Məhkəmə qərarları › İş №3(014)-110/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-110/2021

25.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-110/2021 25.02.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1999-cu ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2021-ci il tarixdə, saat 13:00 radələrində Ağdaş RMX-də işçilərin yanında Zərərçəkmiş şəxs kobud ifadələr işlədərək onu təhqir etmiş, ictimai qaydanı pozmuşdur. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək bildirdi ki, o, Ağdaş Rayon Mərkəzi xəstəxanasında tibb bacısı işləyir. xx.xx.2021-ci il tarixdə, saat təxminən 13:00 radələrində sonradan adının Eldəniz olduğunu bildiyi bir nəfər şəxs sənədləri təqdim etdikdən sonra arayış almaq üçün qızı ilə birlikdə otaqda gözlədi. 1-2 dəqiqə sonra həmin şəxs ona “niyə sənədlərlə məşğul olmursunuz, hərəniz bir işlə məşğulsunuz” söylədi. O isə internetin zəif olduğunu, ona görə də gözləməli olduğunu bildirmiş, bu vaxt Zərərçəkmiş şəxs kobudcasına “guya görmürəm ki, işləmirsən” demişdir. Bu zaman ona “sənədləri kompüter vasitəsilə hazırlayırıq, mənlik bir şey yoxdur” söyləmişdir. O yenə də narazı şəkildə “kimdir bunların şöbə rəisi” və sair bu tipli sözlər deyərək otaqdan çıxmışdır. Yanında olan qızı isə atası qardaşı şəhid olduqdan sonra psixoloji vəziyyətində problemlər olduğunu, atasının sözlərinə fikir verməməyini bildirmişdir. Bundan sonra şöbə müdiri də ona sənədlərin kompüterdə hazırlandığını, onların edə biləcəyi bir işin olmadığını və biraz gözləməli olduğunu ona demişdir. Həmin vaxt sənədlər artıq hazır edilərək Zərərçəkmiş şəxs təhvil verilmişdir. Sənədləri götürüb getdikdən 5 dəqiqə sonra, o, arvadı ilə otağa daxil olmuşdur. Arvadı yüksək səs tonu ilə onu təhqir edib, üstünə gəlməyə başlamışdır. Bu zaman mühafizə işçiləri onları sakitləşdirib otaqdan çıxartdılar. Aralarında baş verən mubahisə zamanı onları təhqir etməmiş, ancaq onların iş yoldaşları və digər vətəndaşların yanında onu söyüb təhqir etmələrinə baxmayaraq, şəhid ailəsi olduğu üçün onlardan şikayəti olmayıb. Hadisə vaxtı əsəbi və emosional olmuşdur. Əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, xx.xx.2021-ci il tarixdə o, qızına arayış almaq məqsədi ilə Ağdaş şəhərində yerləşən köhnə xəstəxanaya gedərək orada sənədlərini tanımadığı bir nəfər işçiyə təqdim etmişdir. Bir müddət gözlədikdən sonra onların sənədlərlə məşğul olmadığını görmüş və onlara şəhid atası olduğunu deyərək sənədləri hazır etmələrini xahiş etmişdir. Bu zaman orada arayışı hazırlayan, adının sonradan Ayşə olduğunu bildiyi işçi ona digər işçilərin yanında yüksək səs tonu ilə “korsan, görmürsən edirəm get gözünə eynək tax” söyləmiş və mübahisə yaranmışdır. Sonra isə sənədləri kənara tullayaraq “ümumiyyətlə, etmirəm” söyləmişdir. Buna görə də Ağdaş rayon Polis şöbəsinə yaxınlaşıb bununla bağlı ərizə vermişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi Kərimov Sırac Şahmurad oğlu izahatında bildirdi ki, Şəxs xx.xx.2021-ci il tarixdə, saat 13:00 radələrində Ağdaş RMX-də işçilərin yanında Zərərçəkmiş şəxs kobud ifadələr işlədərək onu təhqir etmiş, ictimai qaydanı pozmuşdur. Buna görə də hadisə araşdırılaraq Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi etirafedici izahatı və zərərçəkmiş şəxsin izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə şəxsin əməlini etiraf etməsini, əməlindən peşman olmasını nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinsin və ona 100 (yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar