Məhkəmə qərarları › İş №3(013)-415/2023

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-415/2023

14.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-415/2023 14.11.2023 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3, Qərarı barəsində şikayət verilmiş Ağdam Rayon Polis X7 Polisi Bölməsinin yol patrul xidməti inspektoru X1 iştirakı ilə, xx.xx.1981-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Ağdam Rayon Mərkəzi X4 Şəxsində həkim işləyən, Ağdam rayonunun Zəngişalı kəndində yaşayan X2 Ağdam Rayon Polis X7 Polisi Bölməsinin yol patrul xidməti inspektoru X1 inzibati tənbeh tətbiq etmə haqqında xx.xx.2023-cü il tarixli TP ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan S.V.Quliyev məhkəməyə şikayət ünvanlayaraq Ağdam Rayon Polis X7 Polisi Bölməsinin yol patrul xidməti inspektoru X1 inzibati tənbeh tətbiq etmə haqqında xx.xx.2023-cü il tarixli TP ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən S.V.Quliyev şikayətini müdafiə edərək göstərmişdir ki, Ağdam Rayon Mərkəzi X4 Şəxsində həkim işləyir. xx.xx.2023-cü ildə Azərbaycan Respublikasının həyata keçirdiyi antiterror tədbirləri zamanı yaralı şəxsləri döyüş bölgəsindən işlədiyi xəstəxanaya daşımışdır. xx.xx.2023-cü ildə döyüş bölgəsinə getmək barədə xəstəxananın rəhbərliyindən tapşırıq almış və saat 10 radələrində özünə məxsus «Nissan Sentra» minik markalı ** GP *** dövlət qeydiyyat nişanlı avtomobillə Hindarx-Borsunlu avtomobil yolunun Ağdam rayonunun Quzanlı qəsəbəsi hissəsində hərəkətdə olmuşdur. Həmin vaxt yolda dayanıb hərəkəti nizamlayan polis əməkdaşlarının tələbi ilə yolun sağ tərəfinə keçərək orada dayanmışdır. Sonra polis əməkdaşı ona işarə edərək tez getməsini bildirmişdir. Yolun hərəkət hissəsinin sol tərəfinə keçib qarşıdan gələn avtomobilə yol verib xəstəxanaya dönmək üçün dayandığı vaxt Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin «Qazel» markalı avtomobili arxadan gələrək qabaq hissəsi ilə onun avtomobilinin arxa hissəsinə vurmuşdur. Zərbə zamanı ayağı tormoz əyləcində olmasına baxmayaraq, avtomobili təxminən 25 metr sürüşmüş və asfalt yolda bu qədər tormoz izi yaranmışdır. Dönməmişdən əvvəl dönmə işıqlarını yandırmış, hadisədən sonra polis əməkdaşı «Qazel»in sürücüsündən soruşduqda sonuncu onun dönmək istədiyini və dönmə işıqlarını yandırdığını gördüyünü etiraf etmiş və o bu səsi mobil telefona yazaraq diskə köçürüb iş materiallarına əlavə etmişdir. Sonra hadisə yerinə yol polis əməkdaşları gəlmiş, Sənan Məmmədzadə baş vermiş hadisənin sxemini çəkərək təqsirin «Qazel» markalı avtomobilin sürücüsündə olduğunu ona demişdir. Bundan bir neçə gün sonra mobil telefonla danışarkən Sənan hadisənin sxeminin dəyişdirildiyini ona demişdir. Hadisədən sonra həkim müayinəsindən keçmiş, həmçinin həmin vaxtdan hal-hazıra qədər avtomobili Ağdam Rayon Polis Şöbəsinin cərimə meydançasında saxlanılmışdır. Polis əməkdaşları həm ondan, həm də «Qazel»in sürücüsündən avtomobili polis şöbəsinə aparmalarını tələb etmiş, onun aparmasına baxmayaraq, «Qazel»in sürücüsünün avtomobili cərimə meydançasında saxlanılmamışdır. Barəsində qanunsuz qərar qəbul olunduğunu qeyd etməklə şikayətinin təmin olunmasını xahiş etmişdir. Qərarı barəsində şikayət verilmiş Ağdam Rayon Polis X7 Polisi Bölməsinin yol patrul xidməti inspektoru S.Ə.Məmmədzadə məhkəmədə verdiyi izahatında göstərmişdir ki, xx.xx.2023-cü ildə saat 10 radələrində Sərxan Quliyev idarə etdiyi «Nissan Sentra» minik markalı ** GP *** dövlət qeydiyyat nişanlı avtomobillə Hindarx-Borsunlu avtomobil yolunun Ağdam rayonunun Quzanlı qəsəbəsi hissəsində hərəkətdə olarkən qəflətən yolun sol zolağına keçmiş və arxadan gələn Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin «Qazel» markalı avtomobili ilə toqquşmuşdur. Hadisə vaxtı orada olmamış, lakin sonradan hadisə yerinə gələrək dərhal sxem tərtib etmiş və xx.xx.2023-cü ildə saat 10:46-da qərar qəbul etmişdir. Bundan təxminən bir-iki gün sonra Hidxarx-Borsunlu avtomobil yolunda olan müşahidə kamerasına uyğun olaraq hadisənin sxemi dəyişdirilmiş və bu barədə S.V.Quliyevə mobil telefonla bildirmişdir. Qəbul etdiyi qərarın qanuni olduğunu qeyd etməklə şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmədə elan olunmuş Ağdam Rayon Polis X7 Polisi Bölməsinin yol patrul xidməti inspektoru X1 xx.xx.2023-cü il tarixli TP ******* saylı qərarının surətindən görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinib, qırx manat cərimə edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, S.V.Quliyevin şikayəti təmin edilərək onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə qırx manat cərimə edilməsinə dair Ağdam Rayon Polis X7 Polisi Bölməsinin yol patrul xidməti inspektoru X1 xx.xx.2023-cü il tarixli TP ******* saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Ağdam Rayon Polis Şöbəsinə göndərilməlidir. Belə ki, şikayətə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs S.V.Quliyev və qərarı barəsində şikayət verilmiş Ağdam Rayon Polis X7 Polisi Bölməsinin yol patrul xidməti inspektoru S.Ə.Məmmədzadənin izahatlarından məlum olmuşdur ki, S.V.Quliyevin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə qırx manat cərimə edilməsinə dair Ağdam Rayon Polis X7 Polisi Bölməsinin yol patrul xidməti inspektoru S.Ə.Məmmədzadənin qərarı xx.xx.2023-cü ildə saat 10:46-da qəbul edilmiş, lakin baş vermiş yol nəqliyyat hadisəsinin sxemi sonradan tərtib edilmişdir. Ağdam Rayon Polis X7 Polisi Bölməsinin yol patrul xidməti inspektoru S.Ə.Məmmədzadə məhkəmədə izahat verərkən baş vermiş yol nəqliyyat hadisəsinin sxeminin dərhal tərtib olunduğunu və S.V.Quliyevin barəsində qərar qəbul etdiyini, təxminən bir-iki gün sonra Hindarx-Borsunlu avtomobil yolunda olan müşahidə kamerasına uyğun olaraq hadisənin sxeminin dəyişdirildiyini və bu barədə S.V.Quliyevə mobil telefonla bildirdiyini etiraf etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 125.4-cü maddəsinin tələbinə əsasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə çıxarılmış inzibati tənbeh vermə haqqında elektron qərarın bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş qaydada «Poçt haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi vasitəsilə rəsmi çatdırılması barədə məlumatlar 1 gün müddətində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanlarının informasiya sistemlərinə göndərilir. Həmin Məcəllənin 38.6-cı maddəsində göstərilmişdir ki, bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən 38-ci maddədə nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 6.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilmişdir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsində göstərilmişdir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsində göstərilmişdir ki, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzbati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.5-ci maddəsində göstərilmişdir ki, tətbiq edilmş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması inzbati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-134, 128-130-cu maddələrinə rəhbər tutub, məhkəmə q ə r a ra a l d ı : X2 verdiyi şikayət təmin edilsin. X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə qırx manat cərimə edilməsinə dair Ağdam Rayon Polis X7 Polisi Bölməsinin yol patrul xidməti inspektoru X1 xx.xx.2023-cü il tarixli TP ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Ağdam Rayon Polis Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar