Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-526/2025 11.08.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə, xx.xx.2000-ci ildə Bakı şəhəri Xətai rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Ağdam rayonunun Baş Qərvənd kəndində qeydiyyatda olan, Bakı şəhəri Nərimanov rayonu X2 küçəsi 82 F, 32-də yaşayan X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 29409339 saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan A.E.Hüseynli məhkəməyə şikayət ünvanlayaraq göstərmişdir ki, Azərbaycan Respublikası DİN-i BDYPİ-i tərəfindən xx.xx.2025-ci il tarixli EQ29409339 saylı inzibati tənbeh vermə haqqında qərarla onun barəsində inzibati tənbeh tətbiq edilmişdir. Qərarda qeyd edilmişdir ki, guya o, etibarnamə əsasında idarə etdiyi Range Rover markalı, ** KA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini istifadə edərkən xx.xx.2025-ci il tarixində saat 16:58:07-də Z.Bünyadov prospekti ilə Dərnəgül 1 küçəsinin kəsişməsi 20 Yanvar metrostansiyasının istiqaməti ünvanında avtobus zolağında hərəkət etmiş və bu səbəbdən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən məsuliyyət daşıyır. Həmin qərara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə (5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə) tənbeh tətbiq edilərək 100 manat məbləğində cərimə edilmişdir. Lakin həmin ərazidə yerləşdirilmiş 5.9 nişanı ilə birlikdə əlavə məlumat lövhəsində bu zolaqda hərəkətə qoyulan qadağanın yalnız saat 17:00-dan 20:00-a qədər qüvvədə olduğu açıq şəkildə göstərilmişdir. Belə ki, avtobus zolaqları ilə bağlı məlumat lövhələri, zolağın hansı hallarda istifadə oluna biləcəyini və hansı hallarda qadağan olduğunu göstərmək üçün quraşdırılır. Bu lövhələr avtobus zolağının istifadəsinə dair xüsusi vaxt məhdudiyyətlərini göstərir. Bu cür məlumat lövhələri, sürücülərin avtobus zolaqlarına nə vaxt daxil ola və ya çıxa biləcəklərini anlamalarına kömək edir. Onun hərəkəti isə saat 16:58-də, yəni qadağanın qüvvədə olmadığı vaxtda baş vermişdir ki, bu da göstərilən vaxt intervalından kənardadır. Beləliklə 16:58-də, onun həmin zolaqda hərəkət etməsi qanunvericiliyə zidd deyildir və bu səbəbdən tətbiq olunmuş inzibati tənbeh əsassız hesab edilməlidir. Qeyd edilən səbəblərdən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 29409339 saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs A.E.Hüseynliyə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin nümayəndəsinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və işin baxılmasının təxirə salınması barədə vəsatət verməmişlər. Məhkəmə işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 29409339 saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, A.E.Hüseynli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə təqsirli bilinib, yüz manat məbləğində cərimə edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, A.E.Hüseynlinin şikayəti təmin edilərək onun barəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 29409339 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə məsuliyyət və yüz manat məbləğində cərimə növündə tənbeh nəzərdə tutmuşdur. A.E.Hüseynlinin məhkəməyə təqdim etdiyi fotoşəkildən və digər sənədlərdən görünür ki, o, Range Rover markalı, ** KA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini istifadə edərkən xx.xx.2025-ci il tarixində saat 16:58:07-də Z.Bünyadov prospekti ilə Dərnəgül 1 küçəsinin kəsişməsi 20 Yanvar metrostansiyasının istiqaməti ünvanında avtobus zolağında hərəkət etmişdir. Həmin yolda avtobus hərəkət etdiyindən saat 17:00dan 20:00-dək A.E.Hüseylinin hərəkət etmək hüququ olmamışdır. Yol nişanında digər avtomobillərin sözügedən yolda saat 07:00-dan 10:00-dək və 17:00-dan 20:00-dək hərəkət etmələrinə qadağa qoyulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və y ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 6.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133- 134, 128-130-cu maddələrinə rəhbər tutub, məhkəmə q ə r a ra a l d ı : X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 29409339 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilsin. X1 barəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 29409339 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №3(013)-526/2025
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-526/2025
11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver