Məhkəmə qərarları › İş №3(013)-470/2024

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-470/2024

30.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-470/2024 30.07.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «X7 Kompleksi» MMC-nin direktoru X2, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi – həmin Xidmətin Qarabağ Regional Şöbəsinin baş məsləhətçi-baş əmək müfəttişi X1 iştirakı ilə, Ağdam rayonu Xaçındərbənd qəsəbəsində qeydiyyatda olan «X7 Kompleksi» MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Məhkəmənin icraatına «X7 Kompleksi» MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta törətməsi barədə material daxil olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin xx.xx.2024-cü il tarixli MN ******* və MN ******* saylı protokolları və əlavə olunmuş sənədlərdə qeyd olunmuşdur ki, hüquqi şəxs «X7 Kompleksi» MMC işğaldan azad edilmiş ərazilərə X3 iş icazəsi almış, xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilə qədər əmək müqaviləsi hüquqi qüvvəyə minmədən M.Ə.Əliyevi işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «X7 Kompleksi» MMC-nin nümayəndəsi qismində məhkəmədə izahat verən həmin MMC-nin direktoru T.İ.Qarayeva göstərmişdir ki, X5 ilə xx.xx.2024-cü ildə əmək müqaviləsi bağlanmış və işçinin xahişinə əsasən xx.xx.2024-cü ildə əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsi bağlanarkən işçiyə işğaldan azad edilmiş əraziyə getmək üçün icazə verilməsindən ötrü Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə müraciət edilmiş, xx.xx.2024-cü ildə əmək müqaviləsinə xitam verilərkən verilmiş icazənin ləğv olunması üçün həmin nazirliyə məktub göndərilmişdir. «X7 Kompleksi» MMC-nin inzibati xəta törətmədiyini qeyd etməklə inzibati xəta haqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi – həmin Xidmətin Qarabağ Regional Şöbəsinin baş məsləhətçibaş əmək müfəttişi M.S.Məmmədov məhkəmədə çıxış edərək «X7 Kompleksi» MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tənbeh edilməsini xahiş etmişdir. Şahid qismində məhkəmədə ifadə verən X5 göstərmişdir ki, xx.xx.2024-cü ildə X7 Kompleksi» MMC ilə əmək müqaviləsi bağlayaraq traktorçu işinə qəbul olunmuş və işğaldan azad edimiş əraziyə gedərək özünə məxsus traktorla işlər görmüşdür. xx.xx.2024-cü ildə işlərini yekunlaşdırdıqdan sonra ərizə ilə müraciət edərək işdən azad olunmuş və həmin tarixdə əmək müqaviləsinə xitam verildikdən sonra X7 Kompleksi» MMC-də hər hansı bir iş görməmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, «X7 Kompleksi» MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkibi olmadığından həmin Məcəllənin 53.0.2 və 105.1-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyət müəyyən etmişdir. İşə baxılarkən məlum olmuşdur ki, «X7 Kompleksi» MMC barəsində tərtib olunmuş protokolda qeyd olunduğu kimi deyil, X4 xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilə qədər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməmişdir. Bu hal digər sübutlarla yanaşı şahid qismində məhkəmədə dindirilmiş M.Ə.Əliyevin ifadəsi ilə də təsdiq olunmuşdur. «X7 Kompleksi» MMC tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki, onunla X6 arasında xx.xx.2024-cü ildə əmək müqaviləsi bağlanmış və sonuncunun xahişinə əsasən əmək müqaviləsinə xx.xx.2024-cü ildə xitam verilmişdir. «X7 Kompleksi» MMC xx.xx.2024-cü ildə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə müraciət edərək X3 işğaldan azad edilmiş əraziyə getmək üçün verilmiş icazənin ləğv olunmasını xahiş etmiş, xx.xx.2024-cü ildə əmək müqaviləsinə xitam verilərkən verilmiş icazənin ləğv olunması üçün həmin nazirliyə məktub göndərilmişdir. Sözügedən məktub xx.xx.2024-cü ildə həmçinin elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə çatdırılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsində göstərilmişdir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 6.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilmişdir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyirinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51,53.0.9, 105.1, 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə q ə r a r a a l d ı: Ağdam rayonu Xaçındərbənd qəsəbəsində qeydiyyatda olan «X7 Kompleksi» MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar