Məhkəmə qərarları › İş №3(013)-560/2024

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №3(013)-560/2024

28.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 3(013)-560/2024 28.08.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş Ağdam Rayonu Çəmənli Bələdiyyəsinin sədri Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253- 1.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə materiala baxaraq, müəyyənetdi: Məhkəmənin icraatına Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə material daxil olmuşdur. Məhkəmə daxil olmuş sənədləri nəzərdən keçirib belə hesab edir ki, xx.xx.2024-cü il tarixli MN № ******* saylı protokol və digər sənədlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qaytarılmalıdır. Həmin maddəyə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Belə ki, material məhkəmədə öyrənilərkən məlum olmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında protokol tərtib edilərkən sənədlərin surəti ona rəsmi qaydada verilməmiş, o, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə dəvət olunmamış, onun izahatı alınmamış, hüquq və vəzifələri izah edilməmiş, inzibati xəta haqqında protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs təqdim olunmamış, onun fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer və vaxt göstərilməmiş və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1.3, 100.1.4, 100.2, 100.3-cü maddələrinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi göstərilməlidir. Həmin Məcəllənin 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilməlidir. Həmin Məcəllənin 100.2-ci maddəsində qeyd olunmuşdur ki, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsində göstərilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 may 2018-ci il tarixli 217 sylı Qərarı ilə təsdiq edilmiş «Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması» Qaydasının 3.7-ci maddəsinə əsasən istifadəsində olan torpaq sahələrində mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrində bələdiyyələr, digər torpaq sahələrində yerli icra hakimiyyəti orqanları tərəfindən aparılan yaşıllıqların monitorinqinin nəticələri çərçivəsində yaşıllıqlarda baş verən dəyişikliklər barədə məlumat hər il yanvarın 1-nə olan vəziyyətə ümumiləşdirilir və uçot hesabatları ilə birlikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilir. Bundan başqa iş materialları öyrənilərkən məlum olmuşdur ki, Şəxs 2023-cü il üçün nəzərdə tutulmuş yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların vaxtında idarəyə təqdim olunmamasına görə protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların Şəxs tələb edilməsi, monitorinqinin nəticələri çərçivəsində yaşıllıqlarda baş verən dəyişikliklərin nədən ibarət olması barədə sübutlar təqdim olunmamış, həmçinin inzibati xəta haqında protokolun hansı səbəbdən 2024-cü ilin yanvar ayında deyil, xx.xx.2024-cü ildə tərtib edilməsi aydın olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsində göstərilmişdir ki, inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Həmin Məcəllənin 101.3-cü maddəsində göstərilmişdir ki, inzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 102.5-ci maddəsində göstərilmişdir ki, inzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. Həmin Məcəllənin 100.1.10-cu maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ağdam Rayonu Çəmənli Bələdiyyəsinin sədri Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsi ilə tərtib olunmuş protokol və digər sənədlər Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qaytarılsın. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar