Məhkəmə qərarları › İş №3(013)-708/2024

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-708/2024

09.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-708/2024 09.10.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Ağdam rayonunun Rzalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdam rayonunun Rzalar kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə Ağdam Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinərək üç min manat məbləğdə cərimə edilməsinə dair Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(013)-34/2024 saylı qərarını qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilmiş və izahat verib göstərmişdir ki, cəriməni ödəmək üçün dəfələrlə Ağdam Rayon İcra və Probasiya Şöbəsinə dəvət olunmuş, lakin imkanı olmadığından cəriməni ödəməmişdir. Pensiya və başqa növ müavinət almadığını, 7 nəfər ailə üzvünü dolandırdığını qeyd etməklə ona köməklik göstərilməsini xahiş etmişdir. Ağdam Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Qarayev Nurəddin Vəkil oğlu bildirmişdir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinərək üç min manat məbləğdə cərimə edilməsinə dair Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(013)-34/2024 saylı qərarı xx.xx.2024-cü ildə onun icraatına daxil olmuşdur. Cəriməni ödəmək üçün Şəxs dəfələrlə Ağdam Rayon İcra və Probasiya Şöbəsinə dəvət olunmuş, lakin cəriməni ödəməkdən qərəzli olaraq yayınmışdır. Şəxs adına elektron sistemdə hər hansı bir əmlak və pul aşkar olunmamışdır. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol, Ağdam Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru N.V.Qarayevin izahatı və digər iş materialları ilə təsdiq olunur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hal yoxdur. Onun ilk dəfə olaraq inzibati xəta törətməsi və təqsirini etiraf etməsi məsuliyyətini yüngülləşdirən hallardır. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaqdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, təqsirinin dərəcəsi, məsuliyyətini yüngülləşdirən halları, əmlak vəziyyətini nəzərə almışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 145.1.6-cı maddəsinə əsasən Şəxs həmin Məcəllənin 525-ci maddəsi ilə təqsirli bilinərək üç min manat məbləğdə cərimə edilməsinə dair Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(013)-34/2024 saylı qərarının icrasına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,30-31, 40,43,48-51,128-130-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində yüz altmış saat ictimai işlər tətbiq edilsin. Şəxs üzərinə ictimai işləri yerinə yetirdiyi yerlərdə elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinərək üç min manat məbləğdə cərimə edilməsinə dair Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(013)-34/2024 saylı qərarının icrasına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar