Məhkəmə qərarları › İş №3(013)-246/2024

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-246/2024

20.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-246/2024 20.04.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Ağdam rayonunun Mərzili kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdam rayonunun Mərzili kəndində qeydiyyatda olan, Ağdam rayonu Səfərli qəsəbəsi ev 153-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs 19 aprel 2024-cü ildə saat 14 radələrində Ağdam rayonunun Mərzili kəndi ərazisində yerləşən polis postundan işğaldan azad edilmiş Mərzili kəndinə getmiş, orada xidmət aparan Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları ondan geri qayıtmasını tələb etməsinə baxmayaraq polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən Şəxs təqsirini etiraf edərək bildirmişdir ki, 19 aprel 2024-cü ildə saat 14 radələrində Vaqif adlı şəxsin dəvəti ilə sonuncunun əkin sahəsində işləmək üçün «Qazel» markalı avtomobillə cəmi 23 nəfər polis postundan Mərzili kəndinə getmişlər. Orada polis əməkdaşları avtomobili saxladaraq onu və başqa iki nəfəri məhkəməyə gətirmiş, digər şəxsləri isə buraxmışlar. İlk dəfə olaraq inzibati xəta törətdiyini, tutduğu əməldən peşmançılıq hissi keçirdiyini və himayəsində bir azyaşlı uşağının olduğunu qeyd etməklə ona köməklik göstərilməsini xahiş etmişdir. Şahid qismində məhkəmədə izahat verən Ağdam Rayon Polis X2 Xidməti Bölüyünün polis nəfəri X1 göstərmişdir ki, 19 aprel 2024-cü ildə saat 14 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş Mərzili kəndi ərazisində xidmətdə olarkən «Qazel» markalı avtomobil görərək saxlatmışdır. Avtomobildə 23 nəfər sərnişin olmuş, onlardan 12 nəfəri işğaldan azad edilmiş əraziyə keçməyə icazəsi olmuş, 11 nəfərin isə olmamışdır. Həmin şəxslər Vaqif adlı şəxs tərəfindən sonuncunun əkin sahəsində işləmək üçün Mərzili kəndinə dəvət edilmişlər. 20 nəfər azad edilmiş, lakin işğaldan azad edilmiş əraziyə keçməyə icazəsi olmayan Məhəmməd Məmmədov və Şəxs, həmçinin «Qazel» markalı avtomobilin sürücüsü Elmir Şəmmədov barəsində protokol tərtib edilərək məhkəməyə gətirilmişlər. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol, şahidin məhkəmədə verdiyi izahat və digər iş materialları ilə təsdiq olunur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hal yoxdur. Onun ilk dəfə olaraq inzibati xəta törətməsi və təqsirini etiraf edərək tutduğu əməldən peşmançılıq hissi keçirməsi məsuliyyətini yüngülləşdirən hallardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli MN № ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü ildə saat 17:35-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsində göstərilmişdir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaqdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,30-31, 40,43,48-51,128-130-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, yüz əlli manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar