Məhkəmə qərarları › İş №3(013)-478/2025

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-478/2025

14.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-478/2025 14.07.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakı ilə, xx.xx.1988-ci ildə Ağdam rayonunun Şotlanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Şuşa rayon N.Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini işləyən, Ağdam rayonunun Nəmirli kəndində qeydiyyatda olan, Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsi 14 saylı yataqxanada yaşayan X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin inzibati tənbeh tətbiq etmə haqqında xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarı ilə G.H.Nəzərova Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib, 3000 (üç min) manat məbləğində inzibati cərimə edilmişdir. G.H.Nəzərova Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada xx.xx.2025-ci ildə məhkəməyə şikayət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarından şikayət edərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. G.H.Nəzərovanın müdafiəçisi Vəkil məhkəməyə ərizə təqdim edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarından şikayət edərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan G.H.Nəzərova şikayətini onunla əsaslandırmışdır ki, X2 Rayon Təhsil Şöbəsinin xx.xx.2020-ci il tarixli 42 saylı əmri ilə Xankəndi şəhər 4 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi, pedaqoji iş stajı 12 il, 01 oktyabr 2020-ci il tarixdən Şuşa rayon N.Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmiş, işlədiyi müddətdə məsuliyyətlə, vicdanla həm müəllimə kimi, həm də direktor müavini kimi vəzifəsini layiqincə yerinə yetirmiş, işlədiyi müddətdə heç bir inzibati təhbeh tədbiri almamışdır. 2024-cü ilin sentyabr ayının əvvəllərində 4 saylı orta məktəbin direktoru X9 şəhərində yeni açılmış məktəbin direktoru vəzifəsinə təyin edilmişdir. Qeyri-sabit bir vəziyyət yaranmışdır. Belə ki, Nizami Gəncəvi adına məktəb artıq faktiki olaraq Xankəndi şəhərində fəaliyyətə başlamışdır. Gültac Nəzərovanın işlədiyi məktəb isə Bakı şəhər Təhsil İdarəsi tərəfindən təhvil alınmamışdır. Məktəbin 338 saylı məktəb olaraq fəaliyyətin davam etdirəcəyi barədə danışıqlar getsə də hələ rəsmi heç bir məlumat yox idi. Hələ də Qarabağ Regional Təhsil İdarəsinə tabe olmuşlar. X7 2024-cü ilin iyulun 3-də X12 imtahanı verərək, bal toplayaraq Qarabağ Regional Təhsil İdarəsindən N.Gəncəvi adına Xankəndi 4 nömrəli məktəbdə ibtidai sinif müəlliməsi kimi 1 il müddətinə əmək fəaliyyəti üçün dəvət etmişlər. 27 sentyabr 2024-cü il tarixdən elektron əmr imzalanmadan Lalə Xankişiyeva işə başlamışdır. Qarabağ Regional Təhsil İdarəsindən ona zəng edərək müəllimənin işə başlaya biləcəyini bildirmişlər. Lalə Xankişiyeva işə başlamış və ayın sonu əmək haqqı almışdır. Lalə müəllimə 2024-cü ilin sentyabrın 27-dən 2025-ci ilin yanvar ayının l-nə qədər əmək haqqı almışdır. Qarabağ Regional Təhsil İdarəsi direktor təyin olunmadığından müavin olaraq Gültac Nəzərovadan müəllimlərin əmək haqqı alması üçün siyahı istəmişlər. Gültac Nəzərova da yeni təyin olunmuş Lalə Xankişiyeva adlı müəlimə də içərisində olmaqla müəllimlərin siyahısın regional idarəyə təqdim etmişdir. Gültacın nə səlahiyyəti təsdiq olunmamış, nə də imza etmək səlahiyyəti olmamışdır. Aydındır ki, artıq bütün proseslər asan imza vasitəsilə həyata keçirildiyi halda Gültac Nəzərovanın direktor kimi hər hansı rəsmi hərəkət etməyə hüququ olmamışdır. Lakin buna baxmayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsi araşdırma apararaq Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən ibtidai sinif müəllimi vəzifəsi üzrə işlərin yerinə yetirilməsinə cəlb etdiyi qənaətinə gəlmiş, Azərbaycan Respublikasınn İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsi ilə Gültac Nəzərovanın barəsində inzibati protokol tərtib edilmiş və 3000 manat cərimə edilmişdir. Gültac Nəzərovanın heç kəsi işə qəbul etmək səlahiyyəti olmamışdır. Bunun üçün hətta Gültac Nəzərovaya direktor vəzifəsi müvəqqəti həvalə edilsəydi belə, bu rəsmi olmalı idi və ona «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanunun tələblərinə əsasən müvafiq sənədlər toplanaraq cavabdeh orqana təqdim etməli və onların razılıq ərizəsi ilə «ASAN» imza almaq üçün müraciət edə bilərdi. Göründüyü kimi Gültac Nəzərovanın inzibati xəta törətmiş şəxs olaraq belə cərimə olunması üçün heç bir əsas olmadığı halda barəsində qərar qəbul edilmişdir. Hazırkı mübahisəli aktlardan Gültac Nəzərovanın bu maddədə sadalanan konkret olaraq hansı qaydanı pozduğu görünmür və sübut olunmur. Lalə Xankişiyeva əmək müqaviləsi bağlama öhdəliyinin qoyulması, əmək funksiyalarının həyata keçirilməsinə olan maneələrinin aradan qaldırılması, ödənilməmiş əmək haqqının, məcburi iş buraxma dövrü üçün əmək haqqının, faiz ödəncinin və dəymiş zərərin ödənilməsi haqqında iddia tələbi ilə məhkəməyə müraciət etmiş və iddia tələbi tam şəkildə təmin edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi qismində məhkəmədə izahat verən Vəkil şikayəti müdafiə edərək göstərmişdir ki, rəsmi sorğu verib Gültac Nəzərovanın barəsində olan qərarı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsindən istəmiş, poçt sənədini işə əlavə etmiş, lakin qərar ona təqdim olunmamışdır. Gültac Nəzərova məktəbin direktoru vəzifəsini icra etməmiş və onun işçi qəbul etmək səlahiyyəti olmamışdır. Gültaca cərimə olunması barədə telefonla mesaj gəlmişdir. Gültac Nəzərovanın inzibati xəta törətmədiyini qeyd etməklə şikayətin təmin olunmasını xahiş etmişdir. Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və işin baxılmasının təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarının surətindən görünür ki, G.H.Nəzərova Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib, 3000 (üç min) manat məbləğində inzibati cərimə edilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin və Şuşa Rayon Təhsil Şöbəsinin xx.xx.2020-ci il tarixli 42 saylı əmrinin surətindən görünür ki, G.H.Nəzərova Xankəndi şəhər 4 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi, xx.xx.2020-ci il tarixdən isə Şuşa rayon N.Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisinin dinləyib və iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, G.H.Nəzərovanın şikayəti təmin edilərək onun barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2025-ci il tarixli ******* nömrəli qərarı ləğv edilməli və G.H.Nəzərovanın əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkibi olmadığından həmin Məcəllənin 53.0.2 və 105.1-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyət müəyyən etmişdir. İşə baxılarkən məlum olmuşdur ki, G.H.Nəzərova barəsində tərtib olunmuş qərarda qeyd olunduğu kimi deyil, X5 hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməmişdir. L.E.Xankişiyeva 2024-cü ilin iyulun 3-də X12 imtahanı verib müvafiq bal toplayaraq Qarabağ Regional Təhsil İdarəsindən N.Gəncəvi adına Xankəndi 4 nömrəli məktəbdə ibtidai sinif müəlliməsi kimi 1 il müddətinə əmək fəaliyyəti üçün dəvət edilmiş və elektron əmr imzalanmadan xx.xx.2024-cü il tarixdən işə başlamışdır. G.H.Nəzərova sözügedən məktəbdə direktor olmamış, həmin vəzifə ona həvalə edilməmiş, onun işçi ilə əmək müqaviləsi bağlamaq və bunun üçün elektron imzası olmamışdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(008)-3272/2025 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X4 cavabdeh Qarabağ Regional Təhsil İdarəsinin Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli tam orta ümumtəhsil məktəbi Publik Hüquqi şəxsinə qarşı iddiası təmin edilərək X7 ilə cavabdeh N.Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbi arasında 2024-cü ilin 27 sentyabr tarixindən əmək müqaviləsi bağlanılması öhdəliyinin cavabdehin üzərinə qoyulması, X1 Regional Təhsil İdarəsi Şuşa rayon, N.Gəncəvi adına Xankəndi şəhər 4 saylı tam orta məktəbinə ibtidai sinif müəllimi vəzifəsinə işə bərpa edilməsi, X4 işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin (xx.xx.2025-ci ildən hazırkı qətnamə qəbul edildiyi günədək) orta əmək haqqı və əmək haqqının hər gecikdirilmiş günü üçün 1 faiz üzrə hesablanmaqla cərimə cavabdeh Qarabağ Regional Təhsil İdarəsi Şuşa rayon, N.Gəncəvi adına Xankəndi şəhər 4 saylı tam orta məktəbindən alınaraq ona ödənilməsi, mediasiya xərci üçün ödənilmiş 60 manat məbləğində pul cavabdeh Qarabağ Regional Təhsil İdarəsi Şuşa rayon, N.Gəncəvi adına Xankəndi şəhər 4 saylı tam orta məktəbindən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin işə baxarkən məhkəmə N.Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbin üzərinə iddiaçı ilə 2024-cü ilin 27 sentyabr tarixindən əmək müqaviləsi bağlanması barədə öhdəlik qoyulması hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, təqdim edilmiş çıxarışla və DƏMX Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə müəyyən olunur ki, Qarabağ Regional Təhsil İdarəsi Şuşa rayon, N.Gəncəvi adına Xankəndi şəhər 4 saylı tam orta məktəbin xx.xx.2024-cü il tarixli 145 nömrəli əmri ilə (əsası ərizəniz, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 6MCK4ZE8erSsM nömrəli çıxarışı, əmək müqaviləsi qeyd edilən) iddiaçının həmin tarixdən ibtidai sinif müəllimi vəzifəsinə təyin edildiyi məlum olmuşdur. Lakin əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin (əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi və qüvvədəndüşməsi) tələbləri pozularaq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilmədiyindən xx.xx.2024-cü il tarixli 145 nömrəli əmr hüquqi qüvvəyə minməmişdir. Məhkəmə iddia tələbinin cavabdeh tərəfindən iddiaçının əmək fəaliyyətinin həyata keçirilməsinə olan maneənin aradan qaldırılması və iddiaçının işinə bərpa olunması hissəsinə münasibət bildirərək qeyd edir ki, iş materiallarına əlavə olunmuş DƏMX Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə yaddaş kartı ilə müəyyən olunur ki, iddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixə kimi Şuşa rayon, N.Gəncəvi adına Xankəndi şəhər 4 saylı tam orta məktəbində əmək fəaliyyətini davam etdirmiş, xx.xx.2025- ci il tarixdə direktorun tapşırığı ilə dərsə buraxılmamışdır. İddiaçıya maaş kartı verilmiş və xx.xx.2025-ci il tarixədək ona hər ay əmək haqqı odənilmişdir. İddiaçının faktiki olaraq ibtidai sinif müəllimi kimi işə cəlb olunmasına baxmayaraq, müəyyən olmayan səbəblərdən onunla cavabdeh arasında əmək müqaviləsi bağlanmamışdır. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinin mənasına görə, hüquqi şəxsin xeyrinə və ya maraqlarının qorunması üçün həmin Məcəllənin 18.2-ci maddəsi ilə ehtiva edilən vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində Məcəllənin 17-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs tərəfindən törədilən inzibati xətaya görə hər iki subyekt (hüquqi və vəzifəli şəxs) məsuliyyətə cəlb edilə bilər. Sözügedən Qərarda qeyd olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsi). Nəzəriyyədə təqsir dedikdə, şəxsin törətdiyi ictimai təhlükəli əmələ və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibəti nəzərdə tutulur. Təqsir şüur və iradə kimi psixoloji elementlərin məcmusudur və bu elementlər müvafiq olaraq ictimai təhlükəli davranışın əqli və iradəvi tərəflərini təşkil edir. Bununla belə, inzibati xətanın subyektləri fərqli, yəni fiziki, vəzifəli və hüquqi şəxslər olduğundan, bu sahədə qanunvericiliyin ümumi prinsipləri həmin subyektlərin özünəməxsus xüsusiyyətləri nəzərə alınmaqla realizə olunur. Belə ki, hüquqi şəxs müvafiq psixoloji elementlərə malik olmadığından, onun təqsiri fiziki və vəzifəli şəxslərin təqsirindən fərqlənir. İnzibati Xətalar Məcəlləsinin müvafiq normalarının əlaqəli təhlili belə nəticəyə gəlməyə əsas verir ki, hüquqi şəxsin təqsiri inzibati xətanın törədilməsinin səbəbkarı olan nümayəndəsinin təqsiri ilə eyniləşdirilməsə də, onunla sıx əlaqədardır. Hüquqi şəxsin inzibati xəta üzrə məsuliyyətinin yaranması hər bir halda onun vəzifəli şəxslərinin və ya işçilərinin hüquqazidd davranışı nəticəsində baş verir, təqsiri isə İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsində sadalanan şəxslərin təqsirinin törəməsidir. İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə müvafiq olaraq, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Göründüyü kimi, vəzifəli şəxs öz vəzifələrini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində, hüquqi şəxs isə məhz onun xeyrinə və ya maraqlarının qorunması üçün onu təmsil etmək, adından qərarlar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətlərinə malik olan vəzifəli şəxslərinin və ya sonuncular tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində işçisinin törətdiyi inzibati xətalara görə məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinə əsasən, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Qanunvericinin bu mövqeyi onunla bağlıdır ki, hüquqi şəxsin bir işçisinin, vəzifəli şəxsinin hüquqazidd əməllərinin qarşısı digər vəzifəli şəxsləri tərəfindən alına bilər. Belə ki, hüquqi şəxsin məsuliyyəti İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsi ilə ehtiva edilən vəzifəli şəxslər tərəfindən inzibati xətanın törədilməsi zamanı həmin Məcəllənin 18.2.1- 18.2.4-cü maddələrində qeyd edilən şəxslərin buna yol verməsi, qarşısını almaması, təqsirkarın fəaliyyətinə lazımi nəzarəti aparmaması nəticəsində yaranır. Beləliklə, bir xətaya görə iki subyektin, yəni həm hüquqi şəxsin, həm də onun vəzifəli şəxsinin məsuliyyətə cəlb edilməsi ondan irəli gəlir ki, inzibati xətanı törətmiş vəzifəli şəxs hüquqi şəxsin xeyrinə və ya maraqlarının qorunması üçün və məhz onun nəzarətsizliyi nəticəsində hüquqazidd hərəkət (hərəkətsizlik) edir. Bu zaman öz vəzifələrini yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən, yəni İnzibati Xətalar Məcəlləsinin 17ci maddəsi ilə nəzərdə tutulan vəzifəli şəxslə Məcəllənin 18.2-ci maddəsi ilə müəyyən edilən, hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan şəxsin eyni şəxs (fərd) olması müstəqil hüquqi məna kəsb etmir. Belə ki, faktiki məzmun baxımından hər iki subyektin törətdiyi inzibati xətanın eyni xəta olmasına baxmayaraq, onların inzibati xətaya görə məsuliyyətə cəlb edilməsinin əsasları fərqlidir. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hüquqi şəxslərin inzibati xətaya görə məsuliyyətə cəlb edilib-edilməməsi məsələsinin həlli zamanı məhkəmələr tərəfindən hüquqi şəxsin baş vermiş inzibati xətanın qarşısının alınması üçün imkanlarının olub-olmaması, onun tərəfindən nəzarətin lazımi qaydada həyata keçirilibkeçirilməməsi müəyyən edilməlidir. Əks yanaşma hüquqi şəxslərə münasibətdə obyektiv təqsirləndirmə halı yaratmış olar. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2023-cü il tarixli Qərarının məzmunundan belə başa düşülür ki, hüquqi şəxsin inzibati xəta üzrə məsuliyyətinin yaranması hər bir halda onun vəzifəli şəxslərinin və ya işçilərinin hüquqazidd davranışı nəticəsində baş verir. Hüquqi şəxsin inzibati məsuliyyətinin olmaması onun vəzifəli şəxsin öz vəzifələrini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində inzibati məsuliyyətini istisna edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 6.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilmişdir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsində göstərilmişdir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-134, 128-130-cu maddələrinə rəhbər tutub, məhkəmə q ə r a ra a l d ı : X3 verdiyi şikayət təmin edilsin. X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib, 3000 (üç min) manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2025-ci il tarixli ******* nömrəli qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar