Məhkəmə qərarları › İş №3(014)-102/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-102/2021

18.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-102/2021 18.02.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1993-cü ildə Ağdaş rayonunun Kotavan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Ağdaş rayonunun Kotavan kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2021-ci il tarixdə saat 19:20 radələrində ünvan 2ndə yüksək səslə təhqiramiz ifadələr işlətmiş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək bildirdi ki, o, həqiqətən də bir neçə dəfə Daxili İşlər Nazirliyinin “102” xidməti - zəng mərkəzi sisteminə zəng edərək şikayətini bildirmişdir. Onun şikayətlərini araşdırmaq üçün Ağdaş rayon Polis şöbəsinə dəvət edilsə də, o heç bir səbəb olmadan şikayətlərinin araşdırılması üçün Ağdaş rayon Polis şöbəsinə yaxınlaşmamışdır. Bununla bağlı dəfələrlə polis əməkdaşları araşdırma aparmaq istəsələr də, o, hər dəfə fərqli ünvanlarda olduğunu bildirərək polis əməkdaşlarını aldatmış və qəsdən polis əməkdaşlarına yalandan başqa-başqa ünvanlarda olduğunu demiş və hər dəfə polis əməkdaşları onun bildirdiyi ünvanlara getdikdə Şəxs orada olmamışdır. Polis əməkdaşları onun qeyri-ciddi şikayətlər etməsinin səbəblərini aydınlaşdırmaq və Ağdaş rayon Polis şöbəsinə dəvət etmək üçün onun yaşadığı ünvana gəlsələr də, o, polis əməkdaşlarını təhqir etmiş və onların qanuni tələblərinə tabe olmamışdır. Əməlindən peşmandır. Gələcəkdə bir daha belə hərəkətlər etməyəcəyini bildirərək, məhkəmədən ona daha yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X2 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs bir neçə dəfə Daxili İşlər Nazirliyinin “102” xidməti - zəng mərkəzi sisteminə zəng edərək şikayətini bildirmişdir. Müvafiq şikayət ərazi aidiyyəti üzrə icra olunması üçün Ağdaş rayon Polis şöbəsinə həvalə edilmişdir. Bununla bağlı dəfələrlə polis əməkdaşları araşdırma aparmaq istəsələr də, Şəxs məlum olmayan səbəblərdən hər dəfə fərqli ünvanlarda olduğunu bildirərək polis əməkdaşlarını aldatmış və onun bildirdiyi ünvanlara getdikdə Şəxs orada olmamışdır. Belə qərəzli hərəkətlər nəticəsində polisin iş rejimi pozulmuş və onun şikayətlərini araşdırmaq mümkün olmamışdır. Həmçinin polis orqanlarına dəfələrlə qeyri-ciddi şikayətlər etməsinin səbəblərini aydınlaşdırmaq və Ağdaş rayon Polis şöbəsinə dəvət etmək üçün onun yaşadığı ünvana gedilmiş, orada Şəxs polis əməkdaşlarını təhqir etmiş və onların qanuni tələblərinə tabe olmayaraq izahatının alınması üçün Ağdaş rayon Polis şöbəsinə gəlməkdən imtina etmişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri üzrə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X3 məhkəməyə verdiyi izahatında bildirdi ki, xx.xx.2021-ci il tarixdə şöbənin əməliyyat-istintaq qrupunda olmuşdur. Həmin tarixdə ünvan 2 ünvanında kirayə yaşayan Ağdaş rayon sakini Şəxs Daxili İşlər Nazirliyinin “102” xidməti - zəng mərkəzi sisteminə zəng edərək intihar edəcəyi barədə məlumat vermişdir. Əməliyyat-istintaq qrupu göstərilən ünvana getmiş, Mölud Məmmədli ilə telefon əlaqəsi saxlanıldıqda, о, başqa yerdə olmasını bildirərək ərizə verməkdən imtina etdiyini bildirmişdir. Əməliyyat-istintaq qrupu hadisə yerindən qayıdarkən Mölud Məmmədlinin yenidən Daxili İşlər Nazirliyinin “102” xidməti - zəng mərkəzi sisteminə zəng edib polisin onun şikayətinə baxmadığı üçün intihar edəcəyi barədə yenidən məlumat verməsi müəyyən olunmuşdur. Yenidən Mölud Məmmədlinin ünvanına gedilmişdir. О, yenə evdə olmadığını, Zeynəddin kəndində olmasını və polisin ora gəlməsini demişdir. Əməliyyat-istintaq qrupunun üzvləri – o, Mehman Paşayev və Vüsal Əzənmədov onun dediyi ünvana getmək istəyəndə onun arvadı Elşanə adlı şəxs evdən çıxıb Möludun evdə olmasını bildirmişdir. Onlar da həmin ünvana daxil olduqda Mölud adlı şəxs onları təhqiramiz ifadelerlə təhqir etməyə başlamışdır. Ona müraciəti əsasında ərizə almağa gəldikləri bildirilsə də, Mölud heç bir izahat və ya ərizə yazmayacağını deyərək, yənə polis əməkdaşlarını təhqir etməyə davam etmişdir. Şəxs tərəflərindən nizam-intizama dəvət edilsə də, о buna məhəl qoymamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin xətaya görə də inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi etirafedici izahatı və şahid ifadəsi ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Buna görə də Şəxs onun barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi şəraiti nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə şəxsin əməlini etiraf etməsini, əməlindən peşman olmasını yüngülləşdirən hallar kimi nəzərə alır. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və yaşını nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2021-ci il tarixindən, saat 16:20-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar