Məhkəmə qərarları › İş №3(012)-993/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-993/2024

14.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-993/2024 14.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Qasımov Abusət Sahib oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən icra məmuru: Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X6, Tələbkar: X3 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Abşeron rayonu, Masazır kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X9 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Hacı Hacızadə protokolu müdafiə edərək bildirmişdir ki, Abşeron rayon məhkəməsinin 2(012)-438/2014 saylı, xx.xx.2020-cü il tarixli icra sənədinə əsasən iddia təmin edilmiş, 26 mart 2012-ci il tarixdə anadan olmuş X4 və 14 dekabr 2013-cü il tarixdə anadan olmuş X7 anası X3 yanında qalması məyyən edilmiş, 26 mart 2012-ci il tarixdə anadan olmuş X4 və 14 dekabr 2013-cü il tarixdə anadan olmuş X1 üçün X3 xeyrinə hər ay sabit pul məbləğində 160 manat olmaqla, cəmi 320 manat miqdarında aliment tutulması qət edilmişdir. Borclu tərəfimizdən icra şöbəsinə dəvət olunaraq, könüllü icra barədə qərar ona təqdim edilmişdir. Borclu aliment borcundan ödənişlər etsə də bunlar hissəvi şəkildə tələbkara verilmişdir. Bundan sonra borclu barəsində icra tədbirləri görülmüşdür. Qeyd olunan icra sənədi üzrə aliment borcu hazırda 10120 manat təşkil edir. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında iştirak edərək, tərtib edilmiş protokolla bağlı özünü qismən təqsirli bilir. Belə ki, o, tələbkara olan borcunu ödəməkdən imtina etmir, lakin uzun müddət işləmədiyi və azadlıqdan məhrumetmə cəzası çəkdiyi üçün sonuncuya olan borcundan ödənişlər edə bilməmişdir. Ona vaxt verilərsə 10 gün ərzində 400-450 manat ödəniş edə bilər. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsi qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə tələbkar Elnarə Əliyeva izahat verərək bildirdi ki, borclu tərəfindən ilk vaxtlar müəyyən məbləğdə aliment ödənişləri olunsa da uzun müddətdir yaranmış aliment borcundan ödəniş edilməmişdir.Əlavə olaraq bildirdi ki, borclu barəsində əvvəllər iki dəfə inzibati qaydada həbs verilsə də o bundan nəticə çıxarmamış ödəniş etməkdən yayınmışdır. İcra sənədi üzrə yaranmış borcunu tam şəkildə ödənilməsini tələb etdiyini, əks halda Şəxs barəsində inzibati tənbeh tədbiri tədbiq edilməsini xahiş etdi. X8 məhkəmə iclasında çıxış edərək, hüquqlarını müdafiə etdiyi Şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: Abşeron rayon məhkəməsinin 2(012)-438/2014 saylı, xx.xx.2020-cü il tarixli icra sənədinə əsasən iddia təmin edilmiş, 26 mart 2012-ci il tarixdə anadan olmuş X4 və 14 dekabr 2013-cü il tarixdə anadan olmuş X7 anası X3 yanında qalması məyyən edilmiş, 26 mart 2012-ci il tarixdə anadan olmuş X4 və 14 dekabr 2013-cü il tarixdə anadan olmuş X1 üçün X3 xeyrinə hər ay sabit pul məbləğində 160 manat olmaqla, cəmi 320 manat miqdarında aliment tutulması qərara alınmışdır. İcra sənədi üzrə icraata xx.xx.2020-cü il tarixdə başlanılmış və həmin tarixdə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmış, icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün xəbardarlıq edilmişdir. Abşeron rayon Məhkəməsinin 3(012)-2010/2022 saylı, xx.xx.2022-cü il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını icra işi ilə birlikdə tədqiq edib, o nəticəyə gəlir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında verilmiş icra sənədini üzrsüz səbəbdən icra etməyən Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, yaranmış 10120 manat borcunu üzrsüz olaraq ödəməmişdir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını icra işi ilə birlikdə tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən yerinə yetirməyərək, icrasını təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs inzibati xətanın törədilməsi zamanı məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə borclu tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən icra sənədi üzrə uzun müddət ərzində borc miqdarından ödənişlərin olmamasını, icra sənədi barədə məlumatı olsa da, icra hərəkətləri ilə bağlı laqeydlik göstərməsini, müəyyən müddətdə icra məmurunun çağırışlarına gəlməkdən yayınmasını nəzərə alaraq, Şəxs barəsində İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbeh tədbiri tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Barəsində inzibati icraat aparılan Şəxs məhkəmə iclasında 4 saat dövlət hesabına olmaqla hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X5 cəmi 24 manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən saat 17:40-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Yerinə həvalə edilsin. Barəsində inzibati icraat aparılan Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar