Məhkəmə qərarları › İş №3(013)-465/2025

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-465/2025

23.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-465/2025 23.06.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, Ağdam Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, X1, Barəsində inzibati icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxx 1967-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və Ağdam rayonu, Dördyol-1 qəsəbəsi, ev 748-də yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala Ağdam rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ağdam rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, xx.xx.2025-ci il tarixdə saat 19:00 radələrində Ağdam rayonu, Dördyol-1 qəsəbəsi ərazisində Şəxs Zərərçəkmiş şəxs ilə münaqişə etmiş, onun köynəyini cırmış və sonuncuya 50 manat maddi ziyan vurmuş, əmlakı qəsdən məhv etmə və ya zədələmə hərəkətləri etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icrat aparılan Şəxs vəkil təqdim edilmiş, sonuncu ərizə təqdim edərək vəkildən imtina etmiş və öz hüquqlarını özü müdafiə edəcəyini bildirmişdir. Məhkəmə iclasında dindirilən inzibati protokolu tərtib etmiş Ağdam Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, X3 inzibati protokolu müdafiə edərək göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 19:00 radələrində Ağdam rayonu, Dördyol-1 qəsəbəsi ərazisində Şəxs Zərərçəkmiş şəxs 50 manat dəyərində olan köynəyini cırmışdır. Hadisə ilə bağlı Ağdam rayon Polis Şöbəsinin təhqiqat bölməsində araşdırma aparılmış, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, onun əməlində inzibati xəta tərkibi olduğu üçün inzibati tənbeh tədbiri görülməsi üçün qəbul olunmuş qərarın surəti Ağdam RPŞ-nin İTB-yə göndərilmişdir. Odur ki, Şəxs inzibati məsuliyyətə verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsində özünü təqsirli bilmədiyini, Ağdam RPŞ-də işin qeyri-obyektiv aparıldığını bildirdi və məhkəmədən inzibati icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs izahatında xx.xx.2025-ci il tarixdə saat 19:00 radələrində Ağdam rayonu, Dördyol-1 qəsəbəsi ərazisində Şəxs onunla münaqişə etdiyini, onun köynəyini cıraraq ona 50 manat maddi ziyan vurduğunu, ondan şikayətçi olduğunu bildirdi və onun inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında araşdırılmış Ağdam RPŞ-nin TB-nun təhqiqatçısı Əkbərzadə Orxan tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 19:00 radələrində Ağdam rayonu, Dördyol-1 qəsəbəsi ərazisində Şəxs Zərərçəkmiş şəxs ilə münaqişə etmiş, onun köynəyini cırmış və sonuncuya 50 manat maddi ziyan vurmuş, əmlakı qəsdən məhv etmə və ya zədələmə hərəkətləri etmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başalanması rədd edilməklə bərabər, onun barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutlmuş inzibati qaydada tənbeh edilməsi üçün qərarın surətinin Ağdam RPŞ İTB-yə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Ağdam rayon PŞ İTB-nin sahə rəisi X3 tərəfindən tərtib edilmiş MN seriyalı, № ******* nömrəli, 23 iyun 2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 19:00 radələrində Ağdam rayonu, Dördyol-1 qəsəbəsi ərazisində Şəxs Zərərçəkmiş şəxs ilə münaqişə etmiş, onun köynəyini cırmış və sonuncuya 50 manat maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən əmlakı qəsdən məhv etmə və ya zədələmə, yəni özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Beləliklə Ağdam rayon PŞ İTB-nin sahə rəisi X3 tərəfindən tərtib edilmiş protokola və digər sənədlərlə Şəxs inzibati xətanı törətməsi faktı tam sübuta yetirilir və bu səbəbdən onun barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin sanksiyası həddində, yəni onun barəsində cərimə növündə inzibati tənbeh təyin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 22, 30, 31, 106- 119-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, onun barəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislində, yəni 50 (əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan 10 (on) gün müddətində Ağdam rayon məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar