Məhkəmə qərarları › İş №3(013)-339/2024

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-339/2024

20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-339/2024 20.06.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Süleymanzadə Elman Seymur oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin qanuni təmsilçisi X1 iştirakı ilə, Ağdam rayonu, Quzanlı qəsəbəsində yerləşən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati materiala Ağdam Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankının İnzibati İcraat və Məhkəmə işləri şöbəsinin rəisi X5 tərəfindən tərtib olunmuş 16 may 2024-cü il tarixli EP № ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 47470.00 ABŞ dolları məbləğində olan vəsaiti 29 aprel 2022-ci il tarixində xaricə köçürülmüş və 2 il müddət keçsə də 18184.44 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Azərbaycan Respublikası Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin qanuni təmsilçisi X3 izahatında Azərbaycan Respublikası Mərkəzi Bankının Hüquq Departamentinin direktoru X2 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli EP № ******* nömrəli inzibati xəta haqqında protokolun əsasız olduğunu, 47470.00 ABŞ dolları ödənişdən qalan 18184.44 ABŞ dolları qalıq X4 əsasən xx.xx.2024-cü il tarixdə tam bəyan edildiyini və Şəxs MMCnin göstərilən məbləğdə malların ölkəyə idxal etdiyini bildirdi və Şəxs MMC-nin barəsində olan inzibati icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarında olan inzibati xəta haqqında protokolu və digər sənədləri araşdıraraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan xətanı törətmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankının Hüquq Departamentinin direktoru X2 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli EP № ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs MMC 47470.00 ABŞ dolları məbləğində olan vəsaiti 29 aprel 2022-ci il tarixində xarisə köçürmüş və 2 il müddət keçsə də 18184.44 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. İş materiallarında olan "xxxx" ASC-nin məktubunda göstərilmişdir ki, 29 aprel 2022-ci il tarixində xarisə köçürmüş Şəxs MMC 47470.00 ABŞ dolları məbləğində olan vəsaiti qismən bəyan edilmişdir. Ödənişdən 18184.44 ABŞ dolları məbləğində qalıq qalmışdır. Həmin qalıq vaxtında bəyan edilmədiyi səbəbindən Mərkəzi Banka göndərilmişdir. 47470.00 ABŞ dolları ödənişdən qalan 18184.44 ABŞ dolları qalıq X4 əsasən xx.xx.2024-cü il tarixdə tam bəyan edilmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2016-cı il tarixli 45/1 nömrəli qərarı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları»nın: 2.1.2-ci maddəsinə görə, idxal olunan xidmətlər - qeyri-rezidentlər tərəfindən Azərbaycan Respublikasının ərazisində göstərilən xidmətlər və görülən işlər, həmçinin rezidentlərin xeyrinə ölkə xaricində göstərilən xidmətlər və görülən işlər. 4.3. Azərbaycan Respublikasından kənara bank hesablarından xarici valyutada köçürmələr aşağıdakı növ əməliyyatlar üzrə aparılır: 4.3.1. Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən köçürülən, o cümlədən qabaqcadan ödənilən vəsaitlər (avans) üzrə əməliyyatlar: 4.3.1.1. ödəniş malların idxalı ilə əlaqədar olduqda banka idxal müqaviləsi və ya ödənişin təyinatını, məbləğini və idxal olunan mallar barədə məlumatı özündə əks etdirən bildiriş, hesab-faktura və ya digər sənədlər, həmçinin malların idxalını təsdiq edən gömrük bəyannaməsinin əsli təqdim edilir (bəyannamə elektron formada tərtib edildikdə, bank hesabının sahibi həmin sənədin elektron formada əldə edilməsini təmin etməlidir); 4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 180 (yüz səksən) gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 2 (iki) iş günü ərzində Azərbaycan Respublikasının Maliyyə Bazararına Nəzarət Palatasına təqdim edir. Azərbaycan Respublikası İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tədbiq edilir. Məhkəmə qanunvericiliyini yuxarıda sadalanan maddələrinə əsaslanaraq hesab edir ki, Şəxs MMC-nin inzibati xətanı törətməsi faktı sübuta yetirilir. Ona görə də Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinin sanksiyası həddində, yəni cərimə növündə inzibati tənbeh təyin edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 18.5, 30-34, 106-115 və 430.4-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs MMC Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib 18184.44 ABŞ dolları məbləğində pul vəsaitinin 20 % məbləğində, yəni 3636.88 ABŞ dolları məbləğində qərarın icra olunduğu günə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş dolların manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar