Məhkəmə qərarları › İş №3(013)-409/2025

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-409/2025

20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-409/2025 20.06.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, Şikayət vermiş şəxs Məmmədov Rafiq Əkbər oğlunun iştirakı ilə, Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 28197810 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət üzrə inzibati materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məmmədov Rafiq Əkbər oğlu şikayət ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 28197810 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və işüzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında dindirilən şikayət vermiş şəxs Məmmədov Rafiq Əkbər oğlu şikayətin məzmununa uyğun izahat verərək göstərdi ki, ərizəyə əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polii İdarəsinin foto çəkiliş görüntülərdəndə görünür ki, o, 27 may 2025-ci il tarixdə saat təqribən 13:55:21 radələrində etibarnamə ilə idarə etdiyim MERSEDES BENZ C220 MİNİK markalı ** GK *** dövlət qeydiyyatlı avtomobil Ağdam rayonu Quzanlı qəsəbəsi ərazisində yerləşən "Kapital Bank"-nın qarşısında dayanarkən yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durması ilə baglı olan heç bir yol nişanları olmamamışdır. Ona görə də şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 28197810 nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Məmmədov Rafiq Əkbər oğlu Azərbaycan Respublikası İXMnin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Məmmədov Rafiq Əkbər oğlu Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün 80 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsinə əsasən, yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə- səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 129.1.5-ci maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 28197810 nömrəli qərarı dəyişdirilməməlidir. Şərh olunanları əsasən və Azərbaycan Respublikası İXM-nin 128.1, 129.1.5, 134-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 28197810 nömrəli inzibati xəta haqqında qərarının ləğv edilməsi barədə Məmmədov Rafiq Əkbər oğlunun şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 28197810 nömrəli inzibati xəta haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar