Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-469/2025 24.06.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərər çəkmiş şəxs X2 iştirakı ilə, xx.xx.1975-ci ildə Ağdam rayonunun İsmayılbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağdam rayonunun İsmayılbəyli kəndində qeydiyyatda olan, Ağdam rayonu Quzanlı-1 qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Məhkəmənin icraatına Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta törətməsi barədə material daxil olmuşdur. xx.xx.2025-ci il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci ildə saat 12 radələrində Ağdam rayonu Quzanlı-1 qəsəbəsində Ə.RBehbudovanı söyüb təhqir etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən Şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, Əlvanənin oğlu yaşadıqları küçədə digər uşaqlara nəsə paylamışdır. Əlvanənin oğlunun narkotik vasitə satmasından şübhələnərək həmin uşağı danlamışdır. Bir gün sonra Əlvanə onun yaşadığı evin küçəsinə gələrək onun ərinin arağa qurşandığını deyərək onu təhqir etmişdir. Həmin vaxt aralarında mübahisə yaranmış, lakin Əlvanəni söyməmişdir. Zərər çəkmiş şəxs qismində məhkəmədə izahat verən Ə.R.Behbudova göstərmişdir ki, Sadaqət onun 8-ci sinifdə oxuyan oğluna nəşə satan demişdir. Bu səbəbdən Sədaqətin yaşadığı evin küçəsinə gedərək Sədaqətə demişdir ki, «sənin ərin araq içməklə məşğul olmuş, mənim ərim isə narkoman olmuşdur. Hər ikimizin canı ərdən qurtarmışdır. Həmin vaxt Sədaqət onu nalayiq ifadələrlə təhqir etmişdir. Şahid qismində məhkəmədə izahat verən X1 göstərmişdir ki, onun yanında xatırlamadığı vaxt qardaşı qızı Əlvanə ilə Sədaqət arvad arası mübahisə etmişlər. Sədaqətin Əlvanəni nalayiq söyüşlərlə söydüyünü eşitməmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibi olmadığından həmin Məcəllənin 53.0.2 və 105.1-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə məsuliyyət nəzərdə tutmuşdur. İşə baxılarkən məlum olmuşdur ki, Şəxs ictimai qaydanı pozmamışdır. Şəxs Ə.R.Behbudovanı söyməsi sonuncunun izahatından başqa hər hansı bir sübutla təsdiq olunmamışdır. İş üzrə şahid qismində dindirilmiş Ə.R.behbudovanın bibisi Z.A.X4 nalayiq söyüşlərlə söydüyünü eşitmədiyini bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsində göstərilmişdir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xəsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 6.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.3-cı maddəsində göstərilmişdir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyirinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-cu maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51,53.0.9, 105.1, 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №3(013)-469/2025
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-469/2025
24.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver