Məhkəmə qərarları › İş №3(013)-830/2025

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-830/2025

22.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-830/2025 22.12.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi ilə, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin (VÖEN **********) barəsində Azərbaycan Respublikası İXM-nin 493-cü maddəsi ilə tərtib olunmuş inzibati materiala Ağdam Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsindən baxılması üçün Ağdam rayon Məhkəməsinə göndərilmiş Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə inzibati xəta haqqında material daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinə və barəsində inzibati icraat aparılan şəxs Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakı təmin edilməmişdir. Bu halda məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin və barəsində inzibati icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndələrinin iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etdi. Məhkəmə iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokolu və digər sənədləri araşdıraraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulan xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin 28 noyabr 2025-ci il tarixli № 13000- 01690/25 nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzinin 1-ci şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-33-3200/012/005303 nömrəli raporta əsasən, xx.xx.2025-ci il tarixdə hüquqi şəxs "X2" MMC-nin ünvanına göndərilən mallar xx.xx.2025-ci il tarixdə **********3250 sorğu nömrəli gömrük bəyannaməsi ilə Baş İdarədə rəsmiləşdirilmişdir. **********3250 sorğu nömrəli gömrük bəyannaməsi üzrə idxal edilən "qara metallardan dirəklər" adlı yük xx.xx.2025-ci il tarixdə gömrük sərhədinə gətirilmişdir. Lakin gömrük bəyannamələrinin verilməsinin ganunvericiliklə müəyyənləşdirilmiş müddətinin olduğunu bilmədikləri üçün sözügedən gömrük bəyannaməsini gömrük orqanına gec təqdim etmişlər. Bununla da, Şəxs MMC tərəfindən idxal edilmiş mallara dair gömrük bəyannaməsi Azərbaycan Respublikası Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə gömrük orqanına verilməmişdir. Beləliklə də, Şəxs MMC-nin ünvanına “qara metallardan dirəklər” adlı yükdə daxil olan mallara dair gömrük orqanına verilməli olan gömrük bəyannaməsi Azərbaycan Respublikası Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə gömrük orqanına təqdim edilməmiş və bununla da, Şəxs MMC tərəfindən gömrük bəyannaməsinin təqdim edilməsi müddəti pozulmuşdur. Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 149.3-cü maddəsinə əsasən gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tədbiq edilir. Azərbaycan Respublikası İXM-nin 493-cü maddəsində görə gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə-fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə qanunvericiliyini yuxarıda sadalanan maddələrinə əsaslanaraq hesab edir ki, Şəxs MMC-nin inzibati xətanı törətməsi faktı sübuta yetirilir. Ona görə də Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 493-cü maddəsinin sanksiyası həddində, yəni cərimə növündə inzibati tənbeh təyin edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 18.5, 30-34, 106-115 və 430.4-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs MMC Azərbaycan Respublikası İXM-in 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar