Məhkəmə qərarları › İş №3(013)-792/2025

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-792/2025

24.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-792/2025 24.11.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8 oğlunun katibliyi, Ağdam RPŞ İTB-nin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1990-cı il tarixdə Ağdam rayonuda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, avtoyumada işləyən, Ağdam rayonu Maqsudlu Ə\D Eyvazxanbəyli kəndində qeydiyyatda olan və Ağcabədi rayonu, Səməd Vurğun ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala 24 noyabr 2025-ci il tarixdə Ağdam Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ağdam rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs sərxoş halda 23 noyabr 2025-ci il tarixdə saat Ağdam rayon Üçoğlan kəndində həmin ərazidə xidmət aparan Ağdam RPŞ-nin DYBP-nin YPXnin polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icrat aparılan Şəxs vəkil təqdim edilmiş, sonuncu ərizə təqdim edərək vəkildən imtina etmiş və öz hüquqlarını özü müdafiə edəcəyini bildirmişdir. Məhkəmə iclasında dindirilən inzibati protokolu tərtib etmiş Ağdam rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsi polis sahə rəisi X2 izahatında inzibati protokolu müdafiə edərək göstərmişdir ki, Şəxs sərxoş halda 23 noyabr 2025-ci il tarixdə saat 00 radələrində Ağdam rayonu Üçoğlan kəndində həmin ərazidə xidmət aparan Ağdam RPŞ-nin DYBP-nin YPX-nin polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Ona görə də Şəxs barəsində raportla Şöbənin rəhbərliyinə müraciət edilmişdir. Odur ki, onun inzibati məsuliyyətə verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək, əməlindən səmimi peşman olduğunu, sərxoş olduğu üçün belə hərəkətlərə yol verdiyini bildirdi və ona yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Ağdam RPŞ-nin DYBP-nin YPX-nin polis nəfəri X7 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 00 raddələrində Ağdam rayon Üçoğlan kəndi ərazisində xidmətdə olarkən VAZ 21011 minik markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilin ön dövlət qeydiyyat nişanı olmadığı üçün tərəfimizdə saxla işarəsi verilmiş, lakin sürücü saxla komandasına tabe olmayaraq maşını yüksək sürətlə sürmüş, sonra Ağdam RPŞnin PPXB-nin əməkdaşlarının köməyi ilə həmin avtomobil saxlanılmış, adını sonra bildiyi sürücü Şəxs sərxoş halda olduğu müəyyən edilmiş və Şəxs Ağdam RPŞ-nin DYBP-nin YPX-nin polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Ona görə də Şəxs barəsində raportla Şöbənin rəhbərliyinə müraciət edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Ağdam RPŞ-nin DYBP-nin YPXnin polis kapitanı X3 izahatında şahid X4 izahatında göstərilənləri təsdiq etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsiri Ağdam rayon polis şöbəsi tərəfindən tərtib edilmiş inzibati protokolla, şahid izahatı və digər sənədlərlə tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı Şəxs əməlini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hall hesab edilir. Ağdam rayon Mərkəzi Xəstəxanasının 297 nömrəli arayışından görünür ki, Şəxs orta dərəcəli sərxoş olmuşdur. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində, yəni inzibati həbs növündə inzibati tənbeh təyin edilməlidir. İş materiallarında olan 23 noyabr 2025-ci il il tarixli № ******* inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 23 noyabr 2025-ci il saat 00:30-da inzibati qaydada tutulmuşdur. Odur ki, həmin müddət nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48, 48-51, 61, 73, 106-114, 128-130, 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1 maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiq edilsin. Həbs etmənin əvvəli 23 noyabr 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Ağdam və Bərdə rayon Polis Şöbələrinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar