Məhkəmə qərarları › İş №3(013)-787/2024

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-787/2024

25.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-787/2024 25.11.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, Ağdam Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Qarayev Nürəddin Vəkil oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1965-ci ildə Ağdam rayonunun Şaybalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Ağdam rayonu, Alıbəyli kəndi 2-ci qəsəbədə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala 25 noyabr 2024-cü il tarixdə, Ağdam Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ağdam Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Qarayev Nürəddin Vəkil oğlu tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair tərtib edilmiş inzibati protokolun məzmununa görə Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(104)-1150/2024 saylı icra vərəqəsinə əsasən Şəxs 2200 manat dəyərində qızıl-zinət əşyaları naturada və ya onların dəyəri tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Borclu Şəxs tələbi könüllü icra etməsi üçün bildiriş təqdim edilməklə vaxt verilmiş, lakin bu müddət ərzində icra sənədinin icrası borclu tərəfindən tam təmin edilməmişdir. Borclu Şəxs hazırda 2200 manat məbləğində borcu qalmışdır. Borcluya rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədi üzrə qalmış borcu ödəməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icrat aparılan Şəxs vəkil təqdim edilmiş, sonuncu ərizə təqdim edərək vəkildən imtina etmiş və öz hüquqlarını özü müdafiə edəcəyini bildirmişdir. Məhkəmə iclasında dindirilən Ağdam Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Qarayev Nürəddin Vəkil oğlu inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs Gəncə Apelyasiya Məhkəməsinin qeyd edilən icra sənədi üzrə 2200 manat borcu yarandığını, hazırda Şəxs həmin məbləğin 1450 manat hissəsini ödədiyini, 750 manat borcunu ödəmədiyini bildirdi və protokolun qanunauyğun həll edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında onun borcunu ödəməkdən yayınmadığını, onun icra sənədi üzrə göstərilən 2200 manat borcun birdəfəlik ödəməyə maddi imkanı olmadığını, hazırda həmin borcun 1450 manat hissəsini ödədiyini, qalan 750 manat hissəsini də qısa müddətdə ödəyəcəyini bildirdi və qeyd olunanları nəzərə alaraq məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmə tərtib olunmuş protokolun qanuni əsasının, yəni Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiya şərtlərinin mövcudluğuna hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinmayə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin maddənin dispozisiya şərtlərindən də göründüyü kimi, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi ilə şərtləndirilmişdir. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq Şəxs tərəfindən məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsini təqsirli şəkildə yol vermiş olması tələb olunur. Məhkəmə işdə olan sənədləri nəzərdən keçirib, barəsində inzibati iş üzrə icraat aparılan şəxsin və icra məmurunun ifadələrini dinləyib müəyyən etdi ki, Şəxs barəsində olan icra sənədinin icrasından boyun qaçırmamış və xx.xx.2024-cü il tarixdə borcundan 1450 manat hissəsini ödəmişdir və qalan 750 manat hissəsini isə qısa müddətdə ödəyəcəyini bildirmişdir. Göründüyü kimi işə məhkəmədə baxılarkən Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması təsdiq olunmadı. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda, məhkəmə hesab edir ki, Şəxs barəsində xx.xx.2024-cü il tarixdə tərtib edilmiş MN № ******* saylı inzibati protokol əsasında başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş MN № ******* saylı inzibati protokol əsasında başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar