Məhkəmə qərarları › İş №3(013)-402/2024

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-402/2024

20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-402/2024 20.06.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Ağdam rayonunun Bağbanlar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdam rayonunun Bağbanlar kəndində qeydiyyatda olan, Ağdam rayonunun Quzanlı qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs xx.xx.2024-cü ildə saat 22 radələrində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin «102» xidmətinə zəng vuraraq nalayiq ifadələr işlətmiş, bununla əlaqədar olaraq həmin gün saat 23 radələrində Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları onun yaşadığı evə getmiş, orada Şəxs ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən Şəxs təqsirini etiraf edərək bildirmişdir ki, xx.xx.2024-cü ildə axşam vaxtı yaşadığı evdə araq içmişdir. Sərxoş olduğu üçün saat 22 radələrində polisin «102» xidmətinə zəng vuraraq söyüş söymüşdür. Sonra Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları onun yaşadığı evə gələrək onu çağırmışlar. Həmin vaxt yenidən nalayiq ifadələr işlətmişdir. Polislər onu intizama dəvət etmiş, o isə sərxoş olduğu üçün polisin tələbinə tabe olmamışdır. İlk dəfə olaraq inzibati xəta törətdiyini, tutduğu əməldən peşmançılıq hissi keçirdiyini və üçüncü qrup əlil olduğunu qeyd etməklə ona köməklik göstərilməsini xahiş etmişdir. Şahid qismində məhkəmədə izahat verən Ağdam Rayon Polis X2 Xidməti Bölüyünün polis nəfəri X1 göstərmişdir ki, Şəxs xx.xx.2024-cü ildə saat 22 radələrində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin «102» xidmətinə zəng vuraraq nalayiq ifadələr işlətmişdir. Bununla əlaqədar olaraq həmin gün saat 23 radələrində Şəxs yaşadığı evə getmişdir. Şəxs ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Şəxs sakitləşdirmək istəmiş, lakin sonuncu sərxoş olduğu üçün sakitləşməmiş və qanuni tələbə tabe olmamışdır. Şəxs sərxoşluğun müəyyən edilməsi üçün tibbi müayinədən keçməkdən imtina etmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol, şahidin məhkəmədə verdiyi izahat və digər iş materialları ilə təsdiq olunur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Şəxs üçüncü qrup əlil olması, ilk dəfə olaraq inzibati xəta törətməsi, təqsirini etiraf edərək tutduğu əməldən peşmançılıq hissi keçirməsi məsuliyyətini yüngülləşdirən hallardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli MN ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il saat 00:15-də inzibati qaydada tutulmuş və xx.xx.2024-cü il saat 21:00-da azad olunmuşdur. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaqdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halları nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,30-31, 40,43,48-51,128-130-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, 535.1-ci maddəyə əsasən on gün müddətə inzibati həbs edilsin. Şəxs hazırki iş üzrə xx.xx.2024-cü il saat 00:15-dən xx.xx.2024-cü il saat 21:00-a qədər həbsdə saxlanıldığı bir gün müddət ona təyin edilmiş on gün müddətə inzibati həbsdən çıxılmaqla üzərində doqquz gün müddətə inzibati həbs saxlanılsın. Həbs etmənin əvvəli 20 iyun 2024-cü il saat 12:00-dan hesablansın. Qərarın icrası Ağdam və Bərdə Rayon Polis Şöbələrinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar