Məhkəmə qərarları › İş №3(013)-392/2024

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-392/2024

12.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-392/2024 12.06.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Ağdam rayonunun Papravənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdam rayonunun Papravənd kəndində qeydiyyatda olan, Ağdam rayonunun Quzanlı qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs 2024-cü ilin aprel ayında yaşadığı Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən evin həyətində ümumi çəkisi 170 qram iki ədəd narkotik tərkibli çətənə kolunu kultivasiya etmiş və həmin kol xx.xx.2024-cü ildə Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aşkar edilib götürülmüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən Şəxs özünü təqsirli bilmiş və izahat verib göstərmişdir ki, təxminən bir ildir narkotik vasitə marixuanadan istifadə edir. Narkotik vasitə istifadə etdiyi üçün ailəsi ilə ayrılmışdır. Bir neçə dəfə narkomaniya xəstəliyindən müalicə olunmuşdur. 2024-cü ilin aprel ayında Xocavənd rayonunda işlədiyi vaxt yolun kənarında iki ədəd çətənə toxumu tapmışdır. Həmin iki ədəd toxumu yaşadığı Quzanlı qəsəbəsində yerləşən evin həyətində əkmiş və həmin toxumlar bitmişlər. Bitmiş kolları suvarmış və dibini boşaltmışdır. xx.xx.2024-cü ildə polis əməkdaşları həyətə gələrək kolları aşkar edərək götürmüşlər. İlk dəfə olaraq inzibati xəta törətdiyini və tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd etməklə ona köməklik göstərilməsini xahiş etmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol, cinayət işinin başlanmasının rədd edilməsi haqqında Ağdam Rayon Polis X1 təhqiqatçısının qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərar və digər iş materialları ilə təsdiq olunur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hal yoxdur. Onun ilk dəfə olaraq inzibati xəta törətməsi və təqsirini etiraf edərək tutduğu əməldən peşmançılıq hissi keçirməsi məsuliyyətini yüngülləşdirən hallardır. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaqdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli MN ******* saylı protokoldan görünür ki, Şəxs həmin gün saat 21:30-da inzibati qaydada tutulmuş və xx.xx.2024-cü ildə saat 16:25-də azad edilmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə almışdır. İş üzrə maddi sübut olmaqla Ağdam Rayon Polis Şöbəsində saxlanılan ümumi çəkisi 170 qram olan iki ədəd narkotik tərkibli çətənə kolu məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,30-31, 40,43,48-51,128-130-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə təqsirli bilinib, iyirmi gün müddətə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 11 iyun 2024-cü il saat 21:30-dan hesablansın. Qərarın icrası Ağdam və Bərdə Rayon Polis Şöbələrinə həvalə edilsin. İş üzrə maddi sübut olmaqla Ağdam Rayon Polis Şöbəsində saxlanılan ümumi çəkisi 170 qram olan iki ədəd narkotik tərkibli çətənə kolu məhv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar