Məhkəmə qərarları › İş №3(012)-996/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-996/2022

19.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-996/2022 19.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 329.3, 333.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron rayon Pİ-in DYPŞ-nin xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi verərək, Abşeron rayon Pİ-in DYPŞ-in xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 12 iyun 2022-ci il tarixdə saat 00:40 radələrində “Toyota Camry minik” markalı **-TK-*** qeydiyyat nömrəli avtomaşınla Novxanı yolu istiqamətində hərəkətdə olarkən Abşeron Rayonu DYP-nin əməkdaşları tərəfindən qanunsuz olaraq saxlanılmış, saxta alkoqol adıyla mülkiyyətində olan maşın əlindən alınaraq cərimə meydançasına yerləşdirilmişdir. O, içkili olmadığını həmin əməkdaşlara dəfələrlə demiş, alkoqoldan yoxlama məntəqəsinə getmələrini təklif etmiş, lakin DYP əməkdaşları maşını cərimə meydançasına yerləşdirdikdən sonra ərazini tərk etmişlər. Bundan sonra məcbur olub DİN-nin 102 qaynar xəttinə şikayət etmiş və eyni zamanda da tibbi müayinədən keçərək sərxoş olmaması barədə xx.xx.2022-ci il tarixdə saal 02:00-da 2 13496 nömrəli akt əldə etmişdir. xx.xx.2022-ci il tarixdə 15:00 radələrində Abşeron Rayonu DYPŞ-nin 7-ci otağında olmuş, tibbi müayinə aktını təqdim etmiş və maşını cərimə meydançasından buraxılması barədə arayış alıb dərhal da maşını cərimə meydançasından götürmüşdür. Aradan iki saat keçmiş, yəni saat 17:10-da mobil telefonuma mesaj gəlmiş və həmin mesajda qeyd olunmuşdur ki, AR İXM-nin 329.3 və 333.1 -ci maddələri ilə haqqımda xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli protokol tərtib olunmuşdur. Yəni, Abşeron DYP Yol patrul xidməti inspektoru polis serjantı X8 tərəfindən barəmdə İXP ******* saylı protokol tərtib olunmuş və mənim Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1 -ci maddələri ilə törətmiş olduğum xətaya görə məsuliyyət qeyd edilmişdir. Bu protokol tərtib olunarkən xəbəri olmamış və buna görə də protokola etirazını qeyd edə bilməmişdir. Bundan sonra, Abşeron DYP polis kapitanı X6 13 iyun 2022-ci il tarixdə heç bir qanuni istinad göstərmədən, öz versiyasını sübuta yetirmədən barəsində İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1 -ci maddələri ilə, 400 manat məbləğində cərimə edilməyimlə bağlı TP ******* saylı qərar çıxartmışdır. Halbuki, o, sərxoş olmadığına görə cərimənin tətbiq edilməsi də düzgün deyildir. Hadisə baş verən gecə dyp əməkdaşı tərəfindən bu maddənin təsiri barəsində ümumiyyətlə irad bildirilməyib və bu barədə aralarında heç bir söhbət olmayıb. Yalnız ona sərxoş olduğunu bildiriblər və avtomaşını cərimə meydançasına yerləşdiriblər. Bir müddət onu gözlədib sonra da cərimə meydançasını tərk ediblər. Abşeron rayon Pİ-in DYPŞ-in xx.xx.2022-ci il tarixli, TP ******* №-li qərarı ilə razı deyil, qəbul edilmiş qərarın özü İXM-in tələblərinə cavab vermir. Ona görə də şikayətin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş X4 şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Abşeron rayon Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Qərarından şikayət verilən orqana - Abşeron rayon Polis İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada dəfələrlə məlumat verilmiş, lakin həmin orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 112.1.4-cü maddəsinə əsasən işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şikayətə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Abşeron rayon Pİ-in DYPŞ-in xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X4 xx.xx.2022-ci il tarixdə saat 00:59-də “TOYOTA CAMRY” minik markalı ** TK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş halda və işıq cihazlarından istifadə qaydalarını pozaraq idarə etdiyi üçün barəsində İXM-in 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi xx.xx.2022-ci il tarixli, 2/13496 nömrəli protokoldan görünür ki, X4 xx.xx.2022-ci il tarixdə saat 02:00-də müayinə olunarkən ayıq vəziyyətdə olmuşdur. Məhkəmə proses iştirakçısını dinləyib, inzibati xəta haqqında protokolu və həmin protokol əsasında qəbul edilmiş qərarı nəzərdən keçirib və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli və X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3, 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, «X7» Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən «Azərbaycan Respublikasının səhiyyə müəssisələri yol-nəqliyyat hadisələri nəticəsində zərər çəkənlərə yardım göstərilməsini təmin edir, nəqliyyat vasitəsini idarə edən şəxslərin alkoqoldan, narkotik vasitələr, psixotrop maddələrdən və güclü təsir göstərən digər maddələrdən istifadə nəticəsində sərxoş vəziyyətdə olub-olmadıqlarını müəyyən edir, onların uçotunu aparır, nəqliyyat vasitələrini idarə etməyə yararlılıq haqqında arayış verirlər». Həmin Qanunun 83-cü maddəsinə görə, «müəyyən edilmiş hərəkət sürəti həddini aşmaq, texniki cəhətdən nasaz nəqliyyat vasitələrinin istismarı faktını və nəqliyyat vasitələrinin alkoqol və ya güclü təsir göstərən digər maddələrin istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi halları müəyyənləşdirmək üzrə nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşları yalnız xüsusi cihazlar vasitəsi ilə həyata keçirirlər. (narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinə dövlət narkoloji-tibb müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir). Belə halları müəyyənləşdirmək üçün başqa üsullardan istifadə edilməsi yolverilməzdir». Azərbaycan Respublikası Nazirlər Kabinetinin 209 saylı xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”-nın 2.5-ci bəndinə “şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polis əməkdaşları tərəfindən protokol tərtib edilir”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən, işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə- otuz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, sözügedən inzibati xəta haqqında protokolun X4 barəsində başlanılmasının səbəbi xx.xx.2022-ci il tarixdə saat 00:59-də “TOYOTA CAMRY” minik markalı ** TK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş halda və işıq cihazlarından istifadə qaydalarını pozaraq idarə etməsi ilə bağlı olmuşdur. Halbu ki, məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda sürücü X4 tərəfindən törədilməsi iddia edilən İXM-in 329.3 və 333.1-ci maddələrinin dispozitiv şərtləri ümumi olaraq göstərilmiş, lakin sürücünün xüsusi cihazlar vasitəsi sərxoşluq vəziyyətində olub-olmasının müəyyən edilməsi barədə müayinə protokolu tərtib edilməmiş, sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı olubolmaması barədə protokolda qeydlər aparılmamış, eyni zamanda hansı nasazlığın aşkar edilməsi qeyd edilməmiş və aşkar edilmiş nasazlığın aradan qaldırılmasının mümkünsüzlüyü ümumiyyətlə əsaslandırılmamışdır. Lakin buna baxmayaraq Azərbaycan Respublikası DİN-nin Abşeron rayon Pİ-in DYPŞ-si yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmadan, heç bir tutarlı sübuta əsaslanmadan xx.xx.2022-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarını qəbul etmişdir. Məhkəmə araşdırması zamanı isə əksinə X3 xx.xx.2022-ci il tarixdə ayıq vəziyyətdə olması müvafiq sərxoşluq vəziyyətinin tibbi müayinəsi protokolu ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Abşeron rayon Pİ-in DYPŞ-si yalnız öz subyektiv mülahizələrinə əsasən X3 barəsində inzibati xəta haqqında protokol tərtib etmiş və həmin protokol əsasında inzibati tənbeh etmə qərarı qəbul etmişdir. Mülahizələr isə inzibati xətalara baxılarkən sübut kimi qəbul oluna bilmir. Bununla da barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aparılan inzibati araşdırma zamanı protokolda qeyd edilən inzibati xəta araşdırılmamış, məhkəmə baxışında ziddiyyətli vəziyyət yaranmışdır. Belə olan halda əməldə inzibati xəta tərkibinin olması ziddiyyətli vəziyyət yaranması səbəbindən başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsində isə təsbit edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 69.2-ci maddəsinə əsasən şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. 96.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. 96.5-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanır. Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Sürücünün izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti sürücüyə təqdim edilir. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edilir. 53.0.2-ci maddəsində göstərilir ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X3 əməlində inzibati xəta tərkibi olmadığından şikayət təmin olunaraq, mübahisələndirilən qərar ləğv edilməli və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə. QƏRARA ALDİ: Şikayət təmin olunsun. X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3, 333.1-ci maddələri ilə inzibati tənbeh tədbiri tətbiq edilməsi haqqında Abşeron rayon Pİ-in DYPŞ-in xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilsin və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar