Məhkəmə qərarları › İş №3(013)-596/2025

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-596/2025

04.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-596/2025 04.09.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Ağcabədi rayonunun Kürdlər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağcabədi rayonunun Kürdlər kəndində qeydiyyatda olan, Ağcabədi rayonunun Kürdlər kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs 28 avqust 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində qanunsuz olaraq psixotrop maddə metamfetamin istehlak etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən Şəxs özünü təqsirli bilmiş və izahat verib göstərmişdir ki, 28 avqust 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində Rəsul adlı tanışı ona metafematim vermiş, lakin əvəzində pul almamışdır. Həmin gün metamfetamini istifadə etmişdir. İlk dəfə olaraq inzibati xəta törətdiyini, tutduğu əməldən peşmançılıq hissi keçirdiyini və 44 X1 iştirakçısı olduğunu qeyd etməklə ona köməklik göstərilməsini xahiş etmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol, Mingəçevir şəhər Narkoloji Dispanserinin xx.xx.2025-ci il tarixli 1072 saylı sərxoşluq hallarının bütün növlərinin təyin edilməsi məqsədi ilə aparılan tibbi müayinə protokolu və digər iş materialları ilə təsdiq olunur. Mingəçevir şəhər Narkoloji Dispanserinin verdiyi sərxoşluq hallarının bütün növlərinin təyin edilməsi məqsədi ilə aparılan tibbi müayinənin xx.xx.2025-ci il tarixli 1072 protokolundan görünür ki, Şəxs sidiyində narkotik maddə aşkar edilmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hal yoxdur. Onun ilk dəfə olaraq inzibati xəta törətməsi və təqsirini etiraf edərək tutduğu əməldən peşmançılıq hissi keçirməsi məsuliyyətini yüngülləşdirən hallardır. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaqdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,30-31, 40,43,48-51,128-130-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, üç yüz manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar