Məhkəmə qərarları › İş №3(013)-584/2024

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-584/2024

26.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-584/2024 26.08.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Ucar rayonunun Bağman kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, «Kristal» şirkətində sürücü işləyən, Ucar rayonunun Bağman kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-cı maddəsi ilə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs 25 avqust 2024-cü ildə saat 23 radələrində Ağdam rayonunun Evoğlu kəndində yerləşən polis komendant postuna gələrək rayonun işğaldan azad edilmiş hissəsinə keçmək üçün müvafiq icazəsinin müddətinin bitməsinə baxmayaraq həmin əraziyə keçmək istəyərək Ağdam Rayon Polis Şöbəsinin əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən Şəxs təqsirini etiraf edərək bildirmişdir ki, Ağdam rayonunda yerləşən «Kristal» şirkətində sürücü işləyir və işğaldan azad edilmiş əraziyə getmək üçün müvafiq icazəsi olmuşdur. İcazəsinin müddətinin bitməsindən məlumatı olmadığından həmin müddəti artırmamış və 25 avqust 2024-cü ildə saat 23 radələrində Evoğlu kəndinə gələrək postu keçmək istəmişdir. Polis əməkdaşları onu postdan buraxmamış, o isə vacib iş yerində olmalı olduğundan postu keçmək istəmişdir. İlk dəfə olaraq inzibati xəta törətdiyini və tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd etməklə ona köməklik göstərilməsini məhkəmədə xahiş etmişdir. Şahid qismində məhkəmədə ifadə verən Ağdam Rayon Polis X1 Bölməsinin sahənin polis rəisi X2 göstəmişdir ki, 25 avqust 2024-cü ildə saat 23 radələrində Ağdam rayonunun Evoğlu kəndində yerləşən polis komendant postunda xidmətdə olduğu vaxt Şəxs həmin yerə gələrək rayonun işğaldan azad edilmiş hissəsinə keçmək istəmişdir. Şəxs işğaldan azad edilmiş əraziyə keçmək üçün müvafiq icazəsinin müddəti bitdiyindən onu postdan buraxmamışlar. Buna baxmayaraq Şəxs iş yerinə getməli olduğunu deyərək postdan keçmək istəmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol, şahidin ifadəsi və digər iş materialları ilə təsdiq olunur. İş materiallarında olan sərxoşluq üçün xx.xx.2024-cü il tarixli 625 saylı arayışdan görünür ki, Şəxs inzibati xəta törədərkən 0,38 dərəcəli sərxoş olmuşdur. Şəxs inzibati xətanı sərxoş halda törətməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran haldır. Onun ilk dəfə olaraq inzibati xəta törətməsi və təqsirini etiraf edərək tutduğu əməldən peşmançılıq hissi keçirməsi məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli MN № ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü ildə saat 02:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsində göstərilmişdir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaqdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,30-31, 40,43,48-51,128-130-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, yüz əlli manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar