Məhkəmə qərarları › İş №3(013)-543/2024

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-543/2024

12.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-543/2024 12.08.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Hacıqabul rayonunun Muğan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, "xxxx" ASC-də sürücü işləyən, Hacıqabul rayonunun Muğan qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs 2024-cü ildə iyul ayının axırlarında Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuana istehlak etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən Şəxs özünü təqsirli bilmiş və izahat verib göstərmişdir ki, 2024-cü ildə iyul ayının axırlarında Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində onunla birlikdə "xxxx" MMC-də sürücü işləyən İlham adlı şəxsdən 10 manata bir büküm marixuana almış və həmin narkotik vasitəni çəkmişdir. İlk dəfə olaraq inzibati xəta törətdiyini, tutduğu əməldən peşmançılıq hissi keçirdiyini və himayəsində iflic xəstəsi olan iki azyaşlı uşağının olduğunu qeyd etməklə ona köməklik göstərilməsini xahiş etmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol, Mingəçevir şəhər Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli 827 saylı sərxoşluq hallarının bütün növlərinin təyin edilməsi məqsədi ilə aparılan tibbi müayinə protokolu və digər iş materialları ilə təsdiq olunur. Mingəçevir şəhər Narkoloji Dispanserinin verdiyi sərxoşluq hallarının bütün növlərinin təyin edilməsi məqsədi ilə aparılan tibbi müayinənin xx.xx.2024-cü il tarixli 827 protokolundan görünür ki, Şəxs sidiyində narkotik maddə aşkar edilmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hal yoxdur. Onun ilk dəfə olaraq inzibati xəta törətməsi və təqsirini etiraf edərək tutduğu əməldən peşmançılıq hissi keçirməsi məsuliyyətini yüngülləşdirən hallardır. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaqdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli MN ******* saylı protokoldan görünür ki, N.İ.Məmmədov xx.xx.2024-cü ildə saat 02:45-də inzibati qaydada tutulmuş və xx.xx.2024cü il saat 10:00-da azad olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsində göstərilmişdir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,30-31, 40,43,48-51,128-130-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, üç yüz manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar