Məhkəmə qərarları › İş №3(013)-795/2024

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-795/2024

20.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-795/2024 20.12.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, Şikayət vermiş şəxs X3, Ağdam Raqyon İH-nin nümayəndəsi X1 iştirakı ilə Azərbaycan Respublikası Ağdam RİHB-nin birinci müavini Allahverən Əliyevin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarından verilmiş şikayət üzrə inzibati materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayət ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ağdam RİHB-nin birinci müavini Allahverən Əliyevin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilən şikayət vermiş şəxs X6 ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, Ağdam Rayon Polis Şöbəsinin İTB-nin polis şöbə rəisi Niyazi Əhmədov tərəfindən AR İnzibati Xətalar Məcəlləsinin 359.1-ci maddəsi ilə barəsində xx.xx.2024-cü il tarixdə MN ******* nömrəli protokol tərtib edildiyini, Ağdam RİHB-nin birinci müavini Allahverən Əliyevin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarı ilə AR İnzibati Xətalar Məcəlləsinin 359.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmərək 800 manat məbləğində cərimə olunduğunu, özünün qeyd olunan qərardan yalnız Ağdam rayon İcra Şöbəsinə çağırıldığı zaman xəbər tutduğunu və xx.xx.2024-cü il tarixdə ARİHyə müraciət edərək qərarı götürdüyünü, 44 günlük Vətən Müharibəsi zamanı evinin yaxınlığında olan tikintiyə mərmi düşməsi nəticəsində qismən dağıldığını, bununla bağlı dövlət tərəfindən müharibədən zərər görmüş tikililərin bərpası məqsədi ilə Komitə yaradıldığını və həmin komitənin tərkibində ARİH-nin nümayəndəsinin də olduğunu, qeyd edilən tikilinin Dövlətin və Komitənin köməkliyi ilə təmir edildiyini, dolayısıyla ARİH-nin də razılığı olduğunu, eyni zamanda mərmi düşməsi nəticəsində bir çox tikintilərə zərər dəydiyini və təmir edildiyini, bundan başqa protokol tərtib edilərkən orada olmadığını və izahat vermədiyini bildirərək, şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ağdam Raqyon İH-nin nümayəndəsi X2 şikayətin əsasız olduğunu bildirərək izahatında göstərdi ki, Ağdam rayonu Evoğlu kəndində qeydiyyatda olan və yaşayan X6 tərəfindən Evoğlu kəndi ərazisində icazə sənədi olmadan ticarət məqsədilə obyekt inşa edilmişdir. Həmin obyektin tikintisi 2023-cü ilin dekabr ayında dayandırılmış və X6 bu barədə yazılı izahat verərək icazə sənədi olmadan tikinti işləri aparmayacağını bildirmişdir. Lakin 2024-cü ilin yanvar ayında o, tikinti işlərini davam etdirmişdir. Bu səbəbdən Ağdam rayon Polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi tərəfindən X3 barəsində Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Ağdam rayon İcra Hakimiyyətinə göndərilmişdir. 14 mart 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X6 Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 800 (səkkiz yüz) manat məbləğində cərimə olunmuşdur. Həmin qərar qəbul edildikdən sonra xx.xx.2024-cü il tarixində poçt xidməti vasitəsilə X4 göndərilmişdir və məktub ünvanına çatdırılmışdır. Sorğu əsasında əldə olunmuş Ağdam poçt filialının xx.xx.2024-cü il tarixli, 5/11 nömrəli məktubunda sənədin X4 çatdırıldığı göstərilmişdir. Bundan əlavə X6 tərəfindən Azərbaycan Respublikasının Prezidentinin ünvanına göndərilmiş müraciətdə vətəndaş özü həmin qərarı 2024-cü ilin mart ayının 20-də aldığını göstərmişdir, həmçinin qərarın surətini də müraciətinə əlavə edərək Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına göndərmişdir. X6 barəsində qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərarı vaxtında almış, lakin həmin qərar məcburi icraya Ağdam rayon İcra və probasiya şöbəsinə göndərildikdən sonra şikayət etmişdir. Qeyd olunanları nəzərə alaraq şikayətin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Ağdam RPŞ-nın İTB-nin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarın surətindən görünür ki, X6 Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Ağdam Rayon İH başçısının birinci müavini Allahverən Əliyevin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X6 Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün 800 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 129.1.5-ci maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə belə nəticəyə gəlir ki, şikayət əsasız olduğundan təmin edilməməli, Ağdam Rayon İH başçısının birinci müavini Allahverən Əliyevin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarı dəyişdirilməməlidir. Şərh olunanları əsasən və Azərbaycan Respublikası İXM-nin 128.1, 129.1.5, 134-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Ağdam Rayon İH başçısının birinci müavini Allahverən Əliyevin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarının ləğv edilməsi barədə X3 şikayəti təmin edilməsin. Ağdam Rayon İH başçısının birinci müavini Allahverən Əliyevin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar