Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-336/2024 20.05.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs - Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs 30 mart 2024-cü il tarixdə Ağdam Rayon Ergi Qəsəbəsində mübahisə zəminində qaynanası Zərərçəkmiş şəxs1 və qaynı Zərərçəkmiş şəxs2 döymüş, bu səbəbdən barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəmə məsuliyyətinə verilmişdir. Şəxs məhkəmə iclasında özünün təqsirsiz olmasını bildirdi. Göstərdi ki, təxminən 2 ay əvvəl X5 ilə ailə qurmuşlar, Ergi Qəsəbəsində atası və anası ilə birlikdə yaşamışlar. Özü təxminən 5 il olar ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Ağcabədi Bölgəsində işləyir. Çinarə onlara gəlin gəldikdən sonra qaynanası Xalisə gəlib heç bir səbəb olmadan qızı Çinarəni bir neçə dəfə aparmaq istəmişdir. Bir neçə dəfə aralarında bu səbəbdən narazılıq olmuşdur. Halbuki Çinarə ilə özü və valideynləri aralarında heç bir ciddi mübahisə olmayıb, mehriban yaşamışlar. İndi də Çinarə ilə ailəsini dağıtmaq istəmir, lakin Çinarənin valideynləri buna imkan vermir. 30 mart 2024-cü il tarixdə saat təxminən 16-00 radələrində Ağdam Rayonu Ergi Qəsəbəsində yaşadıqları evə qaynanası Xalisə və qaynı Allahverdi gələrək səs-küy salmağa başlamış, onlar Çinarəni aparmaq istəmişlər. Onların nə üçün Çinarəni aparmaq istədiklərini öyrənmək istəmiş, lakin xeyri olmamışdır. Həyat yoldaşı Çinarənin aparılmasına etiraz etdikdə qaynanası Xalisə ona hücum edib onu boğmağa başlamış, beləliklə də aralarında mübahisə baş vermişdir. Qaynanası Xalisənin səs-küyünə qonşuluqda yaşayan bibisi Reyhan və onun oğlu Sərvər də gəlmişlər. Onlar da Xalisəni sakitləşdirmək istəmişlər. Mübahisə zəminində əsəbləşmiş, lakin heç kimi, o cümlədən Xalisəni və oğlu Allahverdini vurmamışdır. Aralarında Çinarənin aparılması ilə bağlı 5-10 dəqiqə mübahisə davam etmişdir. Dayısı arvadı və dayısı oğlu da onları sakitləşdirmişlər. Ona qarşı deyilənlər hamısı şər böhtandır. Ailəsinin dağılmasını istəmir, Çinarə ilə yeni ailə qurub, birlikdə də onunla yaşamaq istəyir, lakin Çinarəninn valideynləri buna imkan vermirlər. Bir daha qeyd edir ki, mübahisə zamanı o, heç kəsi döyməmiş, zərərçəkmişlərin həmin ifadələri qərəzlidir. Ona görə də məhkəmədən ədalətli və obyektiv qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs1 göstərdi ki, qızı Çinarə Nurlan ilə 2 ay olar ki, ailə qurublar, Çinarə Nurlanın valideynləri ilə birlikdə yaşayırlar. Çinarə gəlin köçəndən Nurlan ilə yola getməmiş, Nurlan və ailəsi Çinarəni həmişə incitmişlər, onu söymüşlər. Bu səbəbdən də Çinarə valideynlərinin yanına qayıtmaq istəyini ona bildirmişdir. Bir neçə dəfə Çinarəni gedib evlərinə gətirmişlər, lakin gəlib Çinarəni aparmışlar. 30 mart 2024-cü il tarixdə saat təxminən 16-00 radələrində Ergi Qəsəbəsində qudalarının evinə gedib Çinarəni qaynanası Nazyetərdən icazə alaraq aparmaq istəmiş, lakin Nazyetər buna icazə verməmiş, etiraz etmişdir. Bu səbəbdən də aralarında mübahisə baş vermiş, kürəkəni Nurlan onu nalayiq ifadələrlə təhqir etmiş və sinəsindən vurub yerə yıxmış, ayağa qalxmaq isəyərkən Nurlanın bibisi oğlu Sərvər də onu vurmuşdur. Nurlanın ailə üzvləri onları döyümşlər, ona görə də şikayətçidir, ona ağır cəza təyin edilməsini istəyir. Zərərçəkmiş şəxs2 göstərdi ki, bacısı Çinarə Nurlan ilə 2 ay olar ki, ailə qurublar. Çinarə gəlin köçəndən Nurlan və ailə üzvləri onu incitmişlər, onu söymüşlər. Bu səbəbdən də Çinarə evlərinə qayıtmaq istəmişdir. 30 mart 2024-cü il tarixdə anası Xalisəni öz maşını ilə Çinarəgilə aparmışdır ki, Çinarəni gətirsinlər. Bu vaxt özü maşında oturmuş, anası isə evə Çinarəni gətirmək üçün getmişdir. Bir az sonra səs-küy eşidib o, da evə getmiş, bu zaman kürəkəni Nurlanın anası Xalisənin sinəsindən vuraraq yerə yıxdığını, nalayiq ifadələrlə təhqir etdiyini görmüş, onun üzərinə getmək istədikdə Nazyetər, Sərvər və Reyhan adlı şəxslər onların üzərinə hücum etmişlər. Sərvər də yumruqla onun boyun və burun nahiyyəsindən vurmuş, Nazyetər ilə Reyhan isə əlləri ilə onun üzünü çızmışlar. Hazırda şikayətçidir. Şahid qismində ifadə verən X6 göstərdi ki, Nurlan dayısı oğludur, Nurlan 2 ay olar ki, Çinarə ilə ailə qurublar. Nurlangillə qonşuluqda yaşayırlar. 30 mart 2024-cü il tarixdə saat 16-00 radələrində rayonun Ergi Qəsəbəsində yaşadığı evdə olarkən Nurlanın yaşadığı ünvanda səs-küy gəldiyini eşitmiş, anası Reyhanla birlikdə Nurlangilə getmişlər. Məlum olmuşdur ki, Nurlanın qaynanası Xalisə gəlib qızı Çinarəni aparmaq istəyir, bu səbəbdən də qohumlar aralarında mübahisə yaranmışdır. Həmin vaxt Çinarənin qardaşı Allahverdi də orada olmuş, Nurlan və anası Nazyetər ilə mübahisə etmişdir. Nurlan və anası Çinarənin aparılmasına etiraz etmişlər. 5-10 dəqiqə aralarında mübahisə olmuş, onları sakitləşdirmişlər və evdən yola salmışlar. Həmin mübahisə zəminində Nurlan heç kimi vurmayıb. X2 ifadəsində göstərdi ki, 2 aydır ki, Nurlanla ailə həyatı qurmuş, rəsmi nikahları vardır. Gəlin köçdüyü vaxtdan Nurlan hər gün onu və atasını söyür. Buna görə də valideynlərinə bildirib ki, gəlib onu aparsınlar. 30 mart 2024-cü il tarixdə saat 16-00 radələrində rayonun Ergi Qəsəbəsində yaşadığı qaynatası evində olarkən anası Xalisə onlara gəlmiş, onu aparmaq istəmişdir. Bu zaman anası Xalisə ilə qaynanası Nazyetər arasında mübahisə yaranmış, həmin mübahisə vaxtı Nurlan və Nurlanın dayısı oğlu Sərvər anası Xalisəni və qardaşı Allahverdini döymüşlər. X3 göstərdi ki, qızı Çinarə 2 aydır ki, Nurlan ilə ailə qurmuş, gəlin köçmüşdür. Qızı Çinarə gəlin köçdüyü vaxtdan əri Nurlan və valideynləri tərəfindən incidilib, Çinarə bu səbəbdən də çıxıb atası evinə gəlib. Ailələr aralarında bu səbəbdən də narazılıqlar yaranmışdır. 30 mart 2024-cü il tarixdə həyat yoldaşı Xalisə oğlu Allahverdi ilə Ergi Qəsəbəsinə gedərək Çinarəni gətirmək istəmiş, orada kürəkəni Nurlan və qohumları onları söyüb-döymüşlər. X4 göstərdi ki, Nurlan onun oğlu, Çinarə isə gəlinidir. Nurlanla Çinarə 2 ay olar ki, ailə qurmuşlar. Özü və arvadı Nazyetər də Nurlan və Çinarə ilə birlikdə bir evdə mehriban yaşayırlar. X13 aralarında hər hansı söz-söhbət olmasından xəbəri olmayıb. X9 qarşı hər hansı hörmətsiz hərəkətləri barədə heç vaxt ona heç nə deməyib. Bir iki dəfə olub ki, valideynləri gəlib Çinarəni səbəbsiz olaraq öz evlərinə aparmışlar. Sonra özləri gedib Çinarəni gətirmişlər. Həmin hadisədən 1-2 gün qabaq da Çinarəni Ağcabədi rayonuna gəzmək üçün aparmış, orada Çinarəyə pal-paltarlar da almışdır. Nurlandan başqa onun oğlu yoxdur, oğlu Nurlanın ailəsinin dağılmasına da etiraz etdir. Çinarənin valideynləri gənc ailənin mehriban yaşamasına imkan vermirlər. 30 mart 2024-cü il tarixdə günorta nahar etdikdən sonra evdən çıxmış, sonra ona evdən zəng edərək Xalisənin gəlib qızı Çinarəni aparmaq istədiyini və aralarında mübahisə olmasını bildirmişlər. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində xəsarətlərin müəyyən edilməsi üçün məhkəmə tibb ekspertizası keçirilmiş, ekspertiza tərəfindən müəyyən edilmişdir ki, onun bədəni üzərində xəsarətlər sol gözaltı nahiyənin qançırıdır, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsinin təyin edilməsi mümkün deyildir. Məhkəmə Şəxs özünü təqsirsiz bilməsinə dair ifadələrinə də tənqidi yanaşır. Məhkəmə iş materiallarını öyrənib, mübahisə tərəflərini dinləyib hesab etdi ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işin bütövlükdə halları ilə təsdiq olunur. Polis təhqiqatçısı tərəfindən də tərəflər aralarında baş vermiş hazırkı münaqişə araşdırılmış, 29 aprel 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərarla məsələnin inzibati qaydada həll edilməsi qərarlaşdırılmışdır. Məhkəmə hesab edir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 157-ci madəsi ilə tövsif edilmiş, o, həmin maddə ilə təqsirli bilinməli və tənbeh edilməlidir. İşin halları ilə müəyyən edilir ki, baş vermiş hadisənin səbəbi zərərçəkmiş ailənin yeni gəlin köçmüş qızları Çinarəni gəlib aparmaq istəmələri olmuş, ailə üzvləri və Nurlan həyat yoldaşı Çinarənin aparılmasına etiraz etmişlər. Həmçinin Şəxs ilk dəfədir inzibati məsuliyyətə cəlb edilir, gəncdir, dövlət qulluğunda xidmət edir, ümumən müsbət xarakterizə olunur. Məhkəmə işin halını, inzibati xəta törətmiş Şəxs şəxsiyyətinin səciyyələndirməsinə imkan verən ilkin məlumatları nəzərə alıb hesab edir ki, onun islah olunması, qanunlara hörmət ruhunda tərbiyələndirilməsi üçün o, inzibati qaydada cərimə edilməli və bu tədbir onun islah olunması üçün yetərli hesab oluna bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə X1 vəzifəsi insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-119-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs - Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan 10 /on/ gün müddətində Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : E.Bayramov
Məhkəmə qərarları › İş №3(013)-336/2024
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-336/2024
20.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver