Məhkəmə qərarları › İş №3(013)-565/2024

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-565/2024

02.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-565/2024 02.12.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏNETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətindən hüquqi şəxs olan "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında material məhkəməyə daxil olmuşdur. X6 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı Protokolu və əlavə olunmuş sənədlərdən belə görünür ki, hüquqi şəxs "xxxx" MMC işğaldan azad edilmiş ərazilərə X2 və X3 iş icazəsi almış, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər əmək müqaviləsi hüquqi qüvvəyə minmədən onları işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Samir Quliyev göstərdi ki, təmsil etdiyi MMC 2021-ci ildə təsis edilmişdir, rəhbəri Ruslan Mirzəyevdir. MMC-nin əsas fəaliyyət istiqamətləri işğaldan azad edilmiş Ağdam Rayonu ərazisində, Qızıllı və Kəngərli kəndlərində nar bağlarından nar yığımı ilə bağlıdır. MMC-də 4-5 nəfər işçilər işləyirlər. Mövsümdən asılı olaraq zərurət olduqda əlavə təxminən 25-30 nəfər işçilər də işə cəlb edirlər, onlarla müqavilə bağlayırlar, iş icazəsi alırlar. MMC-nin Eldəniz Haqverdiyev və Təyyub Məmmədova iş icazəsi alması ilə bağlı bildirir ki, onlara portalın açılması sistem səhvliyi ilə bağlı ola bilər. Həmin şəxsləri yalnız bundan əvvəl məhkəməyə gələndə tanımışdır. Onlarla MMC arasında heç bir əmək müqaviləsi olmayıb, onlar MMC ilə bağlı heç bir işlərin görülməsinə cəlb edilməmişlər. E.Haqverdiyev və T.Məmmədov özləri də etiraf edirlər ki, onlar MMC tərəfindən heç bir işin görülməsinə cəlb edilməmişlər, MMC-ni ümumiyyətlə tanımırlar. Onlar MMC tərəfindən təmin olunmamışlar. Belə olan halda isə MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi tamamilə qanunsuzdur, inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə yuxarı instansiya məhkəməsinin qərarında olan göstərişə müvafiq olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsinin iştirakını təmin etmək məqsədi ilə onlara ilkin olaraq teleqram vasitəsi ilə, sonra isə məhkəmə bildirişi vasitəsi ilə məlumat verilmiş, məhkəmə iclası təxir edilmiş, lakin onlar məhkəməyə nümayəndə göndərməmiş, həmçinin məhkəməyə şikayətin əsassızlığı ilə bağlı dəlillər təqdim etməmiş, məhkəmə icraatına hər hansı münasibət bildirməmişlər. Məhkəmə işin baxılmasını mümkün bilmişdir. Məhkəmə iclasında şahid qismində izahat verən X4 göstərdi ki, "xxxx" MMC-ni ümumiyyətlə tanımır. İş tapmaq arzusu ilə vəsiqəsini bir nəfər özünün vasitəçi ilə tanıdığı şəxsə göndərmiş, lakin sonradan ona bu barədə xəbər göndərilməmişdir. Adına portal açılmasından ümumiyyətlə xəbəri olmamışdır. MMC ilə heç bir müqaviləsi olmayıb, MMC üzvlərindən heç kimi tanımır, onların tapşırığı ilə heç bir işin görülməsinə cəlb olunmayıb. Ümumiyyətlə bu vaxta kimi işğaldan azad edilmiş Ağdam Rayonu ərazisinə getməmişdir. Xahiş edir ki, bir daha onu məhkəməyə çağırmasınlar. Məhkəmə iclasında şahid qismində izahat verən X2 göstərdi ki, "xxxx" MMC-ni məhkəməyə dəvət edilərkən tanımışdır. Bildirir ki, iş tapmaq arzusunda olmuşdur. Bibisigil vasitəsi ilə tanıdığı Əhliman adlı bir şəxs ona işğaldan azad edilmiş Ağdam Rayonu ərazisində fəhləlik işi olmasını, gününə 10-15 manat əmək haqqı veriləcəyini bildirmişdir. Adına kimin portal açmasını bilmir. Açılmış portal vasitəsi ilə Ağdam Rayon ərazisinə getmiş, orada Əhliman ona bildirmişlər ki, fəhlə işi var. Özü səhhətində olan problemlə bağlı, həmçinin 10-15 manat əmək haqqının onu qane etməməsi səbəbindən fəhlə işləmək istəməmiş, yalnız gözətçi işi istəmişdir, lakin gözətçi işi olmamışdır. İşğaldan azad edilmiş Ağdam Rayonu ərazisində 1 saat qalmış, sonra geri qayıtmışdır. Bir daha qeyd edir ki, MMC-də hər hansı bir iş görməmiş, onları tanımır. Hazırda suçuluq edir, bir daha məhkəməyə dəvət edilməməsini xahiş edir. Məhkəmə təqdim edilmiş materialları araşdırıb, yenidən aparılan məhkəmə araşdırmasının nəticələrinə əsaslanaraq, Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin bu işlə bağlı bundan əvvəlki 11 oktyabr 2024-cü il tarixli Qərarındakı göstərişlərinə uyğun olaraq müəyyən etdi ki, hazırkı iş üzrə "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tərkib əlamətləri olmadığından qeyd olunan Məcəllənin 53-cü maddəsinin müddəaları baxımından iş üzrə icraata xitam verilməlidir. Əvvəla qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyət müəyyən edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin əməkdaşlarının hüquqi şəxs olan "xxxx" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair tərtib etdiyi xx.xx.2024-cü il tarixli, MN ******* saylı Protokol və əlavə edilmiş sənədlər heç də həmin hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qanunvericiliklə nəzərdə tutulan tələblərə uyğun olmamış, tərtib olunmuş protokolda və əlavə edilmiş sənədlərdə E.Haqverdiyev və T.Məmmədovun xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilə kimi, yəni 5-6 gün ərzində hər hansı işlərin görülməsinə cəlb edilməsi barədə əsaslandırılmış araşdırma aparılmamış, onların məhz hansı işlərdə işləməsi toplanmış materiallarla təsdiq edilməmiş, ümumiyyətlə hüquqi şəxslə fiziki şəxslər aralarında hər hansı bir müqavilənin olmadığı halda həmin müqavilələrin qeydiyyatdan keçməməsi qeyd edilmiş, hüquqi şəxsin təqsirli sayılması üçün məhkəməyə yalnız iş icazəsinin alınmasına dair məlumatdan başqa hər hansı sübut növü təqdim edilməmişdir. "xxxx" MMC-nin nümayəndəsinin izahatı və məhkəmə iclasında dindirilmiş X2 və X1 izahatları ilə onların hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməməsi məhkəmədə öz təsdiqini tapmışdır. Həmçinin yuxarı məhkəmə instansiyasının göstərişlərinə müvafiq olaraq hazırkı məhkəmə iclasında barəsində icraat aparılan "xxxx" MMC-nin dəlilləri yenidən dinlənilmiş, MMC-nin ərazidə aparmalı olduğu işlərin nədən ibarət olması müəyyənləşdirilmiş, həmin iş həcminin hansı işçi qüvvəsi ilə icra etməli olması araşdırılmışdır. Müəyyən edilmişdir ki, sözügedən MMC 2021-ci ildə təsis edilmiş, əsas fəaliyyət istiqamətləri işğaldan azad edilmiş Ağdam Rayonu ərazisində nar bağlarından nar yığımı ilə əlaqəlidir, 4-5 nəfər işçidən ibarətdir, mövsümdən asılı olaraq zərurət olduqda əlavə təxminən 25-30 nəfər işçilər də işə cəlb edirlər, həmin işçilərlə müqavilələr bağlayırlar, onların əraziyə girib-çıxmaları üçün iş icazəsi alırlar /portal açdırırlar/. Həmçinin yuxarı məhkəmənin göstərişlərinə müvafiq olaraq müəyyən edilmişdir ki, "xxxx" MMC ilə E.Haqverdiyev və T.Məmmədov aralarında hər hansı əmək müqaviləsi ümumiyyətlə mövcud olmamışdır ki, belə olan halda həmin müqavilələrin də elektron qeydiyyatlardan keçirilməsi mümkün görünmürdü. Məhkəmə araşdırması ilə həmçinin müəyyən edildi ki, "xxxx" MMC ilə X2 və X4 aralarında heç bir əmək müqaviləsi bağlanmamış, onlar heç bir əmək işlərinin görülməsinə cəlb edilməmişlər, Təyyub Məmmədov və Eldəniz Haqverdiyev "xxxx" MMC-ni ümumiyyətlə tanımırlar, Təyyub Məmmədov ümumiyyətlə işğaldan azad edilmiş Ağdam Rayonu ərazisində olmamış, Eldəniz Haqverdiyev isə bir nəfər sair şəxsin vasitəsi ilə işğaldan azad edilmiş Ağdam Rayonu ərazisində 1 saat olmasını və geri qayıtmasını bildirir. X6 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı Protokolu və əlavə olunmuş sənədlərdən belə görünür ki, hüquqi şəxs "xxxx" MMC işğaldan azad edilmiş ərazilərə X2 və X3 iş icazəsi almış, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər əmək müqaviləsi hüquqi qüvvəyə minmədən onları işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Lakin birinci instansiya məhkəməsində yuxarıda qeyd olunan şahidlər göstərdilər ki, işğaldan azad edilmiş ərazilərdə işləmək istəmişlər, lakin onlarla heç bir əmək müqavilələri bağlanmamış, heç bir işlə təmin olunmamışlar, "xxxx" MMC-ni isə yalnız məhkəməyə gələndə tanımşlar, adını eşitmişlər. Göründüyü kimi, X6 Xidmətinin əməkdaşları heç bir araşdırma aparmadan, E.Haqverdiyev və T.Məmmədovdan izahatlar almadan və sübutlar mövcud olmadan əsassız olaraq "xxxx" MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş, əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edilməsi qeyd olunan şəxslər isə birinci instansiya məhkəməsində MMC-də hər hansı bir iş görmədiklərini bildirmişlər. Odur ki, məhkəmə hesab edir ki, şikayətin təmin olunması və sözügedən MMC-nin İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsində göstərilir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilmişdir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyirinə həll edilir. Qeyd olunan Məcəllənin 53-cü maddəsinə görə /53.1.2/ inzibati xəta tərkibi olmaması inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallardandır, belə hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmçinin maddənin 2-ci bəndinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İş materiallarından görünür ki, X6 Xidməti tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol ona görə tərtib edilmişdir, hüquqi şəxs "xxxx" MMC işğaldan azad edilmiş ərazilərə 2 nəfər şəxsə iş icazəsi almış, 1 həftə ərzində əmək müqaviləsi olmadan həmin şəxsləri işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Lakin birinci instansiya məhkəməsində şahid qismində ifadə verən E.Haqverdiyev və T.Məmmədov göstərmişdir ki, sözügedən MMC-ni ümumiyyətlə tanımırlar, MMC-də hər hansı bir iş görməmişlər. Həmçinin "xxxx" MMC məhkəməyə 02 dekabr 2024-cü il tarixli arayış ünvanlayaraq E.Haqverdiyev və T.Məmmədov adlı şəxslər ilə aralarında hər hansı işçi münasibətlərinin olmamasını bildirmiş, onlara açılan iş icazələrinin sistem səhvliyi ilə əlaqəli olmasını bildirmişdir. Məhkəmə protokolu və toplanmış materialları "xxxx" MMC-nin İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulan xətanı törətməsi barədə nəticəyə gəlmək üçün yetərli hesab etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 105 və 128-130-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xətanı törətməsi barədə "xxxx" MMC barəsində - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətindən daxil olmuş inzibati xəta haqqında materiallar üzrə icraata xitam verilsin. Qərardan 10 /on/ gün müddətində Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar