Məhkəmə qərarları › İş №3(013)-100/2024

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-100/2024

12.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-100/2024 12.12.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 iştirakı ilə, xx.xx.1948-ci ildə Ağdam Rayonunun İlxıçı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, İlxıçı kəndində qeydiyyatda olan, Ağdam Rayonu Dördyol-2 Qəsəbəsi ev 34-də məskulaşmış, X2 - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bərdə Regional Ərazi Şöbəsinin xx.xx.2024-cü il tarixli, ******* saylı Qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bərdə Regional Ərazi Şöbəsinin xx.xx.2024-cü il tarixli, ******* saylı Qərarı ilə Araz Səlimov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib 3000 manat məbləğində cərimə edilmişdir. Barəsində icraat aparılan Araz Səlimov məhkəməyə həmin qərardan şikayət ünvanlamış və qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi xahiş etmişdir. Bundan əvvəl işə baxmış Ağdam Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli Qərarı ilə /hakim M.Niftəliyev/ şikayət təmin edilməmiş, A.Səlimovun həmin qərardan verdiyi apellyasiya şikayəti əsasında şikayətə yenidən baxan Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsi 13 may 2024-cü il tarixli Qərarı ilə Ağdam Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli sözügedən Qərarını ləğv edilmiş, iş yenidən baxılması üçün Ağdam Rayon Məhkəməsinə qaytarılmışdır. Ağdam Rayon Məhkəməsi işə yenidən baxaraq 01 iyul 2024-cü il tarixli Qərarla /hakim R.Məmmədov/ A.Səlimovun şikayəti qismən təmin edilmiş, A.Səlimov fiziki şəxs kimi 1000 manat cərimə edilmişdir. Həmin Qərardan X4 Xidməti Bərdə Regional Ərazi Şöbəsi apellyasiya şikayəti etmiş, şikayətə baxan Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsi 14 oktyabr 2024-cü il tarixli Qərarı ilə Ağdam Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli sözügedən Qərarını ləğv edilmiş, iş yenidən baxılması üçün Ağdam Rayon Məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasında Araz Səlimov göstərdi ki, rayonun Dördyol-1 Qəsəbəsində özünə məxsus 1 baş inək və 16 baş bordaq dana saxlayır. X3 özünə məxsus 2 baş inəyini də onun heyvanları ilə birlikdə saxlamışdır. Məhəmməd ona və özünə məxsus heyvanları saxlamış, buna görə Məhəmmədə hər ay əmək haqqı vermişdir. Məhəmmədlə aralarında əmək müqaviləsi bağlamışdır, lakin müqaviləni qanunla nəzərdə tutulan qaydada dövlət qeydyyatından keçirməmiş, həmin müqavilənin qeydiyyatdan keçirilməli olmasını bilməmişdir. Həmçinin qeyd edir ki, cərimə olunan vaxt artıq onun sahibkar kimi fəaliyyəti dayandırılmışdır. Hesab edir ki, heç bir inzibati xəta törətməmişdir. Ona görə də şikayətin təmin olunmasını xahiş edir. Məhkəmə iclası barədə X1 rəsmi məlumat verilsə də onların nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin baxılmasını mümkün bilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bərdə Regional Ərazi Şöbəsinin xx.xx.2024-cü il tarixli, ******* saylı Qərarının surətindən görünür ki, vəzifəli şəxs hesab edilən X5 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib 3000 manat məbləğində cərimə edilmişdir. İş materiallarından məlum olur ki, həqiqətən də A.Səlimov ilə onun tərəfindən təsərrüfatında əmək fəaliyyətinə cəlb edilmiş Məhəmməd Bədəlov aralarında 15 noyabr 2022-ci ildə əmək müqaviləsi bağlanmış, sonradan həmin müqaviləyə 01 avqust 2023-cü il tarixdə əlavə edilmişdir. Müqavilə bağlanan zaman və ona əlavə edildiyi zaman A.Səlimov sahibkar kimi fəaliyyət göstərmiş, adına VÖEN açılmış, həmin sahibkarlıq statusu yalnız 09 yanvar 2024-cü il tarixdə dayandırılmışdır. Göründüyü kimi A.Səlimov və M.Bədəlov aralarında bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsi ilə nəzərdə tutulmuş nümunəvi əmək müqaviləsinə uyğun olmamış, müqavilə bağlansa da elektron informasiya sisteminə daxil edilməmiş, beləliklə də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçi M.Bədəlov sahibkarlıq subyektinin vəzifəli şəxsi olan A.Səlimov tərəfindən xidməti işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. İşin həmin halı materiallarda olan müvafiq sənədlərlə, həmçinin məhkəmə araşdırması ilə öz təsdiqini tapır. İş materiallarından görünür ki, A.Səlimovun adına ********** saylı VÖEN açılmışdır. A.Səlimov İXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxs hesab edilir. Həmçinin göründüyü kimi X4 Xidmətinin Bərdə Regional Ərazi Şöbəsi A.Səlimov barsində icraat apararkən qanunvericiliyin tələblərinə riayət etmiş və qanunamüvafiq qərar qəbul etmişdir. Məhkəmə A.Səlimovu dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, A.Səlimovun şikayəti təmin edilməməli, barəsində şikayət verilmiş xx.xx.2024-cü il tarixli, ******* saylı Qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulur ki, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə, vəzifəli şəxslər isə 3000 manatdan 5000 manatadək məbləğdə, hüquqi şəxslər 20.000 manatdan 25.000 manatadək məbləğində cərimə edilirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və y ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsində göstərilir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Sözügedən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qeyd olunan Məcəllənin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda qərarın dəyişdirilməməsi, şikayətin və ya protestin isə təmin edilməməsi haqqında qərar qəbul edilir. Məhkəmə hesab edir ki, səlahiyyətli orqanın A.Səlimov barəsində qəbul etdiyi qərar qanunamüvafiqdir, qərarın ləğvi üçün hər hansı əsas yoxdur, həmin qərar inzibati tənbehin məqsədlərini təmin edir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-134, 128- 130-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilməsin. X2 - Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 3000 /üç min/ manat məbləğində cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bərdə Regional Ərazi Şöbəsinin xx.xx.2024-cü il tarixli, ******* saylı Qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan 10 /on/ gün müddətində Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar