Məhkəmə qərarları › İş №3(013)-672/2025

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-672/2025

29.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-672/2025 29.09.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Ağcabədi rayonunun Kuybışev kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağdam rayonunun Zəngişalı kəndində qeydiyyatda olan, Ağdam rayonunun Zəngişalı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs 29 sentyabr 2025-ci ildə saat 13 radələrində Ağdam rayonunun Zəngişalı kəndində barəsində olan şikayətlə əlaqədar olaraq Ağdam Rayon Polis Şöbəsinə dəvət olunarkən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən Şəxs təqsirini etiraf etməyərək bildirmişdir ki, qonşusu onu döymüş və hazırda qonşunun barəsində cinayət işi istintaq edilir. 29 sentyabr 2025-ci ildə polis şöbəsinə dəvət olunmuş, həmin vaxt polisə heç bir müqavimət göstərməmişdir. Şahid qismində məhkəmədə ifadə verən Ağdam Rayon Polis X2 Xidməti Bölüyünün polis nəfəri X1 göstəmişdir ki, Xəyal əvvəllər zorlama cinayəti törətdiyinə görə məhkum olunmuşdur. Bundan əlavə Xəyal yaşadığı kənddə mütəmadi olaraq əhalini narahat edib inzibati xətalar törətmişdir. Sonuncu dəfə Xəyal Ağdam Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 3(013)-210/2024 saylı qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə cərimə olunmuşdur. 29 sentyabr 2025-ci ildə qonşusu polis şöbəsinə şikayət edərək Xəyalın balta ilə onu hədələdiyini bildirmişdir. Bu səbəbdən 29 sentyabr 2025-ci ildə saat 13 radələrində Xəyalın yaşadığı yerə gedib sonuncunu polis şöbəsinə dəvət etmiş, Xəyal isə onlarla mübahisə edib qanuni tələbə tabe olmayaraq səs-küy salmışdır. Xəyalı intizama dəvət etmiş, lakin Xəyal qanuni tələbə tabe olmamışdır. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol, şahidin məhkəmədə verdiyi izahat və digər iş materialları ilə təsdiq olunur. Şəxs təqsirini etiraf etməməsi özünümüdafiə xarakteri daşıyır. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Şəxs ilk dəfə olaraq inzibati xəta törətməsi məsuliyyətini yüngülləşdirən haldır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il saat 13:45-də inzibati qaydada tutulmuşdur. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaqdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halı nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,30-31, 40,43,48-51,128-130-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, on gün müddətə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 29 sentyabr 2025-ci il saat 13:45-dən hesablansın. Qərarın icrası Ağdam və Bərdə Rayon Polis Şöbələrinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar