Məhkəmə qərarları › İş №3(013)-148/2025

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-148/2025

19.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-148/2025 19.02.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Kəlbəcər rayonunun Sınıqkilsə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində fəaliyyət göstərən «SNT» şirkətində usta işləyən, Kəlbəcər rayonunun Hacıkənd kəndində qeydiyyatda olan, Qəbələ rayonunun Zarağan kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-cı maddəsi ilə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs 19 fevral 2025-ci ildə saat 08 radələrində idarə etdiyi «Mercedes» markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdam rayonunun Təzəkənd kəndi ərazisində yerləşən 9 saylı komendant postuna gələrək işğaldan azad edilmiş əraziyə keçmək istəmiş, onun idarə etdiyi avtomobildə işğaldan azad edilmiş əraziyə getmək üçün müvafiq icazəsi olmayan üç nəfər şəxs olduğu üçün postdan buraxılmamış, buna baxmayaraq Ağdam rayonunun işğaldan azad edilmiş hissəsinə keçmək istəyərək Ağdam Rayon Polis Şöbəsinin əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən Şəxs təqsirini etiraf edərək bildirmişdir ki, Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində fəaliyyət göstərən «SNT» şirkətində usta işləyir. İşğaldan azad edilmiş əraziyə gedib-gəlmək üçün müvafiq icazəsi olmuşdur. 19 fevral 2025-ci ildə saat 08 radələrində idarə etdiyi «Mercedes» markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdam rayonunun Təzəkənd kəndi ərazisində yerləşən 9 saylı komendant postuna gələrək işğaldan azad edilmiş əraziyə keçmək istəmişdir. Onun idarə etdiyi avtomobildə işğaldan azad edilmiş əraziyə getmək üçün müvafiq icazəsi olmayan üç nəfər şəxs olduğu üçün postdan buraxılmamışdır. Buna baxmayaraq polisə tabe olmamış və postdan keçmək istəmişdir. İlk dəfə olaraq inzibati xəta törətdiyini və tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd etməklə ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Şahid qismində məhkəmədə ifadə verən Ağdam Rayon Polis X2 Xidməti Bölüyünün polis nəfəri X1 göstəmişdir ki, 19 fevral 2025-ci ildə saat 08 radələrində Ağdam rayonunun Təzəkənd kəndi ərazisində yerləşən 9 saylı komendant postda xidmətdə olmuşdur. Həmin gün Ağdam rayonuna dövlətimizin rəhbəri gəldiyindən 1 nömrəli tədbir olmuşdur. Şəxs saat 08 radələrində idarə etdiyi «Mercedes» markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdam rayonunun Təzəkənd kəndi ərazisində yerləşən 9 saylı komendant postuna gələrək işğaldan azad edilmiş əraziyə keçmək istəmiş, onun idarə etdiyi avtomobildə işğaldan azad edilmiş əraziyə getmək üçün müvafiq icazəsi olmayan üç nəfər şəxs olduğundan postdan buraxılmamışdır. Elçin avtomobili sürərək işğaldan azad edilmiş əraziyə getmək istəmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol, şahidin ifadəsi və digər iş materialları ilə təsdiq olunur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Onun ilk dəfə olaraq inzibati xəta törətməsi və təqsirini etiraf edərək tutduğu əməldən peşmançılıq hissi keçirməsi məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaqdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,30-31, 40,43,48-51,128-130-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, on gün müddətə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 19 fevral 2025-ci il saat 15:30-dan hesablansın. Qərarın icrası Ağdam və Bərdə Rayon Polis Şöbələrinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar