Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-10/2023 05.01.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X3 iştirakları ilə xx.xx.1989-cu ildə Ağdaş rayonunun Korarx kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-ci il tarixdə, saat 18:00 radələrində Ağdaş rayon Polis şöbəsinin Növbətçi Hissəsində səs-küy salaraq iş rejimini pozmuş, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən xx.xx.2023-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, aliment borcunu ödəmədiyi üçün barəsində axtarış elan edilmişdir. Bakı şəhəri 41-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılmış və Ağdaş rayon Polis şöbəsinin əməkdaşları tərəfindən Ağdaş RPŞ-yə gətirilmişdir. Ağdaş rayon Polis şöbəsinin Növbətçi Hissəsində əsassız saxlanıldığını bildirərək, buraxılmasını tələb etmişdir. Müharibə zamanı başından aldığı travmalara görə əsəb pozuntusu var. Əsəbi olduğuna görə Ağdaş rayon Polis şöbəsinin Növbətçi Hissəsində polis əməkdaşları ilə yüksək səslə danışmağa başlamış və polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bu zaman polislərlə aralarında mübahisə baş vermişdir. Mübahisə etdiyinə görə əməlindən peşmandır. Ona yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X7 izahatında bildirdi ki, Şəxs xx.xx.2023-ci il tarixdə, saat 18:00 radələrində Ağdaş rayon Polis şöbəsinin Növbətçi Hissəsində səs-küy salaraq iş rejimini pozmuş, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Ağdaş rayon Polis şöbəsinin Növbətçi Hissəsinin növbətçi köməkçisi X2 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində xx.xx.2003-cü il tarixdə saat 00:30-da axtarışda olduğu üçün saxlanılmış Şəxs axtarışın qanunsuz olduğunu, əsassız saxlanıldığını bildirərək, ucadan qışqırıb səs-küy salmışdır. Ağdaş rayon Polis şöbəsinin Növbəti Hissəsinin iş rejimini pozmuşdur. Onu nizam-intizama dəvət etsələr də, o, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında şahid Ağdaş rayon Polis şöbəsinin məsul növbətçisi X5 da X1 izahatında göstərdiklərinə uyğun izahat verdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2023-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi etirafedici izahatı və şahidlərin izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi şəraiti nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İşin materiallarında olan 04 yanvar 2023-ci il tarixli, MN № ******* saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 22:00-da inzibati qaydada tutulmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi nəzərə alınmaqla, həmin məcəllənin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh verilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi nəzərə alınmaqla, həmin Məcəllənin 535.1-ci maddəsində nəzərdə tutulmuş cərimə cəzasının ¾ həddində, yəni 150 (yüz əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-10/2023
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-10/2023
05.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver