Məhkəmə qərarları › İş №3(014)-1/2025

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-1/2025

18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-1/2025 18.03.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, X1 iclas katibliyi, Zərərçəkmiş şəxs Rizvan oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1982-ci ildə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Ağdaş rayon Polis şöbəsinin X3 Bölməsi tərəfindən 14 noyabr 2024-cü il tarixli, İXP № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək qeyd edilmişdir ki, Şəxs 14 noyabr 2024-cü il tarixdə öz təsərrüfatına məxsus xırdabuynuzlu qoyun heyvanını nəzarətsiz asfalt örtüklü yola buraxmış, həmin qoyunlardan ikisi qəfildən yolda hərəkətdə olan “VAZ-21154 minik” markalı, **-MP-*** dövlət nişanlı avtomobilin yoluna çıxmış, nəticədə avtomobil həmin qoyunları vurmuşdur. Hadisə zamanı “VAZ- 21154 minik” markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, 14 noyabr 2024-cü il tarixdə, saat 09:55 radələrində özünə məxsus xırdabuynuzlu heyvanları (qoyunları) otlaq sahəsinə aparmaq üçün yolun kənarı ilə hərəkət etmişdir. Bu zaman ona məxsus xırdabuynuzlu qoyun heyvanını “VAZ-21154 minik” markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsu öz ehtiyatsızlığından vurmuşdur. Hadisə zamanı hər birinin dəyəri 350 manat olan iki baş xırdabuynuzlu qoyun heyvanları ölmüşdür. Ona məxsus xırdabuynuzlu heyvanları (qoyunları) nəzarətsiz qoymamışdır. “VAZ-21154 minik” markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobilə deyil, əksinə ona 700 (yeddi yüz) manat məbləğində maddi ziyan dəymişdir. Həmin ziyanın ödənilməsini tələb edir. Buna görə də barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Rizvan oğlu izahatında bildirdi ki, “VAZ-21154 minik” markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 14 noyabr 2024-cü il tarixdə, saat 09:55 radələrində hərəkətdə olarkən 2 baş xırdabuynuzlu qoyun heyvanı onun idarə etdiyi avtomobilin qarşısına çıxmışdır. Hadisə nəticəsində avtomobil həmin qoyunları vurmuşdur. Hadisə zamanı ona məxsus “VAZ-21154 minik” markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. Hadisənin qarşısını almağa texniki imkanı olmamışdır. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4, 338.4-1 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 fevral 2025-ci il tarixli, 8/3452 saylı rəyindən görünür ki, məhkəmə tərəfindən təqdim olunmuş məlumatlara əsasən “VAZ-21154 minik” markalı, **- MP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs Rizvan oğlunun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 fevral 2025-ci il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aprılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, 14 noyabr 2024-cü il tarixdə, saat 09:55 radələrində Şəxs məxsus iki baş xırdabuynuzlu qoyun heyvanını Zərərçəkmiş şəxs Rizvan oğlu idarə etdiyi “VAZ-21154 minik” markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurmuşdur. İşin materialları ilə Şəxs həmin hadisədə təqsirli olması öz təsdiqini tapmamışdır. Belə ki, ekspert rəyi ilə də müəyyən edilir ki, Zərərçəkmiş şəxs Rizvan oğluna maddi zərər vurulmasının səbəbi mal-qaranın yolda nəzarətsiz qoyulması deyil, Zərərçəkmiş şəxs hadisənin qarşısını almağa texniki imkanının olmasına baxmayaraq, bunu etməməsidir. Yəni, hətta Şəxs özünə məxsus heyvanları yolda nəzarətsiz qoymuş olsa belə, hadisənin səbəbi heyvanların yolda nəzarətsiz olması olmamışdır. Sürücü Zərərçəkmiş şəxs Rizvan oğlu qanunvericiliyə uyğun olaraq yol şəraitini düzgün qiymətləndirməli və müvafiq təhlükəsizlik tədbirləri görməli idi ki, onun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozması ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Göründüyü kimi hadisə nəticəsində Zərərçəkmiş şəxs Rizvan oğluna maddi ziyan dəysə də, bu ziyanın vurulmasının səbəbi Şəxs təqsirli hərəkətləri deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.1-ci maddəsinə əsasən mal-qaranın yolda nəzarətsiz qoyulmasına görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4, 338.4-1 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1ci bəndinin 3-cü hissəsinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar