Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-490/2024 24.07.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Goranboy rayonunun Həmənli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Goranboy rayonunun Qaramusalı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs 24 iyul 2024-cü ildə saat 00:30 radələrində Ağdam rayonunun Təzəkənd kəndində polis postuna gələrək idarə etdiyi avtomolin yük yerində gizli olaraq müvafiq icazə olmadan Ağdam rayonunun işğaldan azad edilmiş hissəsinə başqa şəxsi keçirmək istəmiş, orada xidmət aparan Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları ondan geri qayıtmasını tələb etsə də geri qayıtmaq istəməyərək polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən Şəxs təqsirini etiraf edərək bildirmişdir ki, 24 iyul 2024-cü ildə saat 00:30 radələrində işləmək üçün Ağdam şəhərinə getmək istəmişdir. İdarə etdiyi avtomobilin yük yerində tanışı Məhəmməd Mihəsənovu aparmışdır. Polis postunda xidmət aparan əməkdaşlar avtomobili yoxlayarkən Məhəmmədi görmüşlər. Onun işğaldan azad edilmiş əraziyə getməyə icazəsi olmuş, Məhəmmədin isə olmamışdır. İlk dəfə olaraq inzibati xəta törətdiyini və tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd etməklə ona köməklik göstərilməsini məhkəmədə xahiş etmişdir. Ağdam Rayon Polis X2 Xidməti Bölüyünün polis nəfəri X1 şahid qismində məhkəmədə izahat verib göstərmişdir ki, 24 iyul 2024-cü saat 00:30 radələrində Ağdam rayonunun Təzəkənd kəndində polis postunda xidmətdə olduğu vaxt Şəxs idarə etdiyi avtomobillə gələrək işğaldan azad olunmuş əraziyə keçmək istəmişdir. Eminin işğaldan azad olunmuş əraziyə getməyə icazəsi olmuşdur. Avtomobili yoxladıqda yük yerində başqa şəxsin gizləndiyi və Eminin işğaldan azad edilmiş əraziyə getməyə icazəsi olmayan həmin şəxsi gizli olaraq Ağdam rayonunun işğaldan azad edilmiş hissəsinə keçirmək istədiyi məlum olmuşdur. Emindən geri qayıtmasını tələb etməsinə baxmayaraq, sonuncu qanuni tələbə məhəl qoymamışdır. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol, polis əməkdaşının məhkəmədə verdiyi izahat və digər iş materialları ilə təsdiq olunur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Onun ilk dəfə olaraq inzibati xəta törətməsi və təqsirini etiraf edərək tutduğu əməldən peşmançılıq hissi keçirməsi məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli MN ******* saylı protokoldan görünür ki, Şəxs həmin gün saat 01:20-də inzibati qaydada tutulmuşdur. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaqdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,30-31, 40,43,48-51,128-130-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, on gün müddətə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 24 iyul 2024-cü il saat 01:20-dən hesablansın. Qərarın icrası Ağdam və Bərdə Rayon Polis Şöbələrinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №3(013)-490/2024
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-490/2024
24.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver