Məhkəmə qərarları › İş №3(013)-38/2025

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-38/2025

17.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-38/2025 17.01.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, Ağdam rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi X2, Ağdam rayon polis şöbəsinin DYPB-nin baş inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1991-ci ildə Ağdam rayonu İmamqulubəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Ağdam rayonu İmamqulubəyli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü və 535.1-ci maddələrində nəzərdə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala Ağdam Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ağdam rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, 16 yanvar 2025-ci il tarixdə saat 20:00 radələrində Ağdam rayon İmamqulubəyli kəndi ərazisində sərxoş halda İXM-nin 333.3-cü maddəsi ilə inzibati xəta törətmiş və ərazidə xidmət aparan polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Tərtib edilmiş inzibati protokolun məzmununa görə Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icrat aparılan Şəxs vəkil təqdim edilmiş, sonuncu ərizə təqdim edərək vəkildən imtina etmiş və öz hüquqlarını özü müdafiə edəcəyini bildirmişdir. Məhkəmə iclasında dindirilən inzibati protokolu tərtib etmiş Ağdam rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsi polis sahə rəisi X5 izahatında inzibati protokolu müdafiə edərək göstərmişdir ki, Şəxs sərxoş halında 16 yanvar 2025-ci il tarixdə saat 20:00 radələrində Ağdam rayon İmamqulubəyli kəndi ərazisində xidmət aparan polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamağa davam etmişdir. Şəxs ictimai asayişin tələblərinə məhəl qoymasını bildirsək də, o öz qanunsuz əməllərindən əl çəkməyərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamağa davam etmişdir. Ona görə də Şəxs barəsində raportla Şöbənin rəhbərliyinə müraciət edilmişdir. Odur ki, onun inzibati məsuliyyətə verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilən inzibati protokolu tərtib etmiş Ağdam rayon polis şöbəsinin DYPB-nin baş inspektoru polis baş leytenantı X4 izahatında inzibati protokolu müdafiə edərək göstərmişdir ki, 16 yanvar 2025-ci il tarixdə saat 20:00 radələrində Ağdam rayon İmamqulubəyli kəndi ərazisində Şəxs sərxoş halda idarə etdiyi Mersedes C240 minik markalı ** CM *** dövlət qeydiyyat nişanlı avtomobil ilə F.Fəsənovun idarə etdiyi Ford Fusion markalı ** GY *** dövlət qeydiyyat nişanlı avtomobili manevr edərkən vurmuş və sonradan hadisə yerindən qaçmağa cəhd göstərmişdir. Hadisə nəticəsində F.Fəsənovun idarə etdiyi Ford Fusion markalı ** GY *** dövlət qeydiyyat nişanlı avtomobilə 250 manat məbləğində maddi ziyan dəymişdir. Odur ki, onun inzibati məsuliyyətə verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Azərbaycan Respublikası İXM-nin 333.3-cü və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək, deyilənlərin əsassız olduğunu bildirmiş və inzibati işə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Ağdam rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsi polis sahə rəisi X3 izahatında göstərdi ki, 16 yanvar 2025-ci il tarixdə saat 20:00 radələrində Ağdam rayonu, İmamqulubəyli kəndində xidmət aparan zaman “Mercedes” markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilin yüksək sürətlə hərəkət edərək yol hərəkətinin digər iştirakçıları üçün təhlükə yaratdığını görüb saxlatdım. Adı sonradan mənə məlum olan Şəxs mənim onu saxlatmağımdan əsəbləşərək uca səslə danışaraq ictimai qaydanı pozmağa başladı. Həmin zaman Şəxs ictimai qaydanın tələblərini pozmamasını və RPŞ-nin xidməti otağında etik qaydalara riayət etməsi bildirilsə də, o öz qanunsuz əməlinə davam etdi. Şəxs ictimai asayişin tələblərinə əməl etməsini bildirsəm də, o öz qanunsuz əməllərindən əl çəkməyərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamağa davam etmişdir. Ona görə də onun barəsində raportla Şöbənin rəhbərliyinə müraciət edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətməkdə təqsiri Ağdam rayon polis şöbəsi tərəfindən tərtib edilmiş inzibati protokolla və digər sənədlərlə tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsinə bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı Şəxs əməlini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, Ağdam rayon polis şöbəsindən daxil olmuş inzibati protokola, protokollarla və oan əlavə olunmuş sənədlərə əsasən Şəxs inzibati xətanı törətməsi faktı tam sübuta yetirilir və bu səbəbdən onun barəsində Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsinin sanksiyası həddində, yəni nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla inzibati həbs növündə inzibati tənbeh təyin edilməlidir. İş materiallarında olan 16 yanvar 2025-ci il il tarixli MN № ******* saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 16 yanvar 2025-ci il saat 20:45-dən inzibati qaydada tutulmuşdur. Odur ki, həmin müddət nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati xətalara dair işlərə baxılması hakimin səlahiyyətinə aid olmadığından Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında materialların baxılması üçün aidiyyəti üzrə Ağdam Rayon Polis Şöbəsinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 109.1.7-ci maddəsinə əsasən, əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barəsində qərardad qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48, 48- 51, 61, 73, 106-114, 128-130, 333.3 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsinin sanksiya çərçivəsində onun barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiq edilsin. Həbs etmənin əvvəli 16 yanvar 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Ağdam və Bərdə rayon Polis Şöbələrinə həvalə edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi hissəsində başlanmış inzibati xəta haqqında materialların baxılması üçün aidiyyəti üzrə Ağdam Rayon Polis Şöbəsinə göndərilsin. Qərardan 10 (on) gün müddətində Ağdam rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar