Məhkəmə qərarları › İş №3(013)-608/2025

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-608/2025

09.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-608/2025 09.09.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, Ağdam rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 1994-cü il tarixdə Ağdam rayonu, Sarıcalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağdam rayonu, Çəmənli Ə/D üzrə Sarıcalı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala Ağdam Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ağdam rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 18 radələrində Ağdam rayonu Sarıcalı kəndi ərazisində Zərərçəkmiş şəxs döymüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icrat aparılan Şəxs vəkil təqdim edilmiş, sonuncu ərizə təqdim edərək vəkildən imtina etmiş və öz hüquqlarını özü müdafiə edəcəyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Ağdam rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi X2 inzibati protokolu müdafiə edərək göstərmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 18 radələrində Ağdam rayonu Sarıcalı kəndi ərazisində Zərərçəkmiş şəxs Fərhad oğlunu döymüşdür. Bu barədə 24 may 2025-ci il tarixdə Ağdam rayonu Əhmədağalı kəndində yaşayan X4 DİN-nin 102 xidmətinə zəng edərək oğlu Zərərçəkmiş şəxs döyülməsi barədə məlumat vermişdir. Hadisə ilə bağlı Ağdam rayon Polis Şöbəsinin təhqiqat bölməsində araşdırma aparılmış, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, onun əməlində inzibati xəta tərkibi olduğu üçün inzibati tənbeh tədbiri görülməsi üçün qəbul olunmuş qərarın surəti Ağdam RPŞ-nin İTB-yə göndərilmişdir. Odir ki, Şəxsnı inzibati məsuliyyətə verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bildiyini, əməlindən peşman oldugunu, himayəsində iki azyaşlı uşağın və xəstə anasının olmasını, həmçinin onun anasının şəhid ailəsi olduğunu bildirdi və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs göstərmişdir ki, döyülməsi ilə bağlı atasına məlumat verdikdən sonra atası X4 24 may 2025-ci il tarixdə Ağdam rayonu, Sarıcalı kəndində Şəxs onu döydüyünə görə bununla bağlı Ağdam rayon Polis Şöbəsinə şikayət ilə müraciət etmişdir. Hazırda Şəxs şikayətçidir və onun inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi özünün və zərərçəkmiş şəxsin izahatları və iş materiallarında olan sənədlərlə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında araşdırılmış Ağdam RPŞ-nin İB-nin baş müstəntiqi, polis mayoru Cabir Məmmədov tərəfindən tərəfindən qəbul olunmuş 24 avqust 2025-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başalanması rədd edilməklə bərabər, onun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutlmuş inzibati qaydada tənbeh edilməsi üçün qərarın surətinin Ağdam RPŞ-nın İTB-yə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Ağdam rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi X2 tərəfindən tərtib edilmiş MN seriyalı, № ******* nömrəli, 05 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs 24 may 2025-ci il tarixdə, saat 18:00 radələrində Ağdam rayonu, Sarıcalı kəndində Zərərçəkmiş şəxsnı döymüşdür. İş materiallarında olan Ağdam Rayon İHB-nın Çəmənli kəndi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş № 710 saylı xx.xx.2025-ci il tarixli Xasiyyətnamədən görünür ki, Şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur, onun himayəsində iki azyaşlı uşağı və xəstə anası var. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən, döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı Şəxs inzibati məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 32.1.1 - 32.1.7-ci maddələrinə əsasən inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hallar inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, inzibati xətanın yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi, inzibati xətanın hamilə qadın və ya himayəsində azyaşlı uşağı olan qadın tərəfindən törədilməsi, inzibati xətanın fiziki və ya psixi məcburiyyət təsiri altında, yaxud maddi, xidməti və ya sair cəhətdən asılılıq nəticəsində törədilməsi, inzibati xətanın zəruri müdafiənin və ya son zərurətin bu Məcəllə ilə müəyyən edilmiş şərtlərini pozmaqla törədilməsi, inzibati xətanın zərər çəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi, törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi hesab edilir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Beləliklə Şəxs səmimi peşmançılığı, himayəsində iki azyaşlı uşağın və xəstə anasının olmasını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyası həddində, yəni onun barəsində cərimə növündə inzibati tənbeh təyin edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 22, 30, 31, 106-119-cu maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar