Məhkəmə qərarları › İş №3(013)-698/2025

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-698/2025

07.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-698/2025 07.10.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi, Ağdam rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxx 1957-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, Ağdam rayonu, Əfətli kəndində qeydiyyatda olan və Ağdam rayonu, Əfətli kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala Ağdam Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ağdam rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs 07 oktyabr 2025-ci il tarixdə Ağdam rayon Polis Şöbəsinin inzibati binasında uca səslə danışaraq xırda xuliqanlıq hərəkətləri etmiş və xidmət aparan Ağdam RPŞ-nın polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icrat aparılan Şəxs vəkil təqdim edilmiş, sonuncu ərizə təqdim edərək vəkildən imtina etmiş və öz hüquqlarını özü müdafiə edəcəyini bildirmişdir. Məhkəmə iclasında dindirilən inzibati protokolu tərtib etmiş Ağdam rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsi polis sahə rəisi X3 izahatında inzibati protokolu müdafiə edərək göstərmişdir ki, Şəxs 07 oktyabr 2025-ci il tarixdə saat 13:30 radələrində Ağdam rayon Polis Şöbəsinin inzibati binasında YPX-nin otağında polis əməkdaşlarına qarşı uca səslə danışmış və nalayiq ifadələr işlədərək xidmət aparan Ağdam RPŞ-nın polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bundan sonra vətəndaş Şəxs növbətçi hissəyə təhvil verilmiş və barəsində rayon polis şöbəsinin rəhbərliyinə müraciət olunmuşdur. Odur ki, onu inzibati məsuliyyətə verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək, əməlindən səmimi peşman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirdi və ona yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Ağdam Rayon Polis Şöbəsinin DYPB-nin inspektoru X5 izahatında göstərdi ki, 07 oktyabr 2025-ci il tarixdə saat 13:30 radələrində Ağdam rayon Polis Şöbəsinin inzibati binasında Ağdam rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru polis baş serjantı X4 ilə xidməti fəaliyyətlə məşğul olarkən adı sonradan bizə məlum olan Şəxs otağa daxil olaraq uca səslə ünvansız nalayiq ifadələr işlədərək xidməti fəaliyyətə maneəçilik törətmişdir. Biz onu nizam-intizama dəvət etdikdə, Şəxs məhəl qoymayaraq, Ağdam RPŞ-nin polis əməkdaşlarının fəaliyyətinə maneçilik yaratmış və qanuni tələblərinə tabe olmamışdır. Bundan sonra vətəndaş Şəxs növbətçi hissəyə təhvil verilmiş və barəsində rayon polis şöbəsinin rəhbərliyinə müraciət olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Ağdam Rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru X4 izahatında şahid X2 izahatında göstərilənləri təsdiq etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətməkdə təqsiri Ağdam rayon polis şöbəsi tərəfindən tərtib edilmiş inzibati protokolla və digər sənədlərlə tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı Şəxs əməlini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsinə əsasən, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində, yəni cərimə növündə inzibati tənbeh təyin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48, 48- 51, 61, 73, 106-114, 128-130, 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiya çərçivəsində onun barəsində 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar