Məhkəmə qərarları › İş №3(013)-12/2025

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-12/2025

10.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-12/2025 10.01.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, Ağdam rayon Polis şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Bahadur oğlunun iştirakı ilə, xx xxx 1970-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Bərdə rayonu, Bərdə şəhəri, Koroğlu küçəsi, ev 54-də qeydiyyatda olan və yaşayan Şəxs Bahadur oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası İXM) 590.2ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala Ağdam Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ağdam rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs Bahadur oğluna məxsus Mersedes markalı **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin yük yerindən icazə sənədi olmadan 01 ədəd 16 kalibrli müvafiq sənədi olmayan qoşa lülə ov tüfəngi aşkar edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Bahadur oğluna vəkil təqdim edilmiş, sonuncu ərizə təqdim edərək vəkildən imtina etmiş və öz hüquqlarını özü müdafiə edəcəyini bildirmişdir. Məhkəmə iclasında dindirilən inzibati protokolu tərtib etmiş Ağdam rayon Polis şöbəsinin sahə rəisi X4 inzibati protokolu müdafiə edərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 00:10 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş Şelli kəndi ərazisində yerləşən komendant postunda X5 ilə birlikdə xidmətdə olan zaman Mersedes markalı **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobilin posta yaxınlaşdığını, qeyd olunan avtomobili saxlatdıqları zaman avtomobili idarə edən sontadan adı onlara məlum olan Şəxs Bahadur oğluna məxsus avtomobilin içərisində daha iki nəfərin X2 və X1 olduğunun məlum olduğunu, avtomobilə baxış keçirilərkən avtomobilin yük yerindən Şəxs məxsus 01 ədəd 12 kalibrli MÜ-2112 markalı tək lüləli № 5074 ov tüfəngini və bir ədəd başqa 16 kalibirli müvafiq sənədi olmayan ov tüfənfini sökülü olmayan vəziyyətdə aşkar edərək araşdırılması üçün Ağdam rayon polis şöbəsinə təhvil verdiklərini, bununla bağlı raportla Ağdam rayon polis şöbəsinin rəisi Pərviz İsmayılova müraciət olunaraq Şəxs Bahadur oğlu barəsində tədbir görülməsi xahiş olunduğunu, qeyd olunan raport əsasında Şəxs Bahadur oğlunun barəsində inzibati protokol tərtib olunduğunu bildirdi və onun inzibati məsuliyyətə verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilən Şəxs Bahadur oğlu inzibati xətanı törətməkdə özünü təqsirli bilərək, xx.xx.2024-cü il tarixdə, saat 00:10 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş Şelli kəndi ərazisində yerləşən stasionar postuna gələn zaman ona məxsus Mersedes markalı **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobilin polis işçiləri tərəfindən saxladıldığını və avtomobilə baxış keçirilən zaman avtomobilin yük yerindən ona məxsus 01 ədəd 12 kalibrli MÜ-2112 markalı tək lüləli №5074 ov tüfəngini və bir ədəd 16 kalibirli qoşa lülə müvafiq sənədi olmayan ov tüfənfini sökülü olmayan vəziyyətdə aşkar edildiyini, 12 kalibrli MÜ- 2112 markalı tək lüləli №5074 ov tüfənginin daşınma qaydasının pozduğunu ona izah etdiklərini, digər 16 kalibirli qoşa lülə müvafiq sənədi olmayan ov tüfənfini isə Xocalı şəhərində evlərdən birində tapdığını və bu barədə heç kimə məlumat vermədən götürüb avtomobilin yük yerinə qoyduğunu, silahı taparkən tək olduğunu, avtomobildə olan şəxslərin bundan xəbərlərinin olmadığını, qeyd olunan silahla heç bir hadisə törətmədiyini, hazırda əməlindən peşman olduğunu bildirdi və barəsində yüngül inzibati tənbeh növü tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Bahadur oğlunun Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsiri Ağdam rayon polis şöbəsi tərəfindən tərtib edilmiş inzibati protokolla və digər sənədlərlə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan MN № ******* nömrəli, 10 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Ağdam rayonu Şelli kəndi ərazisində yerləşən komendant postunda Şəxs Bahadur oğluna məxsus Mersedes markalı **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman qeyd olunan avtomobilin yük yerindən bir ədəd 16 kalibirli qoşa lülə müvafiq sənədi olmayan ov tüfəngi vəziyyətdə aşkar olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı Şəxs Bahadur oğlunun əməlini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə Ağdam rayon polis şöbəsi tərəfindən tərtib edilmiş inzibati protokola, protokola əlavə olunmuş sənədlərə əsasən Şəxs Bahadur oğlunun inzibati xətanı törətməsi faktı tam sübuta yetirilir. Həmçinin məhkəmə Şəxs Bahadur oğlunun səmimi peşmançılığını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsinin sanksiyası həddində, yəni obyekti olmuş ov silahı (qoşa lülə) müsadirə edilməklə inzibati cərimə tənbeh növü tətbiq edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48, 48-51, 61, 73, 106-114, 128-130, 590.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Bahadur oğlu Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib həmin inzibati xətanın obyekti olan bir ədəd 16 kalibirli, (qoşa lülə) “BUM” modelli № 96293 nömrəli ov silahı müsadirə edilməklə 80 (səksən) manat məbləğində cərimə edilsin. İş üzrə inzibati xətanın obyekti olan Ağdam RPŞ-də saxlanılan bir ədəd 16 kalibirli, (qoşa lülə) “BUM” modelli № 96293 nömrəli ov silahı qərar qanuni qüvvəsinə minəndən sonra müsadirə edilsin. Qərardan 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar