Məhkəmə qərarları › İş №3(013)-552/2025

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-552/2025

11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-552/2025 11.08.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və qanuni nümayəndəsi X7, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil X4, Ağdam rayon prokurorunun köməkçisi X1 iştirakı ilə, xx.xx.2008-ci ildə Ağcabədi rayonunun Minəxorlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağcabədi rayonunun Minəxorlu kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Məhkəmənin icraatına Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsi barədə material daxil olmuşdur. xx.xx.2025-ci il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2025-ci ildə saat 08:30 radələrində Ağdam rayonunun Ergi düzü ərazisində polisin qanuni tələbinə tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən Şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, 11 avqust 2025-ci ildə saat 08:30 radələrində atası Vüqar və atasının dostu Fəxrəddin Zeynalovla birlikdə soğan məhsulunu yığmaq üçün Ağdam rayonunun Ergi ərazisinə getmişlər. Həmin vaxt hərbi polis onları saxlatmış və mülki polisə təhvil vermişdir. Etiraz etməyərək və heç bir müqavimət göstərməyərək Ağdam Rayon Polis Şöbəsinə getmişdir. Polis əməkdaşına qarşı kobudluq etmədiyini, işğaldan azad edilmiş əraziyə keçmədiyini qeyd etməklə ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Şahid qismində məhkəmədə izahat verən Ağdam Rayon Polis X2 Bölməsinin sahənin polis nəfəri işləyən X5 göstərmişdir ki, 11 avqust 2025-ci ildə səhər vaxtı hərbi polisin əməkdaşları onlara Vüqar və Şəxsləri və Fəxrəddin Zeynalovu təqdim edərək sonuncuları Ağdam rayonunun işğaldan azad edilmiş hissəsinə keçdiklərini demişlər. Həmin şəxslərin işğaldan azad edilmiş əraziyə keçməmiş və ona qarşı heç bir hörmətsizlik etməmişlər. Ağdam rayon prokurorunun köməkçisi İ.A.İsgəndərov qanuna müvafiq qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibi olmadığından həmin Məcəllənin 53.0.2 və 105.1-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə qaydalarını icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət nəzərdə tutmuşdur. İşə baxılarkən məlum olmuşdur ki, Şəxs 11 avqust 2025-ci ildə səhər vaxtı ictimai qaydanı pozmamış, həmçinin ictimai qaydanın mühafizə qaydalarını icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmama halına yol verməmişdir. Şəxs 11 avqust 2025-ci ildə səhər vaxtı ictimai qaydanı pozmaması, ictimai qaydanın mühafizə qaydalarını icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmama halına yol verməməsi onun özünün məhkəmədə verdiyi izahat, həmçinin şahid qismində məhkəmədə dindirilmiş Ağdam Rayon Polis Şöbəsinin əməkdaşının izahatı ilə təsdiq olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsində göstərilmişdir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 6.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilmişdir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyirinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-cu maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51,53.0.9, 105.1, 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar