmış və nəticədə şikayət vermə müddətinin ötürülməsinə səbəb olmuşdur. Odur ki, barəsində Azərbaycan Respublikası Ekologiya Yol Patrul Xidməti tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan prosessual müddətin ötürülməsi səbəbini üzrlü hesab edilməsi və müddətin bərpa edilməsini xahiş etdi. İş materiallarına X3 tərəfindən Azərbaycan Respublikası Ekologiya Yol Patrul Xidməti tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın hansı tarixdə götürülməsini təsdiq edən rəsmi sənəd əlavə edilməmişdir, lakin şikayətin məzmunundan və onun izahatından görünür ki, sözügedən qərardan məlumatlı olmuşdur. Bu isə onun qeyd edilən qərarı əldə etdiyini qeyd etməsi ilə təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin: 126.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 130.2-ci maddəsinə əsasən Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3-cü maddəsinə əsasın buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X3 tərəfindən onun barəsində Azərbaycan Respublikası Ekologiya Yol Patrul Xidməti tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizəsi əsassız olduğundan rədd olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 130-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 tərəfindən Azərbaycan Respublikası Ekologiya Yol Patrul Xidməti tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizəsi rədd olunsun. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar