Məhkəmə qərarları › İş №3(013)-3/2024

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-3/2024

09.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-3/2024 09.04.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin nümayəndəsi, Ağdam Rayon Prokurorunun böyük köməkçisi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru X1 iştirakları ilə, Ağdam Rayonu Baharlı Qəsəbəsi ev 227-də qeydiyyatda olan Şəxs MMC barəsində, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsindən Ağdam Rayonu qeydiyyatında olan Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tərtib edilmiş material məhkəmənin icraatına daxil olmuşdur. Baş Prokurorluğun CTKİ İdarəsinin xx.xx.2023-cü il tarixli Qərarı ilə ünvan 1 ünvanda yerləşən hüquqi şəxs Şəxs MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilmişdir. Qərarda qeyd olunur ki, hüquqi şəxs Şəxs MMC-ni təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs /direktor/ X2 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq, X5 ilə əmək müqaviləsi bağlamayaraq və həmin müqavilələrin bildirişini elektron informasiya sisteminə daxil etməyərək xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən onu Bakı Şəhəri Xətai Rayon Ağ Şəhər Nizami Gəncəvi adına parkda elektrik işlərinin yerinə yetirilməsinə cəlb etmişdir. Məhkəmə iclasında iştirak edən Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin nümayəndəsi, Ağdam Rayon Prokurorunun böyük köməkçisi Valeh Məmmədov Şəxs MMC-nin İXM-nin 192.1-ci maddəsi ilə tənbeh edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi qismində direktor Yaşar Balakişiyev göstərdi ki, MMC barədə aparılan icraat və icraatın nəticələri ilə bağlı qəbul edilmiş qərarla razı deyil. Belə ki, direktoru olduğu MMC-nin təqsiri yoxdur və araşdırma materialları ilə də sübuta yetirilmir. MMC tərəfindən heç bir inzibati xəta pozuntusuna yol verilmədiyi, yaxud təqsiri sübuta yetirilmədiyi halda inzibati icraat başlanılıb. Belə ki, təsis etdiyi Şəxs MMC-dən başqa ailələrinə, yəni arvadı X4 məxsus və onun təsis etdiyi "xxxx" MMC-ləri də vardır. Həmin MMC 29 yanvar 2021-ci il tarixdə dövlət qeydiyyatından keçmiş, müstəqil surətdə fəaliyyət göstərmişdir. Həmin MMC-nin işlərinin idarə olunması üçün arvadı Afaq Mahmudova tərəfindən ona 15 mart 2021-ci il tarixdə 10 illik etibarnamə də verilmişdir. Sözügedən parkda əsaslı təmir işləri 2021-ci ildə yekunlaşmış, 30 dekabr 2021-ci ildə isə ölkə prezidenti, cənab İlham Əliyev tərəfindən parkın açılışı olmuşdur. Bundan sonra isə park aidiyyəti dövlət orqanına təhvil verilmişdir. Həmin vaxtlarda Ümüdəlini ümumiyyətlə tanımamışdır. Həm 2022-ci ildə, həm də 2023-cü ildə Bakı şəhərində fəaliyyətdə olan "xxxx" MMC ilə arvadı Afaq Mahmudovanın təsis etdiyi "xxxx" MMC arasında həm alqı-satqı, həm də müəyyən işlərin görülməsi ilə bağlı müqavilə bağlanmışdır. Müqavilənin predmeti 300.000 manat dəyərində olmuş, müqavilə şərtinə görə "xxxx" MMC "xxxx" MMC tərəfindən təqdim edilmiş layihə üzrə nəzərdə tutulan və artıq açılışı cənab prezident tərəfindən edilmiş Bakı Şəhəri Nizami Gəncəvi adına İstirahət Parkında zərurət olduğu halda işıq, rabitə və anons işlərini yerinə yetirməli, sifarişçiyə təhvil verməli, sifarişçi tərəfindən isə həmin mallar və işlər qəbul edilərək dəyəri ödənilməli idi. Həmin müqavilələr parkın təmiri və açılışından sonra bağlanmışdır, müqavilələr parkda yarana biləcək hər hansı bir problemlərin həlli üçün bağlanmışdır. Həmin MMC-lər müqavilə üzrə öhdəliklərini qarşılıqlı olaraq icra etmişlər. "xxxx" MMC məktubla Ağdam Rayon Məhkəməsinə bildirir ki, "xxxx" MMC ilə aralarında müqavilələr olub, "xxxx" MMC öhdəliklərini icra edib, Şəxs MMC ilə isə heç bir əməkdaşlıqları olmayıb. Şikayəti üzrə icraat başlanmış Ümüdəli Abbasov parka yaxın ərazidə yaşadığından əvvəl həmin parkda gözətçilik etmişdir. Ümüdəli ilə tanışlıqları belə olmuşdur ki, Ümüdəli ona əlaqələrinin geniş olmasını, işıq dirəklərinin satılmasında vasitəçilik və köməklik edəcəyini bildirmişdir. Bunun müqavilində o, da Ümüdəliyə pul verəcəyini bildirmişdir. Ümüdəli parkda heç bir yararlı iş görməmişdir. Ümümiyyətlə Ümüdəlinin guya parkda işləməsini təsdiq edən heç bir hal, heç bir şəxs yoxdur, yalnız özü guya parkda işlər görməsini bildirir. Halbuki parkda aparılan işlər çoxsaylı təmir-tikinti qruppaları tərəfindən həyata keçirilib, onların özlərinin ustaları, elektrikləri və s. kimi ixtisaslaşmış mütəxəssisləri olub. Ümümiyyətlə həmin parkda görülən işlərlə bağlı Şəxs MMC-nin də heç bir əlaqəsi olmayıb. Ümüdəli ilə bir tanışının xahişi ilə tanış olub, işsiz olduğu üçün onu dolandırmaq istəmişlər. Ümüdəli heç bir iş görmədiyindən onunla heç bir əmək müqaviləsi də bağlanmamışdır. Buradan da görünür ki, Şəxs MMC-nin həmin ərazidə hər hansı işi gördürmək səlahiyyətləri olmamış, ərazidə işləri tamamilə sair MMC-lər aparmışlar, həmir parkın açılışı isə hələ 2021-ci ildə olub və açılışdan sonra park dövlət orqanlarına təhvil verilib. Aradan uzun müddət ötdükdən sonra Ümümdəli gəlib ondan guya 2023-cü ildə parkda işlədiyini bildirib pul tələb edir, halbuki 2023-cü ildə parkda heç bir iş görülməyib. Ümüdəli Şəxs MMC adından heç bir işə cəlb edilməyib. Ümüdəli Şəxs MMC-nin adını elektrik dirəklərinin satılması ilə bağlı onunla aparılan yazışmalarda görüb. Ümüdəli indi də həmin parka gedib-gəlir. Ümüdəli əvvəl ondan 3600 manat istəmiş, sonra isə 6000 manat istəmişdir. Ümüdəlinin ümumiyyətlə elektrik ixtisası belə yoxdur. Ona görə də hesab edir ki, direktoru olduğu Şəxs MMC-nin barəsində inzibati iş başlanıla bilməzdi, MMC-nin Ümüdəli Abbasovun şikayəti ilə bağlı hər hansı təqsiri yoxdur, MMC barəsində açılmış inzibati xəta haqında işin icraatına xitam verilməlidir. Məhkəmə iclasında şahid qismində izahat verən X5 göstərdi ki, Şəxs MMC-nin direktoru Yaşar Balakişiyev ilə təxminən 1 il, 1 il yarım olar ki, tanış olmuşlar, Səlahəddin adlı şəxs onları tanış edib. Yaşarın təklifi ilə sözügedən, 14 ha ərazisi olan parkda 2023-cü ildə elektrik işləri ilə məşğul olmuş, 5 ay işləmişdir. Yaşar Balakişiyev hazırda yalan danışır. Yaşarın guya ona elektrik dirəklərinin satılmasında kömək edəcəyi barədə göstərdikləri yalandır. Yaşar ona işlərin müqavilində bir dəfə 1040 manat, bir dəfə isə 500 manat pul verib. Həmin parkda icazə ilə işləyib, icazəsi olmasa idi onu parka buraxmazdılar. Yaşarın özünü Şəxs MMC-nin direktoru kimi tanıyıb. Yaşar Balakişiyev ona borclu olduğu 2960 manatı vermədiyi üçün şikayət edib və şikayəti əsasında araşdırma aparılıb, Yaşarın təqsiri sübuta yetib. Ona görə də Yaşar Balakişiyevdən həmin pulun alınmasını istəyir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə hələ bundan əvvəl Ağdam Rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli Qərarı olmuş, həmin Qərarla iş üzrə icraata xitam verilmişdir. Qərardan verilən protestə əsasən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsi işə baxmış, həmin məhkəmə 01 fevral 2024-cü il tarixli Qərarı ilə Ağdam Rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli sözügedən Qərarı ləğv edilmiş, iş yenidən araşdırılması üçün Ağdam Rayon Məhkəməsinə qaytarılmış, həmçinin yuxarı məhkəmə tərəfindən hazırkı iş üzrə bəzi məsələlərin araşdırılması 1-ci instansiya məhkəməsinə tapşırılmışdır. Yuxarı məhkəmənin qərarında qeyd olunan göstərişlərə müvafiq olaraq Ümüdəli Abbasovun məhkəmə iclasında şahid qismində iştirakını təmin edilmişdir Ümüdəli Abbasov məhkəməyə ərizə ünvanlamış, işə baxılarkən ona veriləsi əmək haqqını istəmiş, həmçinin maddi durumu ilə bağlı məhkəməyə gələ bilməyəcəyini bildirmişdir. Şahid ərizəsində qeyd etmişdir ki, onu Bakı Şəhərində Nizami Gəncəvi adına parkda işləməyə Şəxs direktoru kimi özünü təqdim edən Yaşar Balakişiyev cəlb etmiş, onunla əmək müqaviləsi bağlamadan işlərə cəlb etmiş, sonra razılaşdırdıqları əmək haqqının bir hissəsini vermiş, 3460 manatını isə verməmişdir. Həmçinin yuxarı məhkəmə instansiyasının göstərişləri əsasında araşdırma aparılarkən müəyyən edilmişdir ki, "xxxx" MMC ilə hazırda barəsində icraat aparılan Şəxs MMC aralarında hər hansı əməkdaşlıq olmamış, "xxxx" MMC ilə "xxxx" MMC aralarında müqavilələr olmuş, müqəvilə öhdəlikləri icra edilmiş, işlərin icrası bitmişdir. Yuxarı məhkəmənin qərarındakı göstərişlərə müvafiq olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin rəhbəri Yaşar Balakişiyev tərəfindən məhkəməyə təqdim edilmiş sifarişçi "xxxx" MMC ilə icraçı "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli müqavilələrin surətindən görünür ki, "xxxx" MMC tərəfindən təqdim edilmiş layihə üzrə nəzərdə tutulan Bakı Şəhəri Nizami Gəncəvi adına İstirahət Parkında işıq, rabitə və anons işlərini yerinə yetirərək sifarişçiyə təhvil verilməsi və sifarişçi tərəfindən həmin mallar və işlər qəbul edilərək dəyərinin hazırki müqavilədə nəzərdə tutulmuş qaydada icraçı "xxxx" MMC-yə ödənilməsi ilə bağlı razılıq olmuşdur. Yuxarı məhkəmənin göstərişlərinə müvafiq olaraq məhkəmənin sorğusu ilə sözügedən parkda işlərin görülməsini üzərinə götürmüş "xxxx" MMC-nin məhkəməyə ünvanladığı 28 mart 2024-cü il tarixli ARAYİŞdan görünür ki, "xxxx" MMC ilə onlar aralarında müqavilələr olmuş, işlərin icrası tamamlanmışdır. Həmçinin "xxxx" MMC-nin məhkəməyə ünvanladığı 15 mart 2024-cü il tarixli başqa bir ARAYİŞdan görünür ki, onlar ilə hazırda barəsində icraat aparılmış Şəxs MMC arasında bu günə kimi hər hansı əməkdaşlıq olmamışdır. Barəsində icraat aparılan Şəxs MMC-nin direktoru Y.Balakişiyevin məhkəməyə təqdim etdiyi çıxarışdan görünür ki, sözügedən parkın açılışı Azərbaycan Respublikası Prezidenti cənab İ.Əliyev və xanımı M.Əliyeva tərəfindən hələ 30 dekabr 2021-ci il tarixdə olmuşdur. Şikayəti üzrə icraat aparılmış Şahid göstərir ki, o, həmin parkda 2023-cü ildə işləmiş və pullarını ala bilməmişdir. Lakin işin hallarından göründüyü kimi sözügedən istirahət parkında işıq, rabitə və anons işlərininin yerinə yetirilməsi öhdəliyini Şəxs MMC deyil, "xxxx" MMC üzərinə götürmüşdür. Belə görünür ki, Y.Balakişiyevin Şəxs MMC-ni təmsil edərək sözügedən parkda X5 ilə əmək müqaviləsi bağlamaq və həmin müqavilənin bildirişini elektron informasiya sisteminə daxil etmək səlahiyyəti olmamış, həmçinin Ümüdəli Abbasov parkda 2023-cü ildə işlər görməsini bildirir ki, həmin vaxt artıq parkda açılış edilmiş və park aidiyyəti dövlət orqanına təhvil verilmişdir. Bundan başqa Şahid həmin parkda hansı işlər görməsi, kiminlə isə razılıq ədə etməsi onun özünün göstərdiklərindən başqa işin hər hansı sair halı ilə təsdiq edilmir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək belə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi təsdiqini tapmır, bu səbəbdən də həmin Məcəllənin 53.0.2 və 105.1-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 192.1-ci maddəsi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyət müəyyən edir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 6.1-ci maddəsinə görə inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilməlidir. Qeyd olunan Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məcəllənin 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyirinə həll edilir. Sözügedən Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 53.0.9, 105.1, 128-130-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Ağdam Rayonu Baharlı Qəsəbəsi ev 227-də qeydiyyatda olan Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə araşdırması aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 /on/ gün müddətində Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən : E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar