Məhkəmə qərarları › İş №3(013)-692/2024

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-692/2024

03.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-692/2024 03.10.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1960-cı ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdam şəhəri Z.Hacıyev küçəsi ev 46-da qeydiyyatda olan, Ağdam rayonunun Çəmənli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-cı maddəsi ilə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs 02 oktyabr 2024-cü ildə saat 17 radələrində Ağdam Rayon Polis Şöbəsinin inzibati binasında yol patrul xidməti əməkdaşlarının fəaliyyətinə mane olaraq polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən Şəxs təqsirini etiraf edərək bildirmişdir ki, 02 oktyabr 2024-cü ildə dostu Ayazın idarə etdiyi avtomobildə olduğu vaxt polis əməkdaşları onları saxladaraq Ağdam Rayon Polis Şöbəsinə aparmış və Ayazı otağa salmışlar. Ayazın buraxılmasına köməklik göstərilməsi üçün polis əməkdaşının otağına daxil olmaq istəmiş, lakin polis əməkdaşı onu otaqdan qovmuşdur. Bundan sonra polis əməkdaşı ilə mübahisə etmişdir. İlk dəfə olaraq inzibati xəta törətdiyini, tutduğu əməldən peşmançılıq hissi keçirdiyini və 64 yaşının olduğunu qeyd etməklə ona köməklik göstərilməsini məhkəmədə xahiş etmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və digər iş materialları ilə təsdiq olunur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Onun ilk dəfə olaraq inzibati xəta törətməsi və təqsirini etiraf edərək tutduğu əməldən peşmançılıq hissi keçirməsi məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli MN № ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü ildə saat 17:10-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsində göstərilmişdir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaqdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,30-31, 40,43,48-51,128-130-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, yüz əlli manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar