Məhkəmə qərarları › İş №3(013)-539/2025

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-539/2025

05.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-539/2025 05.08.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərər çəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1985-ci ildə Ağdam rayonunun Paşabəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdam rayonunun Paşabəyli kəndində qeydiyyatda olan, Ağdam rayonunun Paşabəyli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Ağdam Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs xx.xx.2008-ci ildə anadan olmuş Könül və xx.xx.2011-ci ildə anadan olmuş Kənan adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 400 manat olmaqla cəmi 800 (səkkiz yüz) manat aliment tutularaq X2 verilməsinə dair Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(013)-993/2020 saylı qətnaməsinin əsasında verilmiş xx.xx.2020-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar olaraq Şəxs müəyyən olunmuş müddətdə icra vərəqəsini üzrsüz səbəbdən icra etməməklə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilmiş və izahat verib göstərmişdir ki, əvvəllər özü hər ay 800 manat aliment verməyə razılaşmışdır. 2025-ci ilin aprel ayına qədər işləyərək alimenti ödəmiş, lakin sonradan işdən çıxmış və alimenti ödəyə bilməmişdir. İşləyərək borcunu ödəyəcəyini qeyd etməklə ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Zərər çəkmiş şəxs qismində məhkəmədə izahat verən V.E.Tahirova göstərmişdir ki, Loğmanın ona 2400 manat aliment borcu qalmışdır. Şikayətçi olduğunu qeyd etməklə Loğmanın barəsində ciddi tədbir görülməsini xahiş etmişdir. Ağdam Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 göstərmişdir ki, Şəxs xx.xx.2008-ci ildə anadan olmuş Könül və xx.xx.2011-ci ildə anadan olmuş Kənan adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 400 manat olmaqla cəmi 800 (səkkiz yüz) manat aliment tutularaq X2 verilməsinə dair Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(013)-993/2020 saylı qətnaməsinin əsasında verilmiş xx.xx.2020-ci il tarixli icra vərəqəsini borclu icra etməmiş, Hazırki vaxta Loğmanın 2400 manat borcu qalmışdır. Loğman çağırışlara gəlmiş, lakin borcunu ödəməmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol, Ağdam Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun, zərər çəkmiş şəxsin izahatları və digər iş materialları ilə təsdiq olunur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal yoxdur. Onun təqsirini etiraf etməsi məsuliyyətini yüngülləşdirən haldır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla, eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icraya məhdudiyyətlərin yaranmasını və maneələrin törədilməsini qadağan edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə görə qanuni qüvvəyə minmiş məhkəmə aktları məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Onların icra olunmaması müvafiq məsuliyyətə səbəb olur (MPM-nin 15.2 və 15.3-cü maddələri). Qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaqdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halı nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,30-31, 40,43,48-51,128-130-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, on gün müddətə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 05 avqust 2025-ci il saat 12:50-dən hesablansın. Qərarın icrası Ağdam və Bərdə Rayon Polis Şöbələrinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar