Məhkəmə qərarları › İş №3(013)-902/2025

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-902/2025

24.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-902/2025 24.12.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi, Ağdam Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Qarayev Nurəddin Vəkil oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1979-cü ildə Ağdam rayonunun Xındırıstan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Ağdam rayonu, Xındırıstan kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala Ağdam Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ağdam Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Qarayev Nurəddin Vəkil oğlu tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair tərtib edilmiş inzibati protokolun məzmununa görə Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-2349/2024 saylı icra vərəqəsinə əsasən Şəxs 3740 manat borc və 57.4 manat dövlət rüsumu tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Borclu Şəxs tələbi könüllü icra etməsi üçün bildiriş təqdim edilməklə vaxt verilmiş, lakin bu müddət ərzində icra sənədinin icrası borclu tərəfindən tam təmin edilməmişdir. Borclu Şəxs hazırda 2397.40 manat məbləğində borcu qalmışdır. Borcluya rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədi üzrə qalmış borcu ödəməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icrat aparılan Şəxs vəkil təqdim edilmiş, sonuncu ərizə təqdim edərək vəkildən imtina etmiş və öz hüquqlarını özü müdafiə edəcəyini bildirmişdir. Məhkəmə iclasında dindirilən Ağdam Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Qarayev Nurəddin Vəkil oğlu inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs qeyd edilən icra sənədi üzrə 2397.40 manat borcu yarandığını, hazırda Şəxs həmin məbləğdən 500 manat ödədiyini, qalan məbləğin isə qısa zamanda ödəyəcəyinə söz verdiyini bildirdi və protokolun qanunauyğun həll edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında qeyd edilən icra sənədi üzrə 2397.40 manat borcu yarandığını, borcunu ödəməkdən yayınmadığını, hazırda həmin məbləğdən 500 manat ödədiyini, qalan məbləğin isə qısa zamanda ödəyəcəyinə söz verdiyini bildirdi və qeyd olunanları nəzərə alaraq məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmə tərtib olunmuş protokolun qanuni əsasının, yəni Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiya şərtlərinin mövcudluğuna hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya böyük icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinmayə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin maddənin dispozisiya şərtlərindən də göründüyü kimi, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar böyük icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya böyük icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi ilə şərtləndirilmişdir. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq Şəxs tərəfindən məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsini təqsirli şəkildə yol vermiş olması tələb olunur. Məhkəmə işdə olan sənədləri nəzərdən keçirib, barəsində inzibati iş üzrə icraat aparılan şəxsin və böyük icra məmurunun izahatlarını dinləyib müəyyən etdi ki, Şəxs barəsində olan icra sənədinin icrasından boyun qaçırmamış, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmiş, icra sənədi üzrə yaranmış borcdan 500 manat hissəsini ödəmişdir. Göründüyü kimi işə məhkəmədə baxılarkən Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması təsdiq olunmadı. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda, məhkəmə hesab edir ki, Şəxs barəsində xx.xx.2025-ci il tarixdə tərtib edilmiş MN № ******* saylı inzibati protokol əsasında başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixdə tərtib edilmiş MN № ******* saylı inzibati protokol əsasında başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar