Məhkəmə qərarları › İş №3(013)-460/2023

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-460/2023

02.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-460/2023 02.12.2023 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1970-ci ildə Balakən rayonunun Talalar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Balakən rayonunun Talalar kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs 01 dekabr 2023-cü ildə saat 08:45 radələrində Ağdam rayonunun Təzəkənd kəndində etibarnamə olmadan sürücülük vəsiqəsi əsasında idarə etdiyi ** LO *** dövlət qeydiyyat nişanlı “Mersedes Benz 313” mikroavtobus markalı avtomobillə hərəkətdə olarkən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən qurulmuş postda olan şlaqbaumu vuraraq maddi ziyan yetirmiş, bununla əlaqədar olaraq Ağdam Rayon Polis X6 Polisi Bölməsinin əməkdaşları onu polis şöbəsinə aparıb avtomobili cərimə meydançasına yerləşdirməsini tələb etdikdə onların qanuni tələbinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən Şəxs təqsirini etiraf etməyərək göstərmişdir ki, Rusiya Federasiyasında ona verilmiş etibarnamə əsasında ** LO *** dövlət qeydiyyat nişanlı “Mersedes Benz 313” mikroavtobus markalı avtomobillə taksi kimi fəaliyyət göstərir. 30 noyabr 2023-cü ildə gecə vaxtı Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarını işğaldan azad olunmuş Əsgəran qəsəbəsinə gətirərək orada qalmışdır. Əsgərandan qayıdarkən 01 dekabr 2023-cü ildə saat 09 radələrində avtomobili təxminən 100 km/saatda sürətlə idarə edərkən qarşıdan gələn polis karvanına baxdığı vaxt bilmədən yolda polis postunda olan şlaqbaumu vurmuşdur. Bundan sonra polis əməkdaşları onu həkimə apararaq sərxoş olmadığını müəyyən etmişlər. Daha sonra polis əməkdaşları onu polis şöbəsinə apararaq avtomobilini cərimə meydançasına salacaqlarını bildirmişlər. Polis əməkdaşlarına etiraz edərək avtomobilin hansı səbəbdən cərimə meydançasına salınacağını soruşmuş və avtomobili cərimə meydançasına salmayacağını bildirərək “102” xidmətinə şikayət etmişdir. Heç bir təqsirinin olmadığını bildirərək ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Polis X7 Xidməti Bölməsinin rəisi X2 şahid qismində məhkəmədə izahat verib göstərmişdir ki, 01 dekabr 2023-cü ildə saat 08:45 radələrində xidmətdə olduğu vaxt Ağdam rayonunun Təzəkənd kəndində polis postunda olan şlaqbaumun əvvəllər tanımadığı Şəxs idarə etdiyi avtomobillə vuraraq kökündən qırması barədə daxil olmuş məlumata əsasən iş yoldaşı Süleyman Süleymanovla birlikdə həmin yerə getmişdir. Hadisə yerinə getdikdə ** LO *** dövlət qeydiyyat nişanlı “Mersedes Benz 313” mikroavtobus markalı avtomobilin şlaqbaumu qırdığını bilərək sürücü Şəxs həkim müayinəsinə aparmış, lakin sərxoş olmadığı müəyyən edilmişdir. Bundan sonra Elçini avtomobili ilə birlikdə Ağdam Rayon Polis Şöbəsinə aparmış, şlaqbauma təxminən 1000 manatdan artıq dəymiş ziyan ödənilmədiyindən və Şəxs ** LO *** dövlət qeydiyyat nişanlı “Mersedes Benz 313” mikroavtobus markalı avtomobili idarə etmək üçün etibarnaməsi olmadığından həmin avtomobili cərimə meydançasına yerləşdirməyi Elçinə təklif etmişdir. Elçin səs-küy salaraq avtomobili cərimə meydançasına yerləşdirməyəcəyini bildirmişdir. Elçinə qanunun tələbini dəfələrlə izah etməsinə baxmayaraq, sonuncu etiraz edərək qanunsuz hərəkətlərini davam etdirmişdir. Ağdam Rayon Polis X7 Xidməti Bölməsinin inspektoru X3 şahid qismində məhkəmədə izahat verib X1 göstərdiyi xüsusatları təsdiqləmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol, polis əməkdaşlarının məhkəmədə verdiyi izahat və digər iş materialları ilə təsdiq olunur. Onun təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Onun ilk dəfə olaraq inzibati xəta törətməsi məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* saylı protokoldan görünür ki, Şəxs həmin gün saat 11:15-də inzibati qaydada tutulmuşdur. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaqdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halı nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,30-31, 40,43,48-51,128-130-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, on gün müddətə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 01 dekabr 2023-cü il saat 11:15-dən hesablansın. Qərarın icrası Ağdam və Bərdə Rayon Polis Şöbələrinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar