Məhkəmə qərarları › İş №3(013)-255/2024

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-255/2024

24.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-255/2024 24.04.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Xankəndi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Xankəndi şəhərində qeydiyyatda olan, Ağdam rayonunun Səfərli qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs 23 aprel 2024-cü ildə saat 20 radələrində Ağdam rayonunun Səfərli qəsəbəsində nalayiq ifadələr işlədərək ictimai-qaydanı pozmuş, onu intizama dəvət edən Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən Şəxs təqsirini etiraf edərək bildirmişdir ki, 23 aprel 2024-cü ildə qayınanası onun evinə hücum etmişdir. Bu səbəbdən «102» xidmətinə zəng vuraraq kömək istəmişdir. Saat 20 radələrində polis əməkdaşları gəlmişlər. Polislər gəldiyi vaxt o, əsəbi olduğu üçün qəsəbədə söyüşlər söymüşdür. Həmin vaxt polis əməkdaşları yaxınlaşaraq onu intizama dəvət etmiş, lakin o, söyüş söyməsini davam etmişdir. İlk dəfə olaraq inzibati xəta törətdiyini, tutduğu əməldən peşmançılıq hissi keçirdiyini, şəkər və ürək xəstəsi olduğunu, həmçinin atasının 1992-ci ildə şəhid olduğunu qeyd etməklə ona köməklik göstərilməsini məhkəmədə xahiş etmişdir. Ağdam Rayon Polis X2 X1 şahid qismində məhkəmədə izahat verib göstərmişdir ki, 23 aprel 2024-cü ildə Şəxs «102» xidmətinə zəng vuraraq kömək istəmişdir. Bu səbəbdən Rövşənin yaşadığı Ağdam rayonunun Səfərli qəsəbəsinə getmişdir. Qəsəbəyə çatdıqda Rövşənin küçədə söyüşlər söydüyünü görüb ona yaxınlaşmışdır. Yaxınlaşdıqdan sonra Rövşəni intizama dəvət etmiş, lakin sonuncu qanuni tələbə tabe olmayaraq ünvansız söyüşlər söyməsini davam etmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol, şahidin məhkəmədə verdiyi izahat və digər iş materialları ilə təsdiq olunur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hal yoxdur. Onun ilk dəfə olaraq inzibati xəta törətməsi, təqsirini etiraf edərək tutduğu əməldən peşmançılıq hissi keçirməsi və şəhid ailəsinin üzvü olması məsuliyyətini yüngülləşdirən hallardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli MN № ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü ildə saat 20:20-də inzibati qaydada tutulmuş və xx.xx.2024-cü ildə saat 10:55-də azad olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsində göstərilmişdir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaqdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,30-31, 40,43,48-51,128-130-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, yüz əlli manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar